Monteneqroda insanları güllələyən şəxs əvvəlcə iki uşaqla anasını öldürüb

Monteneqroda insanları güllələyən şəxs əvvəlcə iki uşaqla anasını öldürüb

Monteneqroda Çetinye yaxınlığındakı Medovina rayon sakini, 34 yaşlı Vuk Boriloviç əvvəlcə evində kirayə qalan ailəni, sonra isə yoldan keçənləri güllələyib.

Bu barədə Monteneqro Polis Departamentinin direktoru Zoran Brdjanin “Viesti” nəşrinə məlumat verib.

Polis sözçüsü bildirib ki, Boriloviç əvvəlcə evində kirayə qalan qohumlarını güllələyib:

“O, 8 və 11 yaşlı iki uşağı ov tüfəngi ilə qətlə yetirib. Yaraladığı uşaqların anası xəstəxanada ölüb. Sonra o, bayıra çıxıb və eyni silahdan kənd sakinlərinə atəş açıb, daha 7 nəfəri öldürüb, 6 nəfəri yaralayıb”.

Öz növbəsində, növbətçi prokuror Andriyana Nastiç istintaqın sonunda bildirib ki, 9 nəfər cinayət yerində, daha iki nəfər isə xəstəxanada ölüb. Çetinye faciəsi ilə əlaqədar Monteneqro hökuməti üç günlük matəm elan edəcək.

2022-08-12 21:50

Monteneqronun Çetinye şəhərində naməlum şəxsin ətrafdakı insanlara açdığı atəş nəticəsində 11 nəfər ölüb, daha altı nəfər yaralanıb.

Bu barədə “RTCG” nəşri polisə istinadən məlumat yayıb.

Qeyd olunub ki, 34 yaşlı cinayətkar şəhərin küçələri ilə gedərək yoldan keçənləri güllələyib və yaralıların yanına təcili yardımı buraxmayıb. Bir polis başından yaralanıb.

Məlumata görə, atəş açan şəxs polis tərəfindən öldürülüb.