Azərbaycanlı idmançı: "Şuşada Qarabağın azadlığını yaşadım, hiss etdim" -

Azərbaycanlı idmançı: "Şuşada Qarabağın azadlığını yaşadım, hiss etdim" -

Ötən ay Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə "Şuşa ili" çərçivəsində beynəlxalq yarış keçirildi. Yarışa digər ölkələrdə yaşayan idmançılar da qatılmışdı. Onlardan biri də Gürcüstanın Bolinisi şəhərində doğulmuş, sonradan ailəsi ilə birgə Bakıya köçüb, ibtidai və orta təhsilini Bakıda alan Samir Bayramovdur. Samir hazırda Türkiyənin Bilecik Şeyh Edebali Üniversitetində təhsilini davam etdirir. Uşaqlıqdan velosiped məşqlərinə maraq göstərmiş və bu gün peşəkar velosiped idmanı ilə məşğuldur. Türkiyədə dəfələrlə yarışlara qatılan həmyerlimiz müxtəlif mükafatlara, nominasiyalara da layiq görülüb. Dağlıq Qarabağ işğaldan azad olunduqdan sonra "Şuşa ili" çərçivəsində təşkil olunan

"Əziz Şuşa" adlı beynəlxalq velosiped yarışına qatılan Samir Bayramov təəssüratlarını bizimlə də bölüşüb:

- Əziz Şuşa Beynəlxalq yarışına Azərbaycan Velosiped İdman Federasiyasının Milli komandası tərəfindən dəvət olunmuşdum.

Uşaqlıqdan idmanın bu növü məni özünə cəlb etdi. Həvəskar kimi başlasam da, sonradan velosiped məşqlərinə və yarışlarına peşəkar kimi qatıldım. Hərbi xidmətimi bitirdikdən sonra Türkiyənin Bilecik Şeyh Edebali Üniversitetinə qəbul oldum. Bunlarla bərabər hər zaman peşəkar velosiped idmanı ilə məşğul olmağı da davam etdirdim.

- Hansı ixtisas üzrə təhsil alırsınız?

- İqtisadiyyat fakültəsində oxuyuram. Türkiyədə təhsil almaqla bərabər velosiped məşqlərimi davam etdirirəm. 2020-ci ildən yarışlarda iştirak etməyə başladım. Bursada Qrafonda yarışında 600 nəfərədək yarışçı iştirak edirdi. Onların arasında 103-cü yeri qazandım. Bu mənim həyatımda ilk yarış idi. Yarışdan FİNİŞER medalı ilə ayrıldım. Daha sonra 2021-ci ildə Ankarada növbəti yarışda (öz yaş qrupumda) 72 nəfər arasında 5-ci yeri tutdum. Sonrakı yarış da elə həmin ildə İzmirdə keçirildi. 800 nəfərdən çox idmançının mübarizə apardığı yarışda 39-cu yerə layiq görüldüm. Öz yaş qrupumda yarışa qatılan 203 nəfər arasında isə 23-cü yeri qazandım. Qısacası, Türkiyədə Bursa Granfondo yarışında 76 km, Ankara- Polatlı Dua Tepe yarış marafonunda 59 km, İzmir-Türkcell Granfondo 57 km, Antalya- Akra Granfondo 98 km, Bodrum-Corelli Granfondo 108 km məsafəli ğ 5 yarışda iştirak etmişəm. 5 yarışda 6 Finisher Medala layiq görülmüşəm. Təvazökarlıqdan uzaq da olsa, deməliyəm ki, bu ardıcıl uğurlar mənim daha da ruhlanmağıma təkan verdi.

- Şusaya səfərinizdən danışaq... Yəqin ki, xəyal idi sizin üçün?!

- Əlbəttə, elədir! Zirvə sayılır...

Son 30 ildə ilk dəfə idi ki, Qarabağda beynəlxalq yarış keçirilirdi. Bu çox sevindirici idi. Mənim üçünsə belə bir yarışa dəvət almaq çox qürurlu idi. Bu mənim ilk beynəlxalq yarışım idi və indiyədək beynəlxalq yarışlarda iştirak etməmişdim. Türkiyədən 2 , Azərbaycandan 3 komanda iştirak edirdi. Bundan başqa Monqolustan, Qırğızıstan, Rumıniya, Gürcüstan və Tacikistandan komandalar təmsil olunurdular. Yarışa Füzulidən - ZƏFƏR YOLUNDAN Şuşa qalasına qədər məsafəyə start verildi. Yarış çox sürətlə başladı. Mən indiyədək belə surətli yarış və başlanğıc görməmişdim. İştirakçılar 71 km məsafəni 2300 metrdən çox yüksəklik şəraitində qət etməli idi. Yoxuşlar çox idi, yoxuşlarda yaxşı sürə bildiyim üçün orada irəliyə çata bilirdim. Orada yoxuşlar 25-26 faizə qədər qalxır, divar kimidir. Mən düz yerdə çox sürətli gedə bilmirdim, amma yoxuşlarda yaxşı sürə bilirəm deyə müəyyən vaxtdan sonra irəlidəki qrupa çatırdım. Vaxt az idi, 15 dəqiqə verilmişdi, düşünürəm ki, 30 dəqiqə olmalı idi, çünki yoxuş çox idi.

- Bu tarixi hadisədir...

- Əlbəttə, tarixi torpağımız beynəlxalq yarışa ev sahibliyi etdi. Bilirsiniz ki, 8 ölkədən 13 komanda mübarizə aparırdı. Azərbaycan I yeri, həmyerlimiz Elçin Əsədov isə birinci yeri tutdu. Bu bizim üçün həm fəxrdir. Baxmayaraq ki, mən yarışda 71 km uzunluğun 36 km-ni yamamlaya bildim. Ancaq belə bir mötəbər tədbirə qatılmaq belə qürur, motivasiya mənbəyidir.

- Yarış Sizə nə verdi, hansı hadisə ilə yadınızda qaldı?

- Azad Şuşa, füsünkar Şuşa heç yaddan çıxmayacaq. Yarış yoxuşlarla xatırlanacaq, desəm yanılmaram. Amma Qarabağın, Şuşanın azadlığını yaşadıq. Şuşada Qarabağın azadlığını hiss etdim. Fərqli, heç vaxt yaşamadığım bir duyğu idi. Bir vaxtlar mənə xəyal kimi görünən Şuşada idim. Həm də beynəlxalq idman yarışının iştirakçısı kimi... Heç vaxt unudulmayacaq hisslərdir. Məncə hər bir azərbaycanlı üçün bundan böyük xoşbəxtlik ola bilməzdi.