Hollivud aktrisası Enn Heçe komaya düşüb

Hollivud aktrisası Enn Heçe komaya düşüb

Avtomobil qəzasına düşərək ağır yanıq xəsarətləri alan məşhur Hollivud aktrisası Enn Heçenin vəziyyəti kirtik ağır olaraq qalır.

AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, həkimlərin sözlərinə görə, koma vəziyyətində olan aktrisanın sağ qalmaq şansı çox azdır: “Onun avtomobil qəzası nəticəsində aldığı xəsarətlər çox ağır olub və bu səbəbdən də aktrisanın bu vəziyyətdən çıxa biləcəyi sual altındadır”,- deyə həkimlər bildirib.

“Təəssüf ki, qəzaya görə Enn Xeçe ağır kəllə-beyin travması alaraq komaya düşüb. Biz onun sağalması üçün dua edən hər kəsə, həmçinin West Hills xəstəxanasındakı Qrossman yanıq mərkəzində Ennə qayğı göstərən bütün tibb personalına xüsusi təşəkkür edirik. O, çoxdan orqanlarını ehtiyacı olanlara bağışlamaq qərarına gəlib. Enn Heçe böyük ürəyə sahibdir və səxavəti ilə qarşılaşdığı hər kəsi ilhamlandırırdı. İstedadlı aktrisa olmaqla yanaşı o, həyatın mənasını xeyirxahlıq və sevinc yaymaqda görürdü. O, cəsarəti, dürüstlüyü ilə yadda qalacaq və biz onun işığı üçün çox darıxacağıq”,- deyə aktrisanın köməkçisi qeyd edib.

Xatırladaq ki, qəza ötən həftə Los-Ancelesin Mar-Vista bölgəsində günorta saatlarında baş verib. Aktrisa mavi rəngli “Mini Cooper” markalı avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib və maşın yaşayış kompleksinin qarajına çırpılıb. Sakinlər aktrisanı maşından çıxarmağa çalışarkən avtomobil sürətlə geriyə doğru hərəkət edib və yaşayış evinə çırpılaraq yanğına səbəb olub. Yanğın genişmiqyaslı olduğu üçün bütün binanı bürüyüb. Nəticədə aktrisa Enn Heçe ağır yanıq xəsarətləri alaraq komaya düşüb.