Biz - aşağıda imza atanlar və qorxudan titrəyənlər...

Biz - aşağıda imza atanlar və qorxudan titrəyənlər...

“Ruslar fəlsəfələrini dəyişənə qədər öz dünyalarında yaşamalıdırlar”

Hazırda bütün dünyanın gözü qarşısında rus demokratının Ukrayna məsələsinin başladığı yerdə bitdiyi aforizminin həqiqəti açıq şəkildə nümayiş etdirilir. Aforizmin müəllifliyi Ukraynanın siyasi və ictimai xadimi Volodimir Vınniçenkoya aiddir. Özümdən əlavə edəcəyəm ki, rusiyalı demokrat həm də eqoist marağın başladığı yerdə bitir.

Və bu iki amil üst-üstə düşəndə Rusiyanın Müharibə Əleyhinə Komitəsinin biabırçı bəyanatı ortaya çıxır. Bununla belə, ondan başlayacağam ki, iyulun 8-də “The Washington Post” qəzetinə müsahibə verən Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı xarici əraziləri ələ keçirməkdən çəkindirməyin yeganə yolunun rusların Qərb ölkələrinə səfərini qadağan etmək olduğunu söyləyib.

Zelenski qeyd edib ki, Ukraynada genişmiqyaslı müharibəyə səbəb olduğu üçün Rusiyaya qarşı artıq tətbiq edilən sanksiyalar sərhədləri ən azı bir il müddətinə Rusiya vətəndaşları üçün bağlamaq və Rusiya enerjisinin alınmasına tam embarqo yolu ilə müqayisədə zəifdir. Onun sözlərinə görə, “ən mühüm sanksiyalar sərhədlərin bağlanmasıdır, çünki ruslar başqasının torpağını əlindən alırlar”.

Zelenski hesab edir ki, ruslar “fəlsəfələrini dəyişənə qədər öz dünyalarında yaşamalıdırlar”.

Qəzetin qeyd etdiyi kimi, ideyanın bəzi tənqidçiləri belə bir qadağanın Rusiya hökumətini dəstəkləməyən ruslara ədalətsiz şəkildə təsir edəcəyini iddia edirlər. Zelenski buna "ruslar nə olursa olsunlar, evlərində qalsınlar, ondan sonra başa düşəcəklər" deyə cavab verib.

O vurğulayıb ki, bütün ölkə əhalisi öz hökumətinin hərəkətlərinə görə məsuliyyət daşıya bilər: “Çünki onlar bu hakimiyyəti seçiblər və onunla mübarizə aparmırlar, onunla mübahisə etmirlər, onun üstünə qışqırmırlar”.

Bu da bir faktdır ki, rusların böyük əksəriyyəti Ukraynaya qarşı müharibəni həmişə bəyənib və bəyənməkdə davam edir. İndi isə “Kommersant” Rusiyanın “Russian Field” sosioloji xidmətinin sorğusunun məlumatlarını dərc edib. Orada respondentlərin 60%-i də Rusiya Prezidentinin Kiyevə yeni hücuma keçmək niyyətini dəstəkləyir. Yəni rusların böyük əksəriyyəti başqa bir dövlətin paytaxtını ələ keçirmək fikrindən əl çəkməyib.

Müvafiq olaraq, Rusiya pasportunun bütün daşıyıcıları ən azı Avropa ölkələrinə səfər etmək üçün onlara viza verməmək kimi sanksiyalara məruz qalmalıdırlar. Amma bu sözlər Ukrayna Prezidentinin ağzından çıxmazdan əvvəl “rusiyalı democrat” adlanan şəxsləri təlaşa salıb.

Rusiyanın Müharibə Əleyhinə Komitəsinin biabırçı bəyanatı ortaya çıxdı. Hansı ki, bunlara müxal siyasətçilər Harri Kasparov, Mixail Xodorkovski, Yuliya Latınina, Viktor Şenderoviç və başqaları daxildir. Onlar bəyanat yayaraq, Prezident Volodimir Zelenskinin ruslar üçün “viza blokadası” tətbiq etmək ideyası ilə razılaşmadıqlarını bildiriblər, onların fikrincə, bu, Kremlin əlinə oynayır. Çox güman ki, bir qrup qorxaq “vurulan pilotların” eqoist qorxusu heç vaxt bu qədər absurd və iddialı bəyanatla formalaşmayıb.

