Kitab oxuyanlar... ARAŞDIRMA

Kitab oxuyanlar... ARAŞDIRMA

Kitab cəmiyyətin, şəxsiyyətin formalaşmasında, mədəniyyətin inkişafında mühüm rola malikdir. Kitabların insanlara verdiyi töhfələr onun satış qiymətindən qat-qat üstündür.

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin sözlərinə görə, uzun fasilədən sonra mütaliənin toplumumuz üçün özünü bərpa etməsi çox əhəmiyyətli bir təzahürdür:
"Ötən əsrin 90-cı illərində post-sovet məkanında, o cümlədən, Azərbaycanda mütaliə fəaliyyəti doğurdan da zəiflədi. Bunun obyektiv səbəbləri var idi. Cəmiyyətdə gedən qeyri-müəyyən, təlatümlü ictimai-siyasi proseslərlə bağlı idi. Köhnə dağılırdı, yeni cəmiyyətin hansı formada qurulacağı hələ bəlli deyildi. Bir növ hər kəs- mütaliəyə bağlı olan da, olmayan da yeni ictimai-siyasi proseslərdə hələ öz mövqeyini tam şəkildə müəyyənləşdirə bilməmişdi və təbii ki, perspektivə də, həyata da, reallığa da, yaratıcılığa da baxışlar fərqli idi.
Ancaq 90-cı illərin ortalarından və xüsusilə də bu əsrin əvvəllərindən başlayaraq post-sovet ölkələrində, o cümlədən, Azərbaycanda da ictimai-siyasi sistem tədricən müəyyənləşməyə başladı və belə şəraitdə mütaliə fəaliyyəti yenidən yavaş-yavaş bərpa olunmağa başladı. Ancaq bu bərpa prosesi zəif gedirdi. Bu da onunla bağlı idi ki, ən müasir texnologiyalar və yeni informasiya sistemləri insanlar üçün daha çox cəlbedici olmağa başlamışdı. Əgər əvvəllər insanlar daha çox mütaliəyə meyl göstərirdilərsə, yeni şəraitdə müasir texnologiyalar və cari informasiyaların alınması insanları daha çox məşğul etməyə başlamışdı. Yəni insanlar daha çox müasir elektron cihazlar və onların vasitəsilə cari informasiyaların alınmasına daha çox aludə olmağa başlayırdılar. Buna görə də XXI əsrin əvvəllərindən başlayaraq hər yerdə, o cümlədən, Azərbaycanda mütaliə fəaliyyətinin bərpası üçün müəyyən şərait açılsa da, dediyim amillərin təsiri üzündən bu proses tam şəkildə sürət götürə bilmədi.
Təxminən 2010-cu illərdən sonra mütaliə fəaliyyətinin bərpasında biz yeni bir mərhələni müşahidə etməyə başladıq. Bu da müasir, sürətli informasiyaların və müasir informasiya texnologiyalarının bu və digər səbəblərdən insanlar üçün darıxdırıcı olması və hətta müəyyən mənada fiziki olaraq ziyan verməyə başlaması ilə bağlı idi. İnsanlar görürdülər ki, sürətli informasiyaların içində həqiqətlər itib-batır. Bəzən sürətli informasiyaların və müasir texnologiyaların içində isə insan müəyyən qədər sağlamlığını da itirə bilir. Belə şəraitdə insanların klassik formada kitablar vasitəsilə mütaliə marağı yenidən yüksəlməyə başladı.
