Kəndlər niyə boşalır, Bakıya kütləvi axının səbəbləri nədir? - Açıqlama

Kəndlər niyə boşalır, Bakıya kütləvi axının səbəbləri nədir? - Açıqlama

Zaman-zaman şəhərə axın edən insanlarla bağlı məsələ müzakirə obyekti olub. Ötən günlərdə isə akrtisa Sonaxanım Əliyeva Bakıya axın edən gənclərin çoxaldığını, bu səbəbdən də artıq şəhərdə nəfəs ala bilmədiyini vurğulamışdı:

“Gənc ailələrdən kimisi həyat yoldaşını, kimisi ərini, üstəlik uşaqlarını da atır və birbaşa Bakıya üz tutur. Heç bir işi, peşəsi də yoxdur. Üstəlik, burada heç bir qohum-əqrəbası da yaşamır. Deyir, elə "Salam-Əleykum, mən Bakıda qalmaq istəyirəm".

Onun bu fikirləri isə sosial şəbəkələrdə ciddi səs-küyə səbəb olub.

Bununla bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı aktrisanın üslub formasının yanlış olduğunu, amma əslində reallığı ifadə etdiyini bildirib:

“Bölgələrdə işsiz-gücsüz olan gənclərin hamısı Bakıdadır. Niyə işsizdirlər? Əsas müzakirə edilməli məsələ budur. Onların işləri olsaydı, təbii ki, Bakıya axın etməzdilər – kirayədə çox pis şəraitdə yaşamazdılar, qarın toxluğuna işləməzdilər. Bakıya köçən gənclərin guya hamısı yaxşı vəzifədə işləyir? Əksinə, yalnız günlük ehtiyaclarını ödəmək üçün günəmuzd işlərdə çalışırlar. Nə gələcəyinə görə pul kənara qoya bilir, nə özünə mülk ala bilir, heç nə. Gənclər Bakıya niyə hücum edir? Əksəriyyətin pay torpağı var, amma görək, əkib becərmək mümkündürmü? Olmur. Ya su, ya dərman, toxum ya da məhsuldarlıq kimi problemlər ortaya çıxır. Tutaq ki, 100 manat qoyub əkinlə məşğul olursan, amma sonda ya 100 manatlıq qazancın qalır, ya da ümumiyyətlə zərərlə çıxırsan. Günə hesablayanda heç qəpik-quruş da düşmür. Kəndlilərin yarmarkalara girişi məhdudlaşdırılıb, demək olar ki, qadağandır. Bu kimi vəziyyətlərdə təbii ki, gənclər əkib becərməyə maraqlı olmayacaqlar”.

Müsahibimiz qeyd edib ki, bölgələrdə fabrik, zavod da azdır:

“Kiçik sahibkar sexlərində də nə qədər adam işləyə bilər? 10-15 nəfər. Rayonlar qazanc üçün imkanlar olsa ,gənclər heç Bakıya gəlməyin marağında da olmaz. Əgər əyləncə üçün şəhərə axın edildiyi düşünülürsə, fikrimcə, rayon mərkəzlərində də kifayət qədər şərait, məkan mövcuddur”.

Günay Rəsulqızı