Bəs Ukraynaya görə kim üzr istəyəcək?

Bəs Ukraynaya görə kim üzr istəyəcək?

“Dünya mərdlər dünyasıdır, ərənləri min yaşasın” – bəli, bu gözəl nəğmənin gözəl sətirlərini bəlkə də yüz dəfələrlə eşitmişik. Amma insan qocalanda dünyanı qısqandığındanmıdır, yoxsa ki, yaşamaqdan yorulduğundan, hər halda, o, bir qədər eqoistləşir, hətta bir az xəbisləşir, bir qədər fərqli düşünməyə başlayır.

Düşünürsən ki, əcəba, yox, dünya heç də mərdlərin və ya mərdliyin deyil. İnsanlar arasındakı, xüsusən də dövlətlər arasındakı münasibətləri mərdliklə müqayisə etmək çox böyük yanlışlıq olardı. Bu münasibətləri ilk dəfə ağartmağa çalışan Nikkolo Makiavelli olub. Başa düşüb ki, dövlətlərarası münasibətlər heç bir halda ideal deyil, onlar çox qəlizdir və burada bircə yol qalır –gərək, məqsədə baxasan, çünki vasitə, məqsədə aparan yollar bir daha deyirik ki, olduqca qəlizdir. Elə ona görə də Makiavelli qısa və konkret deyib: məqsəd vasitəyə bəraət qazandırır...

Bütün bunları niyə deyirəm? İndi diqqətimizin böyük hissəsi Ukraynanın yanındadır. Bu, həmişə belə olub və indi də bir az çoxalıb. Sovet ölkələrini əvvəldən üç qrupa bölmək olardı: Baltik ölkələri, GÜAM ölkələri və yerdə qalanlar. Bir vaxt biz ikinci qrupda idik. Amma GUAM yaranmamışdan öncə də özümüzü Ukrayna ilə bir cərgədə hesab edirdik və hətta belə bir tezisimiz də vardı: Ukraynadan nə bir addım irəli getməliyik, nə də bir addım geri qalmalıyıq.

Amma ki, Kiyevin siyasi resept olması dövrü çox da uzun çəkmədi – silsilə Maydanlar baş verdi və kobzarların ölkəsi bir az siyasi müdrikliyini və təmkinini itirdi, daha sürətli avro-inteqrasiya yolunu tutdu və bizim Ukraynaya və GUAM-a marağımız azaldı – həmişəki kimi, GUAM ölkələrinin Qarabağa az maraq göstərdiyini bəhanə edib bu müstəvidən uzaqlaşdıq.

Amma sonrakı proseslər göstərdi ki, düz də etdik, çünki GUAM ölkələrinin Avropaya can atımı “qoca dünya” tərəfindən adekvat qarşılanmadı, Finlandiyanın və İsveçin NATO-ya qəbulu göstərdi ki, “qoca dünya” üçün də doğmalar və ögeylər var. Hətta Avropa Birliyi siyasi qərar qəbul edib Ukraynanı və Moldovanı namizəd-dövlət elan edəndə bunu Gürcüstan üçün çox gördü– Tiflis indi bir növ havadan asılı qalıb və Moskva üçün yağlı tikəyə çevrilib...

İndi Ukrayna ilə Rusiya altı aydır ki, vuruşurlar. Bu müharibənin nə uğrunda getdiyi aydındır, amma niyə görə baş verdiyi başadüşülən deyil, çünki Avropanın Ukraynanı Avropa Birliyinə və NATO-ya qəbul etmək fikri yox idi. Əslində, bunlar ruslar üçün də bəhanə idi, əks təqdirdə onlar İsveçə və Finlandiyaya da sərt üz göstərər, aqressiya üçün Moldovanı və ya Gürcüstanı seçərdilər.

Amma belə olmadı. Məlum oldu ki, Moskva post-sovet ölkələri uğrunda müharibə üçün onun ürəyini – Ukraynanı seçdi...

Yazını dünyadakı mərdlikdən başladıq. Onu ötən həftənin sonunda və bu həftənin başlanğıcında müşahidə etdiyimiz bir detalla bitirmək istərdik. Bəli, Yaponiyanın nüvə bombardımanından 77 il keçdi. Rusların tele-kanalları hay-küy saldı ki, bəs ABŞ hələ də Yaponiyadan rəsmi olaraq üzr istəməyib, halbuki bunu sonuncu dəfə prezident Barak Obama etmişdi. Amma məsələ bunda deyil, ondadır ki, bəs Ukraynanın dağılmış şəhər və kəndlərinə görə kim üzr istəyəcək? Sabah Zaporojets AES –da bir şey olarsa, buna görə kim üzr istəyəcəkdir?..