Qobustanda vətəndaşların əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciətləri dinlənilib  

Qobustanda vətəndaşların əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciətləri dinlənilib  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov tərəfindən Qobustan rayonunda vətəndaşqəbulu keçirilmişdir. Aztibb.az xəbər verir ki, qəbul zamanı vətəndaşların əlilliyin qiymətləndirilməsi, işlə təmin edilmə, özünüməşğulluq və dövlət hesabına müalicə ilə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb. Bir sıra məsələlər yerindəcə həll olunub. Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar əlilliyin qiymətləndirilməsinə dair qanunvericilik barədə ətraflı məlumat verilib. Agentliyin sədri daha sonra Qobustan rayonunun Sündü kəndində dəfn edilən şəhid Vadim Qocayev və atası Alik Qocayevin məzarlarını, eyni zamanda I Qarabağ müharibəsi və Vətən müharibəsi zamanı şəhid olan Sündü kənd sakinlərinin məzarlarını ziyarət edib. Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi veteranı Vadim Qocayev 12 sentyabr 2022-ci il tarixində Ermənistan Silahlı Qüvvələrini tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Vadim Qocayev 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "İgidliyə görə" medalı və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.