Mənim müşahidələrimə görə, indiki şəraitdə insanların mütaliəyə marağı iki istiqamətdə özünü göstəri: 1) klassik ədəbiyyatlar vasitəsilə mütaliəyə meyl 2) müasir informasiya elektron cihazların köməyilə internet məkanında mütaliəyə meyl. Bunların hər birinin öz üstünlükləri var və insanlar hansından daha çox istifadə məsələsini sərbəst şəkildə müəyyənləşdirirlər. İnsanların mövzü seçimi də müxtəlifdir. Kimisi lirik, romantik janra maraqlıdır, kimisi tarixi romançılığa maraqlıdır. Kimisi də sadəcə olaraq dəqiq elmlər, təbiət elmləri sahəsində və tarix elmi üzrə boş vaxtlarında mütaliə etməyə maraqlıdır. Yəni mütaliə təkcə bədii ədəbiyyat sahəsilə məhdudlaşmır. Mənim dediyim 90-cı illərdə hətta alimlər də mütaliədən qalmışdı. Nəinki bədii ədəbiyyat oxumurdular, böyük əksəriyyət hətta özünün sahəsinə olan kənar ədəbiyyatları da oxumaqda o qədər maraqlı deyildi. Bu da dediyim kimi cəmiyyətdə gedən təlatümlü proseslər və insanların gələcəyə ümidlərinin, baxışlarının hələ konkret olmaması ilə bağlı idi.
Bu gün cəmiyyətdə həqiqətən mütaliəyə yüksələn bir meyl hiss olunur və bu da dediyim kimi bir cəmiyyətdə ictimai-siyasi proseslərin nisbətən strukturlaşması ilə bağlıdır. Hər kəs artıq öz yolunu, yönünü müəyyənləşdirib. Həm də bu insana mütaliənin onun üçün nə qədər əhəmiyyətli olduğunu göstərməyə başlayıb. Məşhur adamlardan birinin belə bir sözü var: "Kitab var ki, adam onun dadına baxır. Amma kitab var ki, su kimi içirsən".
Xüsusilə 90-cı illərdən başlayaraq mən bədii yaradıcılıq sahəsində insanların kütləvi meylini çəkən o qədər də əsər görmədim. Düzdür, bizim müasir yazıçılarımızın dəyərli romanları, əsərləri var. Amma razılaşaq ki, bunlar sayca o qədər də böyük olmadı və cəmiyyətimizin bədii ədəbiyyat, şeir sahəsində mütaliyə marağın zəifləməsinin müəyyən səbəbləri də bununla bağlı idi. Klassik ədəbi yaradıcılıq nümunələri ilə müqayisədə 90-cı illərdən sonra ortaya o qədər də böyük sayda sanballı bədii yaradıcılıq nümunələri çıxmadı. Olsa da bunlar az sayda idi və sözsüz ki, insanların bədii ədəbiyyat sahəsində mütaliəçiliyə meylinin zəifləməsinə səbəb olmuşdu. Ona görə də, insanlar müəyyən bir dövr mütaliəyyə marağını bərpa edəndə daha çox klassik ədəbiyyat nümunələrinə müraciət etməyə başlamışdılar. Amma son vaxtlar xüsusilə müasir romançılıq sahəsində qiymətli nümunələr özünü göstərməyə başlayır ki, bu da çox yaxşı bir haldır.
Mütaliə fəaliyyəti insanın dünyagörüşünü artırır, insanı daxilən zənginləşdirir, nitqini formalaşdırır. Mütaliəyə marağı olmayan adam mənə elə gəlir ki, içində həmişə bir zülmət görür, həm də o zülmətin içində hara gedəcəyini bilmir. Amma mütaliə təbii ki, insanın davranışlarını formalaşdırır, həm də içinə bir işıq, ziya salır. Ona görə də mütaliəyə marağın bərpa olunması çox yaxşı bir ictimai proses, təzahürdür.
Sənətindən, peşəsindən asılı olmayaraq, hər bir kəsin bədii yaradıcılıq nümunələrinə münasibətdə mütaliəsinin genişlənməsi çox təqdirəlayiq bir haldır. Bir sözlə, mütaliənin uzun fasilədən sonra bizim toplumumuz üçün özünü bərpa etməsi və yenidən göstərməsi çox əhəmiyyətli bir təzahürdür".

