Rusiya-Ukrayna savaşı və dünya SİLAH BAZARI: “Postmüharibə dövrünün perspektivi…” – ŞƏRH

Rusiya-Ukrayna savaşı və dünya SİLAH BAZARI: “Postmüharibə dövrünün perspektivi…” – ŞƏRH

“Silah alıcıları olan ölkələr də onları maraqlandıran silahların bu müharibədə özünü necə göstərdiyini izləyir, buna uyğun qərar verməyə çalışırlar”.

Bu fikirləri Ukraynaya hərbi təcavüzə başladıqdan sonra Rusiyanın dünya silah bazrında malik olduğu 20 faizlik payın azalması haqda məlumatları şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən sonra aparıcı silah istehalçısı olan ölkələrin hərbi-sənaye komplekslərində yeni sıçrayış gözlənilir:

“Doğrudan da, Ukrayna ilə müharibəyə başladıqdan sonra Rusiyanın dünya silah bazarında payının azalması tendensiyasının yaranması reallıqdır və təbii qarşılanmalıdır.

Çünki Rusiyanın hərbi sənaye kompleksi müasir silahların istehsalı üçün tələb olunan yüksək texnologiyaları, əsasən, xaricdən aldığı üçün sahədə çətinliklərin yaranması gözlənilməz deyil. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu sahəyə təsirsiz ötüşə bilməz.

Ancaq nəzərə almaq lazımdır ki, bütün müharibələrin sonu sülhlə tamamlanır və Rusiya-Ukrayna savaşı da bu mənada istisna təşkil etməyəcək. O baxımdan, dünya silah bazarında postmüharibə dövrünün perspektivi, həmçinin Rusiyanın bazarda mövqeyi haqda danışmaq üçün əsas var.

Ukrayna müharibəsi istər Rusiya, istərsə də NATO ölkələrinin ən müasir silalarının tətbiq edildiyi bir savaşdır və yeni sistemlərin sınaqdan çıxarılması üçün real meydandır. Silah istehsalçıları öz məhsullarının bu müharibədə necə sınaqdan çıxdıqlarını araşdırır və sözsüz ki, onların təkmilləşdirilməsi üçün yeni ideyalar düşünürlər.

Eyni zamanda, silah alıcıları olan ölkələr də onları maraqlandıran silahların bu müharibədə özünü necə göstərdiyini izləyir, buna uyğun qərar verməyə çalışırlar. Yəni bu ölkələr almaq istədikləri silahların nə dərəcədə effektli olduğunu gerçək müharibədə görürlər.

Fikrimcə, Rusiya-Ukrayna müharibəsindən sonra aparıcı silah istehalçısı olan ölkələrin hərbi sənaye komplekslərində yeni sıçrayış gözlənilir. Bu gözlənti isə Rusiyanın bazarda öz mövqelərini yaxşılaşdırmasına zəmin yaradır. Zəmin isə ondan ibarətdir ki, Rusiya indiki sanksiyalar şəraitinə adaptasiya olaraq artıq xaricdən aldığı texnologiyaları özü hazırlamağa və xaricdən olan asılılığı aradan qaldırmağa çalışır”.

A.Zeynalov