Azərbaycan Şimali Kipri niyə tanımır? - Sabiq nazir səbəbini AÇIQLADI

Azərbaycan Şimali Kipri niyə tanımır? - Sabiq nazir səbəbini AÇIQLADI

Son günlər Azərbaycan Respublikasının Şimali Kiprin müstəqilliyini tanıması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Bununla bağlı müxtəlif fikirlər və versiyalar irəli sürülür. Bəziləri rəsmi Bakının Şimali Kipri müstəqil ölkə kimi tanımalı olduğunu bildirir. Lakin bunun əksini düşünənlər də az deyil.

Bəs, Azərbaycan Şimali Kiprin müstəqilliyini qəbul edə bilərmi?

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bunun mürəkkəb məsələ olduğunu bildirib. Eks-nazir Şimali Kiprlə bağlı prosesləri yaxından izlədiyini deyib:

"Hesab edirəm ki, Azərbaycan hazırkı mövqeyini davam etdiriməlidir. Beynəlxalq təşkilatlar səviyyəsində, BMT səviyyəsində bu məsələnin həlli ilə bağlı müxtəlif təşəbbüslər olub. Hətta bir neçə il əvvəl BMT tərəfindən konvensiya təklif olunmuşdu və səsvermə ilə qəbul ediləcəkdi. Şimali Kipr buna səs vermişdi. Ancaq Cənubi Kipr razılaşmadı. Elə bu tendensiyanı nəzərə alaraq bizim mövqeyimizin dəyişməsi uyğun deyil. Bu addım prosesdən uzaqlaşmağımızın göstərəcisi olar. Biz onsuz da qardaş Türkiyənin yanındayıq, Şimali Kipr xalqının yanındayıq. Amma siyasi baxımdan hazırkı mövqeyimiz konstruktivdir və dəyişməməlidir”.

T.Zülfüqarovun fikrincə, Azərbaycan Şimali Kipri müstəqil ölkə kimi tanısa, bizə qarşı Qarabağla bağlı müxtəlif addımlar atıla bilər:

“Bu məsələ hər şeydən əvvəl Yunanıstanın narazılığına gətirib çıxara bilər. Bizim Yunanıstanla əlaqələrimiz var. Bizim bəzi iqtisadi layihələrimiz oradan keçir. Digər tərəfdən erməni tərəfi də hadisəni öz xeyrinə istifadə edəcək. Yunanların və ermənilərin ABŞ-da çox güclü lobbilərinin olduğunu başa düşməliyik. Onların başçıları ilə mənim 20 il öncə görüşüm olub. Onlar nə edəcəklər, təxminən aydındır. Hər şeyi nəzərə almalıyıq. Ermənilər Şimali Kiprin ayrılmasını əldə bayraq tutub, Qarabağın ayrılmasını tələb edəcək. Bizim bu qərarımız Yunanıstanı müxtəlif addımlar atmağa vadar edəcək. Məncə, hazırki mövqeyimiz beynəlxalq qanunlara uyğundur. Biz bu və ya digər şəkildə hansısa addım atsaq, onda tənqid və təhdid obyektinə çevriləcəyik”.

Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. Şimali Kiprin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi nümayəndəliyi fəaliyyət göstərir.