"Libraff" kitab mağazaları şəbəkəsinin ictimai əlaqələr şöbəsinin nümayəndəsi, kitab blogeri Sərxan Rüstəmov bildirir ki, kitab oxumaqla bağlı yaradılan neqativ ab-hava heç də real deyil. İnsanlar kifayət qədər kitab oxuyur və bu şəxslərin arasında gənclər üstünlük təşkil edir:
"Son zamanlar kitab oxuyanların sayının artması ilə bağlı real statistika olmadığı üçün bir şey demək mümkün deyil. Amma ümumilikdə mənzərə yaxşıdır deyə bilərik. Yəni, heç də bəzən tənqid olunan və neqativ ab-hava yaradıldığı kimi deyil. "Kitab oxuyanların sayı azalıb", "gənclər kitab oxumur" və s. fikirlərlə razı deyiləm. Kitab oxuyanların sayı kifayət qədərdir və bunların içində gənclər çoxluq təşkil edir. Xüsusən də, kitab oxuyanların deməzdim də, kitab alanların sayında gənclər üstünlük təşkil edir. Onlar artıq öz büdcələrindən kitaba pul ayıra bilirlər və düşünürəm ki, bu böyük bir şeydir.
Əslində biz bəzən sosial şəbəkələrin insanları kitablardan uzaq saldığını düşünsək də, sosial şəbəkələrin insanları kitab oxumağa təşviq etdiyi yanları da var. Çünki insanlar kitab oxuyurlar və oxuduqları kitablar haqqında paylaşımlar edirlər, videolar çəkirlər və ya ümumiyyətlə sosial şəbəkəni izləyəndə görürlər ki, kimsə karyerada irəliləyir və bunda oxuduğu kitabların, mütaliənin payı var. Düşünürəm ki, bu tip platformaların kitab oxumağın populyarlaşmasına təsiri var. Təbii ki, televiziya verilişlərinin sayı çox olsa, bu daha da arta bilər. Amma hazırda televiziyada sırf kitabla bağlı verilişlərin sayı çox azdır və ya yox dərəcəsindədir deyə bilərik. Amma sosial şəbəkələr bu mənada xüsusən gənclərin kitaba olan marağının artmasına təsir edə bilir".
Bəs görəsən mütaliəyə, kitaba marağın artmasının ƏDV-nin ləğvi ilə əlaqəsi varmı? ƏDV-nin ləğvindən sonra kitablarda ucuzlaşma müşahidə olunurmu? Azərbaycan oxucusu əsasən hansı janrda kitablara üstünlük verir?

Sərxan Rəhimov deyir ki, kağızın qiymətində bahalaşma müşahidə olunduğuna görə, ƏDV-nin ləğvi onun qiymətinə o qədər də təsir göstərməyib:
"ƏDV-nin ləğvi məsələsi keçən ildən müzakirə olunurdu və keçən ilin sonunda artıq bu haqda qərar qəbul olundu. Amma bunun tətbiqi və kitablara şamil olunması 2022-ci ilin mart-aprel aylarında reallaşdı. Lakin bu kitabların qiymətini birbaşa ucuzlaşdırmadı. Çünki bununla paralel şəkildə dünyada baş verən hadisələrlə bağlı kağızın qiyməti kəskin şəkildə artdı və bildiyiniz kimi Azərbaycanda da kağız kənardan alındığına görə, bir növ bu kağızın qiymətinə ƏDV-nin ləğv olunması, ümumi konpensasiya təsir edir. Hətta deyərdim ki, ƏDV 18% idisə, kağızın qiyməti bir neçə qat və faiz artdığına görə orda ciddi bir ucuzlaşmadan söhbət gedəcəyinə inanmıram. Hər halda bunun müəyyən qədər təsiri də olacaq. Amma biz bunu yaxın bir neçə aydan və ya ildən sonra hiss edə biləcəyik.
Xarici dillərdə alınan kitabların qiymətinə gəldikdə isə, xaricdə kağızın qiyməti bahalaşdığına görə Türkiyə, Rusiya kimi yaxın dövlətlərdə də kitabların qiyməti bahalaşıb. Ona görə də onlar ölkəyə gələndə kitabda ciddi bir ucuzlaşma olacağını düşünmürəm.
Ümumiyyətlə kitabların qiymətinin birbaşa ucuzlaşması oxucu sayının həddindən artıq artması zamanı müşahidə oluna bilər. Çünki çox təəssüflər olsun ki, nəşriyyatlar və naşirlər kitabları minimal sayda, 1000-2000, maksimum 3000 tirajla nəşr edirlər. Kitabların tirajları az olduğu zaman onun birinin qiyməti daha baha başa gəlir. Amma naşir əmin olsa ki, bu kitabdan il ərzində 10000-20000 sata biləcək, o zaman o daha çox sayda nüsxə nəşr edər və onun birinin qiyməti daha ucuz olar. Kitab belə hallarda ucuzlaşır. Xarici dildə olan kitablara baxsaq, arxasında qeyd olunubsa, 10000, 20000, 30000 tirajla çap olunur ki, bu da onun daha ucuza başa gəlməsinə səbəb olur.
Ən çox oxunan kitab janrları üçün top 10 düşünsək, görərik ki, burda əsasən detektiv, şəxsi inkişaf və biznes və dünya klassikləri üstünlük təşkil edir".

