Partıltıdan uzaq olmaq istəyən patriotların tutulması

Partıltıdan uzaq olmaq istəyən patriotların tutulması

Bu qismən məzəli, qismən də ibrətamiz hadisə Rusiya-Gürcüstan sərhədində olub. Sərhəd-keçid məntəqəsində Rusiyadan Gürcüstana keçən 26 və 29 yaşlı gəncləri Sakartvelo ərazisinə buraxmayıblar və “möhtəşəm Rus diyarı”na qaytarıblar.

Bunu sosial şəbəkədə dəyərli həmkarım Heydər Oğuz, gənclərin maması tərəfindən yazılmış Feysbuk statusunun skrin-şotunu paylaşmaqla yazmışdı.

Durumun ibrətamizliyi ondadır ki, rus gənclərin niyyəti Rusiyada elan edilmiş qismən səfərbərliklə bağlı öz şirin canlarını götürüb aradan çıxmaq olub, ancaq Gürcüstan sərhədçiləri onlara “Krım kimindir”, “Ukraynadakı müharibə nə dərəcədə ədalətlidir” kimi suallar verəndə gənclərin patriot damarı yoğunlayıb, deyiblər ki, “Krım bizimdir, Ukraynanı işğal edərkən haqlıyıq”,

İş belə olanda gürcü məmurlar deyib ki, elədirsə, vətəniniz dardadır, Krıma təhlükə var, üstəlik, ordunuza yeni qüvvələr lazımdır, qayıdın geri, gedin vuruşun, əsl vətənpərvər fərarilik etməz.

Rus gənclər Rusiya tərəfə qayıdarkən görüblər ki, bay, hərbi komissarlığın, hərbi polisin işçiləri əllərində hazır çağırış vərəqəsi onları gözləyir. “Sənədinizi təqdim edin, adını yazaq, vərəqənizi alın, filan gün komissarlıqda olun. Gəlməsəniz, Cinayət Məcəlləsinin müvafiq qanunları ilə...”.

İndi gənclərin maması gileylənir, gürcü sərhədçilərə acıqlıdır ki, onun patriot oğullarının səfərbərlikdən yayınmasına icazə verməyiblər.

Qadın anlamır ki, əslində gənclər Gürcüstana yollarını öz cavabları ilə bağlayıblar. Bəlkə də onlar “Krım Ukraynanındır, biz Ukraynaya hücum etməkdə haqsızıq, hələ 2008-də Rusiyanın Gürcüstana müdaxiləsi də düz olmamışdı, Abxaziya və Cənubi Osetiyanı Gürcüstandan qoparmaqda düz eləmirik” desəydilər, gürcülər də daş-qaya deyil ha, anlayardılar ki, bu gənclər obyektiv və ədalətlidirlər, rus şovinisti deyillər.

Amma sən həm patriotluq elə baş yar, həm də qısqı bərk gələndə aradan çıx ki, müharibə bitəndən sonra qayıdıb təzədən patriotluq, hətta “skinxed”lik edəsən. Elə olmur.

Əsl patriotun yeri ön cəbhədir, səngərdir. Bir adam ki, eyzən patriot-patriot danışacaq, amma ehtiyac yarananda qaçıb gizlənəcək, ona ya psevdopatriot deyərlər, ya da boşboğaz fərari.

Elə adamlar bizdə də vardı, var, gələcəkdə də olacaqlar. 2020-ci ilin iyulunda bəziləri səfərbərlik idarəsinin qabağında şəkil çəkdirib sosial şəbəkədə yayırdılar. Ştatlı trollar da bəzi məmur balalarının həmin fotolarını paylaşır, yazırdılar ki, filankəsə halal olsun, çox vətənpərvər övladlar böyüdüb, baxın, vətəndardadır, uşaqlar müharibəyə getmək üçün müraciət ediblər. Amma sonra nə oldu? Heç nə. 2 ay sonra müharibə başladı, ehtiyatdan bir sıra hərbi mükəlləfiyyətli adamları çağırdılar, fotosessiya edən gənclər isə aradan çıxdılar. Hələ də bilinmir ki, haradadırlar.

Birinci Qarabağ müharibəsində, 1993-cü ilin payızında hərbi hissələr yenidən formalaşdırılanda o vaxtın deputatlarını rayonlara göndərmişdilər, gəlib yeni təşkil edilmiş batalyonlarda, əsgərlərin qarşısında çıxış edir, şəhidlik zirvəsinə yüksəlməyin fəzilətlərindən danışırdılar. Açıq-aşkar boşboğazlıq edənlər vardı. Sonradan dəqiqləşdirdik ki, adamın öz övladı çoxdan Rusiyadadır, arada da Parisə gedir, Eyfel qülləsinə-zada dırmaşır.

İndi də Dubaydakı cənnətməkan “Bürc Xəlifə”yə liftlə yüksələnlərin ataları şəhidlik zirvəsinə yüksələnlərin cənnətə düşdüklərini iddia edirlər.

Nə məcburdur, danışmasınlar, sussunlar. Aşağılarda onlardan bu cür riyakarcasına danışmağı tələb edənlər yoxdur. İtirməyə bir şeyi olmayan kasıb gənclər onsuz da, heç kim onları müharibəyə çağırmasa da, özləri toplaşıb, birləşib düşmənin qarşısında çıpər-sipər olmağa gedəcəklər. Tarixən belə olub. Həmişə də elə olacaq.

Bunun üstündən həm övladının salamatlığını təmin etmək, ona təhlükəsiz yerlərdə iş qurmaq, həm də onun “patriot biri” olduğu barədə rəy yaratmaq, yuxarıda dediyimiz kimi, riyakarlıqdan başqa bir şey deyil.

Yazının əvvəlində sözügedən rus gənclərin faciəsi ondadır ki, onlar qafalarını rus şovinizminə qapdırblar, özlərini böyük millət, həmişə haqlı tərəf sayırlar, amma istəyirlər ki, rus xalqının necə böyük millət olduğunu başqaları, əsasən də milli azlıqların gənc oğulları sübut eləsinlər, gedib Ukraynada döyüşsünlər, ölsünlər, şikəst olsunlar, amma geri addım atmasınlar, axırda qalib gəlsinlər.

Bu isə o qədər də asan iş deyil. Ağlı olan patriotlar öz xalqlarının təəssübünü çəkərlər, daha onları əsarətdə saxlayan “böyük millət”in yox. Çox məcburdurlarsa, variant yoxdursa, onda müharibəyə məcburi göndərilən “yadoğlu”lar üstlərində ağ mələfə gəzdirəcəklər.

Belə haqsız müharibələrdə ağ mələfə heç də təkcə kəfən funksiyası daşımır, bir payanın başına keçirib düşmənə göstərə-göstərə yellədikdə ömrü uzadır.

Samir SARI