Qadınlar iddialı ünsiyyət üsullarından necə səmərəli istifadə edə bilərlər?

Qadınlar iddialı ünsiyyət üsullarından necə səmərəli istifadə edə bilərlər?

“Sizi narahat etdiyim üçün üzr istəyirəm, amma…” – deyə elektron məktuba başladığınız olubmu? Ya da küçədə başqası səhv edib sizinlə toqquşsa da, üzr istəmisinizmi?

Qadın olaraq, həddindən artıq üzr istəmək və ya nəyisə açıq şəkildə ifadə etmək bizim üçün təsadüfi vəziyyət deyil. Bəs, bunun üzərimizdəki təsiri nədir?

Qırx ildən artıq müddət ərzində iddialı ünsiyyət üsulları üzərində çalışan psixoloq və yazıçı Anne Dickson BBC Radiosunda yayımlanan “Qadın saatı” proqramında iddialı ünsiyyətin nə üçün vacib olmasından danışıb və ona necə yiyələnməklə bağlı məsləhətlərini bölüşüb.

İddialı ünsiyyət niyə önəmlidir?

Dickson iddialı ünsiyyətin “açıq və birbaşa ünsiyyət” olduğunu söyləyir. “Onun aqressiv olmaması vacibdir” – deyir və əlavə edir:

“Bu, daha çox bərabərhüquqlu davranmaqdır. Yəni, başqasını sıxışdırmaq, xor baxmaq və ya alçaltmaqdan söhbət gedə bilməz. Ancaq başqasının ehtiyaclarına öz ehtiyaclarınızla bərabərhüquqlu yanaşırsınız. Bu, nə istədiyinizə dair üzərinizə məsuliyyət götürmək və bu barədə dəqiq olmaq deməkdir.”

“Məsələn, deyək ki, kariyerasının zirvəsində olan bir qadın var. Bəlkə də, bir həkimdir və özünə çox güvənir, çox uğurludur. Amma bir kişi həmkarı ilə qarşılaşdıqda özünü inamsız hiss edə bilər.”

“Niyə? Ona görə ki, kişi zirvədə olmaq haqqı ilə bağlı heç vaxt şübhə duymayacaq, çünki arxasında yüz illərdir davam edən bir ənənə dayanır.”

“Belə vəziyyətlərin öhdəsindən necə gələcəyini bilmək qadınlara güc verən şeylərdən biridir. Necə fərqli danışa bilərəm? Necə güclü ola bilərəm? Hadisələrə necə fərqli yanaşa bilərəm?”

Anne Dickson-un iddialı ünsiyyətdə püxtələşmək üçün tövsiyə etdiyi beş üsul isə belədir:

1. Düşünmək üçün özünüzə yer açın

Dickson deyir: “Bizdən nəsə tələb olunduqda qətiyyətli şəkildə “xeyr” deməkdə, adətən, çətinlik çəkirik”. Qeyri-müəyyən bir şey mızıldanmaq və ya etmək istəmədiyiniz bir şeyi qəbul etmək və sonra bir bəhanə tapmaq əvəzinə, özünüzə vaxt verin.”

“Bir məsələ soruşulduqda hər hansı tərəddüdü hiss etsəniz, açıq şəkildə bunu deyin: “Əmin deyiləm. Bunu düşünmək üçün bir saat, bir gün, ya da bir həftə istəyirəm. Beləcə, o anın təzyiqindən uzaq bir halda qərar vermək şansınız olar.”

2. Hisslərinizi qəbul edin

“Özünüzü senzura etmədən bir emosiyanı (qayğı, narahatlıq, qəzəb, inciklik) müəyyən etməyə və ona cavab verməyə çalışın. Duyğularınızı olduğu kimi qəbul etmək səmərəli ünsiyyət üçün ilk vacib addımdır, çünki heç nə hiss etmirmiş kimi davranmaq istəklərinizi zəiflədəcək və təhrif edəcək. Daha sonra hisslərinizi sözlərlə ifadə etməyi öyrənə bilərsiniz.”

3. Beyninizin dediyinə qulaq asın

“Əgər intuisiyanız sizə bir insana və ya vəziyyətə etibar edə bilməyəcəyinizi söyləyirsə, bu, sizin reallığınızdır. Özünüzə məntiqli olmağı təlqin etmək və ya gerçək olmasını arzuladığınız fantaziyaya sarılmaqdansa, daxili səsinizə etibar edin.”

4. Hər zaman sevilməyə çalışmayın

“Ətrafımız tərəfindən təsdiqlənmə ehtiyacı nüfuzumuzu zəiflədir. Özünüzə hörməti qoruyaraq bu cəhdinizə son qoymaq başqalarının da sizə hörmət etməsinə səbəb olacaq. Və bu, hər zaman bəyənilməkdən daha yaxşıdır.”

“Təzyiqlərə şərait yaratmadan nüfuzunuzdan istifadə etmək üçün təcrübə qazanın. Qərarları açıq şəkildə bildirdiyiniz, göstərişlər verdiyiniz və ya tənqid etdiyiniz zaman bərabərlik öhdəliyi mövqeyinizə qarşınızdakı şəxsin öz reaksiyasını ifadə etməsi üçün şərait yaratmaq deməkdir.”

5. Qarşınızdakı şəxsin diqqətini tam cəlb edənə qədər gözləyin

“Heç vaxt kimsə ekrana baxarkən, telefonla danışarkən, nəsə oxuyarkən, başqası ilə danışarkən, yəni tamamilə sizə diqqət yetirmədiyi zaman söhbətə başlamayın.”

“Bu, məşq tələb edir və gözləyərkən özünüzü qəribə hiss edə bilərsiniz. Ancaq kiminsə diqqəti başqa yerdə olarkən danışmağa başlasanız, bu, dediklərinizin əhəmiyyətli olmadığına dair incə bir mesaj verir.”