"Qədim Qala" Nəşriyyatının icraçı direktoru Şöhlət İxtiyaroğlu isə bildirir ki, ƏDV-nin ləğvindən sonra nəinki kitab ucuzlaşıb, əksinə qiymətlərdə artım müşahidə olunur:
"Son dövrlər kitaba marağın artmasına səbəb kimi Azərbaycanda yeni nəşriyyatların təhsis olunmasını, əvvəlki illlərə nisbətdə daha keyfiyyətli kitabların çap olunmasını, son 2 ildə Azərbaycanda xeyli sayda kitab sərgilərinin keçirilməsini, bu sərgilərdə yazıcı-naşir, oxucu görüşlərinin olmasını və s. göstərmək olar. Düşünürəm ki, kitablar oxucular üçün daha əlçatan oldu.
Qeyd edim ki, 2021-ci ildə Mədəniyyət Nazirliyinin 3 günlük beynəlxalq kitab sərgisi, Azərbaycan Nəşriyyatlar Assosiasiyasının həyata keçirdiyi xeyli sayda sərgilər oldu. Daha sonra milli kitab sərgisi həyata keçirildi və onda kifayət qədər kitab sərgiləri oldu.
Düşünürəm ki, son bir neçə ildə daha çox kitab sərgilərinin həyata keçirilməsi bir başa kitabların oxucuya çatdırılması, oxucular üçün kitabın əlçatan olması və xüsusən də kitab sərgilərində kitabların daha endirimli olması hər kəsin kitab ala bilməsinə səbəb oldu. Qeyd edim ki, "Qədim Qala" nəşriyyatı olaraq biz də təhsis olduğumuz, fəaliyyətə başladığımız gündən dayanmadan, yorulmadan fəaliyyət göstəririk və bir-birindən dəyərli kitablar nəşr edir, ölkənin bütün yaşayış məntəqələrinə kitablarımızı göndərir və oxucularımıza kitabları çatdırırıq.
ƏDV-nin götürülməsinə baxmayaraq, əksinə, əvvəlki illərə nisbətdə kitabların qiymətində bahalaşma olub. Buna da səbəb dünya bazarında kağızın qiymətinin əvvəlki illərə nisbətdə daha baha olmasıdır.
Azərbaycan oxucusu daha çox hansı janrda kitablar oxuyur sualına gəlincə isə, mən deyərdim ki, daha çox macəra, fantastik, turistik, dedektiv və psixoloji kitablara daha çox üstünlük verilir".

Röyalə Xəyal