"İlham Əliyevin status bəyanatı reallıqdır" - Erməni politoloq

"İlham Əliyevin status bəyanatı reallıqdır" - Erməni politoloq

Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi "Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı" fikri erməni cəmiyyətini məyus edib. AzVision.az xəbər verir ki, yerli media prezidentin real durumu olduğu kimi təqdim etməsini İrəvanın növbəti məğlubiyyəti kimi təqdim edib.

"Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi"

Siyasətçilər, politoloqlar isə Nikol Paşinyan hakimiyyətinin də belə vəziyyətlə çoxdan barışdığını deyirlər. Məsələn, politoloq Suren Surenyants erməni saytına verdiyi açıqlamada deyib ki, “İlham Əliyevin bəyanatına cavab verilməyəcək, çünki Ermənistan diplomatiyasından praktiki olaraq heç nə asılı deyil".

- Çoxları İlham Əliyevin bu sözlərini təkəbbür hesab edə bilər. Lakin bu, bir tərəfdən Azərbaycanın regional rolunun, subyektivliyin artması, digər tərəfdən isə hazırkı reallıqdan irəli gəlir. Bizim üçün, əlbəttə ki, acınacaqlı reallıqdır. Bu acı bir həqiqətdir ki, "Qarabağ problemi"nin həlli prosesində heç nə Ermənistandan asılı deyil. Bu kontekstdə İlham Əliyev Qarabağa heç bir status, hətta mədəni muxtariyyət də vəd edə bilməz. O məhz elə belə də etdi.

Digər tərəfdən, problem ondadır ki, müharibədən sonrakı reallıqda Dağlıq Qarabağ əraziləri Ermənistana aid deyil. Hələlik ora rus sülhməramlıları nəzarət edir. Rusiya tərəfi də Qarabağda hər hansı statusun müəyyən edilməsinə qarşıdır. Çünki onlar burada Rusiya hərbi qrupunun mövcudluğunun motivasiyalı əsaslarını şübhə altına almaq istəmir.

Əgər Rusiya Ukraynadakı müharibəni fiasko ilə bitirməsə Qarabağın statusu ilə bağlı qeyri-müəyyənlik də müəyyən müddətə “sabitləşəcək”. Təbii ki, bu, bizə Rusiya və ya Qərbin “uğurlu” vasitəçilərinin Qarabağın müstəqilliyi və ya Ermənistana birləşdirilməsi məsələsini gündəmə gətirəcəyi illüziyası yaratmamalıdır. Elə bir vəziyyət yaranıb ki, demək olar ki, heç nə erməni diplomatiyasından asılı deyil, - erməni politoloq düşdükləri ağır siyasi-diplomatik durumdan gileylənib.

Tural Tağıyev