"Şuşaya ayrıca yanaşma, diqqət və hörmət var"

"Şuşaya ayrıca yanaşma, diqqət və hörmət var"

Kərim Kərimli: "Bu yaxşıdır, amma bölgəni çox yaxşı tanıyanların da fikrini öyrənmək lazımdır"
Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş Şuşa şəhəri haqqında bir sıra qadağalar, məhdudiyyətlər tətbiq edilib. Məsələn, Şuşanın təbii landşaftına təhlükə yaradan hər hansı fəaliyyətə icazə verilməyəcək. Eyni zamanda “Şuşa” adının da müvafiq qurumların rəsmi icazəsi olmadan istifadəsi qadağan olunub. Mədəniyyət paytaxtımızla bağlı daha bir qərar da imzalanıb. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Şuşada qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısı təqdim olunub. Açıqlanmış siyahıda bir çox fəaliyyət sahəsi -bitkiçilik və heyvandarlıq, ovçuluq, barama qurdunun yetişdirilməsi, balın və arı mumunun, mineral suların, tütün məmulatlarının və s. məhsulların istehsalı əksini tapıb.
Qadağan olunmuş fəaliyyət sahələri arasında maşın və avadanlıqların istehsalı, daş kömür, xam neft və təbii qaz və metallurgiya kimi sənaye sektorları da var. Qeyd edək ki, məlum siyahı ictimaiyyətdə birmənalı qarşılanmayıb və sahibkarlıq fəaliyyəti ilə bağlı bəzi sahələrin hansı əsaslarla qadağan olunmasının aydın olmadığı vurğulanıb. Məsələylə bağlı “Şərq”ə fikirlərini bildirən yazıçı-publisist, jurnalist Kərim Kərimli deyib ki, sonuncu qərar da daxil olmaqla, Şuşa ilə bağlı qəbul edilən bütün qərarlarda nə qədər araşdırmalar və tədqiqatlar aparıldığı, yerli əhalinin fikrinin hansı səviyyədə öyrənildiyi barədə heç bir məlumat verilmir. K.Kərimlinin sözlərinə görə, qərar qəbul edilərkən nələrin əsas götürülməsi barədə məlumatı yoxdur:
“Arıçılığın Şuşada olub-olmaması barədə hansı tədqiqatlar aparılıb? Kimlərin fikri soruşulub, keçmiş təcrübə kimdən öyrənilib? Dəqiq bilirəm ki, həm Şuşa şəhərində, həm də kəndlərdə arıçılıq təsərrüfatları geniş yayılmışdı. Məsələn, görkəmli şairimiz, respublikanın Əməkdar müəllimi, Qarabağ müharibəsi veteranı Əyyub Şırlanlının şəhərin Cıdır düzünə gedən hissəsində böyük arıçılıq təsərrüfatı var idi. O cümlədən Şuşadan köçərək Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmış ailələr də həmin fəaliyyəti davam etdirirlər. Göyçay şəhərində Hüseynovlar ailəsinin böyük arıçılıq təsərrüfatı var. Arıları Şuşadan köçürmüşdülər. Mineral su məsələsinə gəlincə, onu da dəqiq bilirəm ki, Şuşadakı mineral sular ümumiyyətlə təbiətinə, xarakterinə, tərkibinə görə nadir sulardan sayılır. Bir neçə mənbə var idi. Şuşa şəhərindən 20 kilometr məsafədə, dağların qoynunda yerləşən Turşsu qəsəbəsində dünyanın ən gözəl turş suyu çıxırdı. Orada mineral su zavodu tikilirdi və istifadəyə verilməsinə çox az qalmışdı. Şuşa işğal olunmasaydı, turşsu şüşə butulkalarda müxtəlif bölgələrə satışa göndəriləcəkdi. Dağın o biri tərəfində, Şırlan kəndində də mineral su mənbələri var idi. Onlar bu gün də çağlayır. Həmin mənbədən paslanmayan borularla şəhərə su kəməri çəkmişdilər. Bir neçə yerdə mineral su qaleriyası tikmişdilər. Hamısı arxitekturası gözəl binalar idi. Orada həm istisu, həm turşsu, həm də adi mineral sular qaleriyası yaradılmışdı. Şəhər sakinləri ilə yanaşı, SSRİ-nin müxtəlif yerlərindən gələn qonaqlar o sulardan istifadə edirdilər”.
