ÇOX ACI BIR XƏBƏR...
Avqustun 9-da Azərbaycanın kino və dəzgah rəngkarlığının tanınmış nümayəndəsi, Əməkdar rəssam Arif Məhərrəmov dünyasını dəyişmişdir.
A.Məhərrəmov 5 avqust 1948-ci ildə Azərbaycanın ulu məkanlarından olan Göyçə mahalında dünyaya göz açmışdır. Ailəsi ilə Bakıya köçən Arif Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini və Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra, 23 yaşındaykən Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kino və televiziya rəssamlığı fakültəsinə daxil olur. Bu dövrdən başlayaraq o, sərgilərdə də iştirak etməyə başlayır. Ailə həyatı qurduqdan sonra Arif Riqaya köçür və yaradıcılığını Latviyada davam etdirir. Burada o, silsilə qrafika və rəngkarlıq tabloları yaradır və sərgilərdə fəal iştirak edir. Xaricdə yaşamağına baxmayaraq, Arif heç bir zaman Azərbaycanla əlaqəsini kəsmir. Latviyada yaratdığı əsərlərində o, doğma torpağının tarixi, qaçqınlıq həyatı yaşayan xalqının və işğala məruz qalmış vətəninin ağrı-acısını yaradıcılığında əks etdirərək Azərbaycan həqiqələtlərini davamlı olaraq yayır. Latviyanın mədəni həyatında fəal iştirakına görə A.Məhərrəmov istisna hal olaraq ölkə prezidenti tərəfindən Latviya vətəndaşlığına layiq görülür.
2000-ci illərdə Arif yaradıcılığını İstanbulda davam etdirir. Harada yaşamasından asılı olmayaraq bir rəssam kimi o, çox məhsuladar idi. 2005-ci ildə Arif həmişəlik Azərbaycana qayıdır. Bakıda həm kino-multiplikasiya sahəsində, həm də dəzgah rəngkarlığı sahəsində əsərlər yaradır. Arifin animasiya filmləri bir çox beynəlxalq mükafatlara layiq görülmüşdür. Rəngkarlıq tabloları Riqada və Bakıda dövlət və şəxsi kolleksiyalarda saxlanılır və nümayiş etdirilir. Arif Məhərrəmov 1982-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul edilir, 2000-ci ildə isə Azərbaycanın Əməkdar rəssamı adına layiq görülür.
Arifin gedişi hamımızı çox sarsıtdı. O, gözəl insan və gözəl dost idi. Sənətkarın əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Bakı İncəsənət Mərkəzi adından onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!