Sentyabrın 26-sı Avropa Dilləri Günüdür

Sentyabrın 26-sı Avropa Dilləri Günüdür

Sentyabrın 26-sı Avropa Dilləri Günüdür. Bu əlamətdar gün 2001-ci il dekabrın 6-da Avropa Şurası tərəfindən təsis edilib. Növbəti il sentyabrın 26-dan etibarən üzv dövlətlər bu günlə əlaqədar müxtəlif tədbirlər təşkil etməyə başlayıblar.

AZƏRTAC Avropa Müasir Dillər Mərkəzinin saytına istinadla xəbər verir ki, Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriç bu əlamətdar gün münasibətilə bəyanat verib. Bəyanatda Avropa Dilləri Günü qitəni özünəməxsus edən çoxsaylı dillərin bayramı kimi səciyyələndirilir. Qeyd olunur ki, dil müxtəlifliyi bizim mədəni irsimizdir. Bu, bizə fərqi qiymətləndirməyə və müxtəlifliyin gücümüz olduğunu anlamağa kömək edir.

Mariya Peyçinoviç Buriç ictimaiyyəti Avropadakı bütün dillərə dəyər verməyə səsləyir.

Avropa Dilləri Gününün qeyd edilməsinin əsas səbəbi hər kəsi ikinci və ya üçüncü dil öyrənməyə təşviq etmək, həmçinin bir neçə dilbilmənin mədəniyyətlərarası anlayışı artırdığını aşılamaqdır. Avropada 225 yerli dil var və onların üçdə ikisi təhlükə altındadır. Qitədə ən çox ingilis, rus, alman, türk, fransız, italyan dilləri yayılıb.

Builki tədbirlər dil bacarıqlarının gənclərin xidmətində olması mövzusuna həsr edilir. Avropa Dilləri Günü 41 ölkədə ümumilikdə 883 tədbiri və onlara qatılan 410190 iştirakçını əhatə edəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Bolqarıstanın paytaxtı Sofiyada Avropa Dilləri Günü təşkil olunub. Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən hazırlanmış Azərbaycan dili və mədəniyyəti ilə bağlı maraqlı materiallar və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən tərtib edilmiş “Dilimizə sevgi ilə...”, məşhur Azərbaycan şairləri və yazıçıların müxtəlif dillərə tərcümə olunmuş ifadələri və şeirləri paytaxt sakinlərinə təqdim olunub. Bu il ilk dəfə festivalda iştirak edən müxtəlif ölkələrin nümayəndələri ana dillərində nağıl oxuyublar. Azərbaycan diasporunun nümayəndəsi Xadicə Simeonova Fransız İnstitutunun kinozalında yığışan uşaqlara Azərbaycan dilində “Cırtdan” nağılını oxuyub. Həmin bu təşəbbüs çərçivəsində fransız yazıçısı Şarl Perronun “Qırmızı papaq” nağılı da Avropa ölkələrinin 14 dilində, o cümlədən Azərbaycan dilində səslənib.

Qeyd edək ki, bu gün Azərbaycan Dillər Universitetində Avropa Dilləri Gününə həsr edilən tədbir keçiriləcək.