K.Kərimli vurğulayıb ki, istənilən qərarın verilməsi üçün əsaslar olmalıdır:
“Amma onunla bağlı bizdə məlumat yoxdur. Bəlkə Nazirlər Kabineti belə qərarlar qəbul etməkdə haqlıdır? Bilmirəm. Yadımdadır ki, Şuşa şəhərində uzun müddət heyvan saxlanılmasına qarşı mübarizə aparılmışdı. İri və xırdabuynuzlu heyvanların şəhər mərkəzində saxlanması çox ciddi problem idi. 1970-ci illərin əvvəllərində Şuşanın birinci katibi Qəşəm Aslanov qaramalın şəhərdən çıxarılması uğrunda ciddi mübarizə aparmışdı və buna nail olmuşdu. Buna baxmayaraq, Şuşa şəhərində yaşayan adamlar da ət yeməliydi. Ona görə də şəhərdən kənarda ətlik məntəqələri yaradılır və əhali ətlə təmin olunurdu. Qadağa siyahısında avtomobil zavodları, zərərli tullantılar, daş kömür istehsalı və başqa bəzi sahələr Şuşada ümumiyyətlə olmayıb. Şuşada avtomobil zavodunun açılması ağlagəlməzdir. Amma dərman bitkiləri təsərrüfatı yaratmaq olar. Şuşa ətrafındakı itburnu, giləmeyvə, böyürtkən, moruqlardan həm dərman bitkiləri istehsal etmək, həm də istehlak üçün təhvil vermək olar. Yəni Şuşada çoxlu biznes sahələri qurmaq mümkündür. Amma hələ yerli əhali Şuşaya köçürülməyib. Bizə verilən ən son məlumata görə, 2022-ci ilin noyabr ayında ilk köçürülmə baş tutacaq. Maraqlıdır, köç başlamayıbsa, indidən bu qadağalar kimin üçün tətbiq olunur? Şuşada yerli əhali yoxdursa, orada sahibkarlıqla kim məşğul olur ki, onlara qadağa qoyulur? Belə çıxır ki, yerli əhali olmasa da, kimlərsə Şuşada sahibkarlıq işi görə bilər. Bu, yanlış addımdır”. Kərim Kərimli diqqətə çatdırıb ki, Şuşanın ayrıca statusu var. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Gələn il də türk dünyasının mədəniyyət paytaxtı olacaq:
“Şuşada mədəniyyətin, muzeyçiliyin, turizmin inkişafı nəzərdə tutulur. Şuşa üzrə əlahiddəlik həm də onda görünür ki, Prezidentin Şuşa üzrə ayrıca nümayəndəliyi var. Şuşaya ayrıca yanaşma, diqqət və hörmət var. Bu, aydındır. Amma Şuşada mədəniyyətlə bağlı keçiriləcək tədbirlər yerli əhalinin iştirakı ilə olmalıdır. Məsələn, Şuşada çayxanada əyləşirəm və çay gətirən oğlandan haralı olduğunu soruşuram. O da Şuşaya 400 kilometrlik məsafədə yerləşən bir məntəqədən olduğunu deyir. Ancaq mən Şuşaya bilet alıb gedirəm. Bu məsələlər mütləq tənzimlənməlidir. Bölgəni çox yaxşı bilən adamlar orada işə cəlb olunmalıdır. Məhz həmin adamlar düzgün qərarların qəbul olunmasına müsbət impuls verə bilərlər. Məsələn, bir var hansısa binanı sökəndən sonra duyuq düşəsən ki, ora Süleyman Sani Axundovun eviymiş. Biri də var evi uçurtmamış bölgəni yaxşı tanıyan adamdan soruşasan, maraqlanasan. O da sənə izah edər. Söhbət bundan gedir. Sonradan oxuyan, internetden, vikipediyadan öyrənən adamla bölgəni əvvəlcədən və daha dərindən tanıyan, bilən adam eyni olmur axı. Prosesə həmin adamların cəlb olunması daha məqsədəuyuğun olardı”.