Sosial şəbəkələrdə ayıq-sayıq olun!

Sosial şəbəkələrdə ayıq-sayıq olun!

Gözəl bir qız profili ilə oğlanları "tora salırlar"
Narkotacirlər özlərini göstərmədən satış şəbəkəsini qurmağa nail olur Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Şərq”ə verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər də narkotiklərin satışı və saxlanmasına görə, ümumilikdə iki dəfə məhkum olunmuş Elvin Həsənov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan külli miqdarda narkotik vasitə olan heroin aşkar edilib.
E.Həsənov ifadəsində həmin narkotiki sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla aldığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elvin Həsənov barəsində həbs-qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır. Narkomafiyaların internetin imkanlarından narkotik satışının təşkili üçün istifadəsi artıq acı reallıqdır. Bu haqda xəbərlərin intensivləşməsi ölkədə onlayn narkotik satışı, virtual narkoticarətin genişlənməsi haqda fikirlər söyləməyə əsas verir. Sosial şəbəkələrin imkanlarından istifadə edən narkotacirlər müxtəlif şirnikləşdirici vasitələrlə öz qurbanlarını ələ alıb, çirkin məqsədlərini onların vasitəsilə reallaşdırırlar. Sosial şəbəkələrdə narkotik vasitələrin satışını əks etdirən məlumatların yayılmasına münasibət bildirən narkomaniya üzrə ekspert Emil Maqalov “Şərq”ə açıqlamasında narkotik vasitələri onlayn satan şəxslərin qız və ya şirkət adından istifadə etdiklərini deyib:
“Narkotik maddələrin onlayn satışı ilə məşğul olan hər hansı bir şəxs gözəl bir qız profili ilə oğlana yazır və tanış olub dostlaşırlar. Oğlanın isə nə profil sahibinin oğlan olmasından, nə də onunla tanış olmaq məqsədindən xəbəri yoxdur. Bir müddət sonra həmin “xanım” oğlandan xahiş edir ki, əlimdə bir az mal var, onu Azərbaycana və yaxud da Azərbaycandan filan ölkəyə keçirmək lazımdır. Bunun müqabilində müəyyən qədər vəsait də təklif edir. İşsiz-gücsüz, ehtiyac içində yaşayan insanlar da qeyri-ixtiyari razılaşır.
İnsanların sosial durumunun aşağı olmasından istifadə edən, psixoloji təsir altına tez düşən insanları dərhal ələ alan narkotacirlər özlərini göstərmədən satış şəbəkəsini qurmağa nail olur. Bu şəbəkələr “tora saldıqları” insanlara əvvəlcədən 400-500 manat ödəniş etməklə həm şirnikləndirir, həm də bu işin öhdəsindən gəlsələr daha çox qazanacaqlarına inandırır. Narkotacirlər narkotik vasitələri müxtəlif yerlərdə, ağacların, kolların dibində gizlədirlər. Narkotik istifadəçiləri və narkokuryerlər də həmin yerə gedərək alacaqları maddəni əldə edirlər”. Ekspert sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırıb. Onun sözlərinə görə, yeni tanış olduqları adamlardan bu cür qanunsuz təklif alan insanlar dərhal imtina etməli və həmin profili hüquq-mühafizə orqanlarına şikayət etməlidir: - Bu gün qazanacağınız 500 manat sabahı gün azadlığınızın məhdudlaşdırılmasına səbəb olacaq. Bu məhdudlaşdırma isə ən azı 7 ildən başlayır. 1000 manata görə ən azı 7 il həbs cəzası alıb, azadlıqdan məhrum olmağa dəyərmi!?