Avtomobillərin icbari sığorta haqları necə dəyişib? CƏDVƏL

Avtomobillərin icbari sığorta haqları necə dəyişib? CƏDVƏL

Azərbaycanda avtomobillərin icbari sığortası üzrə sığorta haqqının hesablanması qaydası dəyişib. Yeni qaydaya görə, sığorta haqqı hesablanan zaman avtomobilin mühərrikinin həcmi ilə yanaşı, avtomobilin növü, sürücünün yaşı, sürücülük təcrübəsi, avtomobilin daha çox istifadə olunduğu ərazi, istismar müddəti, Bonus-Malus güzəştlər sistemi nəzərə alınacaq. İndiyədək sığorta haqqı hesablananda ancaq mühərrikin həcminə və Bonus-Malus sisteminə baxılırdı. Yeni qərar bu ilin oktyabrın 1-dən qüvvəyə minəcək.

Sürücülərin yaşı və sürücülük təcrübəsi nəzərə alınacaq

Sığorta eksperti İlkin İbrahimov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, yeni qaydaya əsasən, avtomobillərin icbari sığortasının hesablanması üzrə baza məbləği dəyişməyərək 50 manat saxlanılıb. Burada sığorta haqları diferensiallaşdırılır:

"Yeni qaydaya əsasən, sığorta haqqı hesablanan zaman avtomobil sürücülərinin yaşı və sürücülük təcrübəsinə görə əmsallar tətbiq ediləcək. Avtomobil sürücülərinin yaşı və təcrübəsi az olduqca sığorta haqqı da artacaq. Məsələn, 16-25 yaş arasında olan sürücünün 2 ilədək təcrübəsi varsa, bunun əmsalı 1,35, 3-4 illik təcrübəsi varsa, 1,30 olacaq. Ən aşağı əmsal 10 il və daha çox təcrübəsi olanlar üçündür. 16-25 yaş arasında olan sürücülər və 65 yaşdan yuxarı sürücülər üçün sığorta haqqı daha yüksək olacaq. Yaşa görə ən aşağı əmsallar 30-65 yaş arasındadır".

Ən yüksək sığorta haqqı Bakıda olacaq

Ekspert bildirib ki, yeni qaydaya görə, sığorta haqqı hesablanan zaman avtomobilin daha çox istifadə olunduğu əraziyə görə əmsallar tətbiq ediləcək: "Daha çox istifadə olunan ərazi deyəndə avtomobilin uçotda olduğu yer nəzərdə tutulur. Regionlar üzrə ən yüksək sığorta haqqı Bakıda olacaq. Paytaxtda istifadə edilən avtomobillər üçün sığorta haqqı hesablananda baza məbləği 1,1 əmsalına (50 manat x 1,1=55 manat) vurulacaq.

Sumqayıt və Abşeron rayonunda bu əmsal 1,05 (52,5 manat), Naxçıvan və Gəncədə 1 (50 manat), digər şəhər və rayonlarda isə 0,95 (47,5 manat) müəyyən olunub. 2011-ci ildən bəri Bakıda sürülən maşınların sayı 2 dəfə artıb. Sıxlıq artdığına görə qəza riski də çoxalıb. Ona görə digər şəhər və rayonlara nisbətən Bakıda sığorta haqqı daha yüksəkdir. Rayon qeydiyyatında olan maşınlar üçün daha az sığorta haqqı ödəniləcək. Bakı qeydiyyatında olan avtomobillər üçün isə daha çox sığorta haqqı hesablanacaq".

Köhnə maşınlar üçün sığorta haqqı daha çox olacaq

O qeyd edib ki, yeni qaydaya görə, avtomobilin istismar müddətinə görə əmsallar tətbiq ediləcək: "Köhnə avtomobillər üçün sığorta haqqı daha yüksək olacaq. 10 ilədək olan maşınlarda sığorta haqqı 1 əmsalına vurulacaq, 10-20 illik maşınlar üçün bu əmsal 1,05, 20 ildən artıq olanlar üçün isə 1,10 olacaq. Başqa sözlə, 20 ildən çox istehsal tarixi olan avtomobilləri sığortalamaq yeni maşınlarla müqayisədə daha baha olacaq.

Nəticədə nümunəvi sürücü ilə intizamsız sürücünün avtomobilinin sığorta haqqının hesablanmasında fərqlilik olacaq. Bu, ədalətli yanaşmadır. Burada risk və intizam məsələsi əsas olaraq götürülüb. Qəzaların sayı artırsa, sığorta haqqı da artır. İntizamlı sürücü isə daha az sığorta haqqı ödəyəcək".

Qəzalar artırsa, sığorta haqqı da artır

Bonus-Malus güzəştlər sistemindən də danışan ekspert əlavə edib ki, bu sistem vətəndaşı həvəsləndirir, yəni əgər qəza hadisəsi baş verməyibsə, vətəndaşa sığorta haqqı hesablanan zaman endirim edilir. Yox, əgər intizamsız sürücü bir neçə dəfə qəza hadisəsi törədirsə, bu zaman sığorta haqqı artır.

Xatırladaq ki, Mərkəzi Bank "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası"nı təsdiqləyib. Bu Qayda "İcbari sığortalar haqqında" qanuna uyğun olaraq hazırlanıb və avtomobillərin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması ilə bağlı məsələləri tənzimləyir.