Ağsaqqallar Şurası ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Ağsaqqallar Şurası ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Ağsaqqallar Şurası ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasında 2022-2024-cü illərdə birgə fəaliyyət barədə əməkdaşlıq müqaviləsi imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisinin deputatı, professor Eldar Quliyev və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova imzalayıb.

Tədbirdə çıxış edən Eldar Quliyev və Fatma Səttarova qurumlar arasında imzalanan sənədin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, hər iki qurum öz nizamnamələri ilə qarşılarına qoyulmuş vəzifələri yerinə yetirməyə davam etməklə yanaşı, bir sıra sahələrdə birgə qarşılıqlı fəaliyyət sayəsində daha səmərəli nəticələr əldə ediləcəyinə əmin olaraq, 2022-2024-cü illərdə əməkdaşlıq etmək barədə razılığa gəliblər. İmzalanan sənəd tərəflərin öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı və faydalı əməkdaşlığı, fəaliyyətlərin koordinasiyasını nəzərdə tutur.

Əməkdaşlıq müqaviləsinə hər iki qurumun qarşıya qoyduğu vəzifələrin və həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin öz əksini tapdığı tədbirlər planı da əlavə olunub. Bu plana əsasən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və tarixi ənənələrinin qorunmasına, müasir inkişaf meyillərini nəzərə almaqla ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar sahələrdə inkişafına, cəmiyyətin qarşısında duran aktual məsələlərin həllinə təşkilatların töhfəsini təmin etmək üçün müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Əldə olunan razılığa əsasən təşkilatların fəaliyyət istiqamətləri üzrə, xüsusilə gənclər arasında vətənpərvərlik, dövlətçilik, azərbaycançılıq, türkçülük, milli-mənəvi və bəşəri dəyərlərə sadiqlik, sağlam həyat tərzi kimi əsas prinsiplərin təbliğinin genişləndirilməsi, xalqımızın milli mentalitetinin ən vacib atributlarından olan ailə dəyərlərinin qorunması, erkən nikahların qarşısının alınması, ailələrin əsassız dağılmasına yol verilməməsi, qadın və uşaqların hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi və bir çox digər aktual məsələlərin həll olunması məqsədilə davamlı birgə tədbirlər həyata keçiriləcək.

Şəhid ailələri, qazilər və Vətən müharibəsində igidlik göstərən qəhrəman döyüşçülərlə görüşlərin təşkil edilməsi, əmək fəaliyyətində xüsusi xidmətləri olan, ahıl və əlil şəxslərin maddi-mənəvi dəstəklənməsi, onların mövcud problemlərinin həlli ilə bağlı müvafiq orqanlar qarşısında məsələ qaldırmaları üçün kömək göstərilməsi və bu sahədə aidiyyəti təşkilatlarla əməkdaşlığın gücləndirilməsi də diqqət mərkəzində olacaq.

Hər rübün və ilin sonunda Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyəti və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti tərəfindən görülən işlər və qarşıda duran vəzifələr müzakirə ediləcəkdir.

Tədbirdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov və Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli də iştirak ediblər.