Bakının 3-5 mərtəbəli binalarında sonradan tikilmiş mansardlar nə məqsədlə istifadə olunur..

Bakının 3-5 mərtəbəli binalarında sonradan tikilmiş mansardlar nə məqsədlə istifadə olunur..

Paytaxtda çoxmənzilli binalarda qanunsuz artırmaların edilməsi, demək olar ki, ənənə halını alıb. Bu gün paytaxtın müxtəlif rayonlarında, xüsusən sovet dövründə tikilmiş binalarda bu hallara rast gəlmək olur. Bu hallar daha çox üç və beş mərtəbəli binalarda müşahidə olunur.

Köhnə binaların damında mansardlar yetərincədir. Maraqlıdır, həmin mansartlardan nə üçün istifadə olunur və onların hansısa təyinatı varmı?

Elnur Fərzəliyev: “Binanın istismar müddəti bitib və buna baxmayaraq, tikiliyə əlavə artırma etmək həmin binada yaşayan insanların həyatını risqə atmaq deməkdir”

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, "qanunsuz" artırmalara sovet dövründə inşa edilən binalarda rast gəlinir. Bu binaların əksəriyyəti isə istismar müddətini bitirib. Yəni həmin binalar bir neçə ilə sökülərək yeni binalarla əvəzlənəcək: “İstismar müddəti bitmiş binalar bu artırmalara uyğun olaraq əyilir. Yəni qısacası təhlükəlidir. Qanunsuz artırma müəyyən müddət rahatlığa səbəb olsa da, sonradan təkcə mənzil sahibinə deyil, bütün binaya zərər verir. Vətəndaşlar bunu nəzərə almalıdır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, binanın damında mansard tikilməsi həmin tikilinin ömrünü daha da qısaldır: “Vətəndaş sonuncu mərtəbədə yaşayırsa və dam örtüyü bərbad vəziyyətdədirsə, su axıb mənzilə fəsad verirsə, ev sahibi ərizə yazıb öz hesabına binanın dam örtüyünü dəyişə bilir. Binanın damında əlavə artırmanın olması qanundan kənar olaraq həyata keçirilir”.

Ekspertin sözlərinə görə, binaya əlavə artırma aidiyyəti qurumların rəyi əsasında mümkün ola bilər. Fövqəladə Hallar Nazirliyinin tikintiyə nəzarət şöbəsi binada ümumi yoxlanış işləri aparmalı və daşıyıcılıq qüvvəsi araşdırılmalıdır. Binada artırmaya icazə verilərsə tikilinin damına mansart qoyula bilər. Yox əgər binanın istismar müddəti bitib və buna baxmayaraq tikiliyə əlavə artırma etmək həmin binada yaşayan insanların həyatını riskə salmaq deməkdir.

E.Fərzəliyev bildirdi ki, 1940-cı illərdə Bakıda tikilən binaların üst mərtəbəsində əlavə artırma edilib. Həmin binaların qalınlığı və bünövrəsi imkan verib ki, binaya əlavə artırma edilsin.

Emin Həsəni: “Bakı şəhərində “mansard” dan yaşayış obyekti kimi istifadə edilməsi düzgün deyil”

İnşaat meneceri Emin Həsəni qeyd etdi ki, Bakı şəhərində “mansard” dan yaşayış obyekti kimi istifadə edilməsi düzgün deyil: “Bu qeyri-yaşayış sahələri, adətən, taxta materiallarından tikilir və burada qaz xətti, işıqlandırılma sistemi quraşdırılmalıdır. Ancaq qısaqapanma, yaxud qazsızma zamanı baş verən yanğın nəticəsində taxta materiallarından hazırlanmış həmin obyektlərin yanma təhlükəsi də böyükdür. Mansardlar binaların, yaxud evlərin dam hissələrini tam örtür. Onların hər hansı birində ventilyasiya və havalandırma sistemləri quraşdırılmır. Bu obyektlərə kənardan hava daxil olmur və havasızlıq yaranır. Ona görə də mansardlarda yaşayış insanların sağlamlığınına ciddi təhlükədir. Üstəlik, daş və kərpicdən tikilmiş mənzillərindən fərqli olaraq, taxta materilallardan hazırlanmış çardaqlarda rütubətlililk, nəmlilik çox olur. Bu da mansardlarda yaşamaq istəyənlərin xəstəliklərə yoluxması ilə nəticələnə bilər”.

Günel CƏLİLOVA