Kremldən Paşinyana şillə

Kremldən Paşinyana şillə

Baş nazir sülhməramlıları tənqid etdi, sərt cavab aldı

Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyətini tənqid etmişdi. Bu, səbəbsiz deyildi. Çünki “Qisas” əməliyyatından sonra və ermənilərin Laçından çıxması fonunda İrəvandakı revanşistlər Paşinyana qarşı müqavimət formalaşdırırlar. Bu durumda Paşinyan hiylə işlədərək, məsuliyyəti Rusiya sülhməramlılarının üzərinə yönəltmək istəmişdi.

Rusiya isə ona sərt reaksiya verib.

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə bununla bağlı sualı cavablandırıb: “Biz Rusiya sülhməramlılarının ayrı-ayrılıqda tənqid edilməsini əsassız hesab edirik. Sülhməramlılar vəziyyəti sabitləşdirmək üçün fəal işləyirlər. Onların rolu Bakı və İrəvanda qeyd olunub. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyanın iddiaları əsassızdır”.

Beləliklə, Rusiyanın üzünə ağ olan Paşinyana sərt bir şillə dəydi. Bundan sonra Ermənistanda vəziyyətin daha da dramatikləşməsi, ölkədə hakimiyyətə qarşı xaotik prosesin başlaya biləcəyi də istisna edilmir. Ermənistanda proseslərin indiki hərəkətlənən vaxtında Ermənistanın məqsədli şəkildə qarışdırılması ilə gedişatı tormozlamaq planı ola bilərmi?

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a deyib ki, Qərblə əlaqələri kəsilən Rusiya üzünü cənuba doğru çevirməkdədir: “Rusiya Azərbaycana, Türkiyəyə, İrana və müəyyən mənada da Çinə istiqamət götürüb. Bu istiqamətdə Azərbaycanın rolu son dərəcə böyükdür. Rusiya bu regionda ermənipərəst mövqeyindən bir qədər geri çəkilməlidir. Regionda balas siyasəti yürütməklə Azərbaycanla Ermənistanın maraqlarını uyğunlaşdırmalıdır. Bölgədə Rusiya strateji maraqlarının təmin edilməsini istəyirsə, Türkiyə və Azərbaycanı qane edən bir siyasət ortaya qoymalıdır. Hər iki dövlət Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsini istəyir. Azərbaycanın Ermənistandan xüsusi bir tələbi yoxdur, sadəcə olaraq, Azərbaycanın ərazi bütövlüyünün tanınması istənilir”.

Politoloq deyir ki, Rusiya getdikcə Azərbaycana münasibətdə obyektiv mövqe sərgiləyəcək: “Artıq Rusiyanın davranışlarında müəyyən obyektivlik görünməkdədir. Xankəndində sülhməramlılara qarşı ermənilərin etiraz aksiyaları durumun nə yerdə olmasının əsas göstəricilərindən biridir. Rusiya XİN sözçüsünün Paşinyanın sülhməramlılarla bağlı söylədiyi fikirlərə sərt reaksiya verilməsi, Zəngəzur dəhlizinin açılmasına Rusiyanın Azərbaycanın mövqeyinə yaxın mövqe sərgiləməsi daha qabarıq görünməyə başlayıb. Zəngəzur dəhlizi daha çox Rusiyanın strateji maraqlarına xidmət edəcək. Türkiyə ilə ticarətin hamısı, İranla əlaqələrin böyük hissəsi bu dəhliz üzərindən gerçəkləşəcək. Ona görə də Ermənsitan hərbi-siyasi elitasının atılıb-düşməsi də nəyisə dəyişməyəcək. İranın mənasız görüşlər nümayiş etdirməsi də nəzərə alınmayacaq. Rusiya bu məsələdə strateji maraqlarına uyğun gələn, Azərbaycanın da maraqlarına yaxın olan siyasəti yürütməyə başlayıb”.

Politoloq Rusiyanın indiki böhran dövründə Ermənistanda hətta lokal qarşıdurmalara təkan verəcək addımları atacağına inanmır: “Bu saat Rusiya çox ağır böhrınla baş-başadır. İlk növbədə böhrandan çıxmaq üçün təsirli addımlar gərəkdir. Rusiyanın atacağı addımlar sırasında ilk yerdə cənub istiqamətində loqistika əlaqələrini nəyin bahasına olursa-olsun işə salmaq gəlir. Bu məsələdə Rusiyanın Ermənistanın nazı ilə oynamaq üçün vaxtı yoxdur. Ermənistanda irimiqyaslı qarşıdurmalar, özü-özünə yaranarsa, buna neytrallıq nümayiş etdirə bilər. Bilavasitə Rusiyanın təşəbbüsü ilə hər hansı bir qarşıdurmaların yaranmasını gözləmirəm. Rusiyanın bölgədə beynəlxalq hüquq normalarına az-çox uyğun siyasət yeritməsi Ermənistan siyasi qüvvələrini hiddətləndirəcək. Buna görə də Ermənistan daxilində qüvvələr bir-birini söyməkdədirlər. Cənubi Qafqazda qarşıdurmaların yaranması indiki halda Rusiyanın maraqlarına uyğun deyil”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”