“Müharibə Əleyhinə Komitə artıq altı aydır ki, Putinin aqressivliyini saxlayan Ukrayna cəmiyyətinin emosiyalarına hörmətlə yanaşır. Biz Rusiyanın növbəti hədəfinə çevrilə biləcək qonşu ölkələrin insanlarının da emosiyalarını başa düşürük. Bununla belə, növbəti hədəfə çevrilməyə çağırış: aydın anti-müharibə mövqeyi tutmuş və nəticədə uzunmüddətli həbs riski ilə üzləşmiş bütün Rusiya vətəndaşları üçün viza blokadası yaxın Avropa tarixində kədərli nümunələrə malikdir və açıq şəkildə Kremlin xeyrinə oynayır”, - deyə Komitənin bəyanatında bildirilir.

Bunu Rusiya Federasiyasından bayağı şəkildə xaricə qaçan, indi isə Rusiyanın Ukraynanı bombalamağa davam etdiyi bir vaxtda Avropanın dinc və sakit şəhərlərindən sosial şəbəkələrdə paylaşım edən “ağır artileriya”sı yazır. Dərhal xatırladım ki, əsl və bəlkə də, yeganə parlaq, hörmətli rus müxalifətçisi Boris Nemtsov Rusiya Federasiyasını tərk etmədi, sonda Kreml divarları yaxınlığında öldürüldü.

İlya Yaşin də Rusiya Federasiyasını tərk etməyib. O, hazırda Rusiya həbsxanasındadır. Aleksey Navalnı da oradadır. Və bir zamanlar Ermənistanı Azərbaycan torpaqlarını işğal etmək siyasətində fəal şəkildə dəstəkləyən bütün bu latıninalar və kasparovlar indi təlaş içindədirlər. Daha doğrusu, qorxaqlıqlarına bir daha imza atdılar. İlk dəfə onlar Rusiya Federasiyasından qaçaraq Rusiya hakimiyyəti qarşısında kapitulyasiya edəndə və özlərini siyasətçi və müxalifətçi adlandırmaq mənəvi hüququndan məhrum edəndə oldu. İkinci dəfə, indi Volodimir Zelenski adlarını belə, çəkmədən dövlətin törətdiyi cinayətlərə görə kollektiv məsuliyyət prinsipini xatırladanda.

Bütün bu rus demokratları bir neçə həftə ərzində Xarkov, Nikolayev, Odessa və digər atəşə tutulmuş Ukrayna şəhərlərinə gətirilsəydilər, Mariupol sakinlərinin yaşadıqlarını onlar da yaşasaydılar, necə olardı? Bunu təsəvvür etmək belə, çətindir. Ancaq artıq aydın oldu ki, qarşımızda bu həyatda şəxsi rahatlığı ən çox qiymətləndirən pafoslu personajlar var.

Bu arada proses başlayıb. Bir həftə sonra Estoniyada qərar qüvvəyə minəcək. Ona əsasən, Estoniya tərəfindən verilmiş Şengen vizası olan ruslar bir neçə qrup istisna olmaqla, ölkəyə buraxılmayacaqlar. Bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reinsalu hökumətin iclasından sonra keçirilən mətbuat konfransında danışıb.

Çox güman ki, analoji qərar Litva və Latviyada da veriləcək. Axı Latviya parlamenti Rusiyanı “terrorçuluğu dəstəkləyən dövlət” elan edib. Parlament Avropa İttifaqı (Aİ) ölkələrini sə Rusiya vətəndaşlarına hər hansı viza verilməsini dayandırmağa çağırıb. Hər halda, Estoniya və Latviya Finlandiya ilə birgə rusların hava əlaqəsi olmadığı halda quru sərhədi boyunca Aİ-yə daxil olduqları ölkələrdir. Deməli, Rusiya Federasiyasının Ukraynaya qarşı törətdiyi cinayətin nəticələrini son nəticədə bir çox ruslar hiss edəcəklər. Qoy Ukrayna məsələsində sona çatan Rusiya mühacir müxalifəti bu məsələdə boşboğazlıq etməsin.