Azərbaycanla Rusiyanın parlamentlərarası əlaqələri: keçmişdən bu günə

Azərbaycanla Rusiyanın parlamentlərarası əlaqələri: keçmişdən bu günə

Rusiaya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu gün Azərbaycana rəsmi səfər edəcək.

Vyaçeslav Volodin Azərbaycan Parlamentinin sədri Sahibə Qafarova ilə görüşəcək.

Səfərin əsas məqsədi Rusiya-Azərbaycan münasibətlərinin cari gündəliyinin bütün məsələləri üzrə fikir mübadiləsi aparmaqdır.

***

Azərbaycanla Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Son illər ərzində iki ölkə arasındakı siyasi əməkdaşlıq xeyli dərəcədə artıb. Dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycan-Rusiya münasibətlərinin inkişafına mühüm təkan verib. İki ölkə arasında diplomatik əlaqələr 4 aprel 1992-ci ildə qurulub. Həmin ildə hər iki dövlətin qarşılıqlı surətdə səfirlikləri açılıb.

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İşçi qrupu 7 mart 1997-ci il tarixində yaradılıb və ilk rəhbəri Eldar Qəhrəmanov olub.

2001-ci il 16 apreldə imzalanmış "Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Məclisi arasında əməkdaşlıq haqqında" Sazişə əsasən AR MM və RF FM-nin əməkdaşlığı üzrə Parlamentlərarası Komissiya təsis edilib. Onun iş qaydaları 21 oktyabr 2004-cü il tarixində təsdiq edilmiş Reqlament ilə müəyyən olunub. Komissiyaya Azərbaycan tərəfində Milli Məclisin deputatları, Rusiya tərəfindən isə Federasiya Şurasının (parlamentin yuxarı palatası) üzvü və Dövlət Dumasının (parlamentin aşağı palatası) deputatları daxildir. Komissiyanın iki ildə bir dəfə Bakıda və Moskvada (növbələşmə üzrə) iclasları keçirir.

Parlamentlərarası əlaqələr günümüzdə

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri müxtəlif platformalarda davamlı şəkildə inkişaf edir.

2016-cı ildə Sankt-Peterburqda səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov noyabrın 23-də Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşüb.

Rusiya və Azərbaycan parlamentlərinə seçkilər keçirildiyini qeyd edən Dövlət Dumasının sədri beynəlxalq müşahidəçilər missiyasında fəal iştirakına görə azərbaycanlı tərəfdaşlara minnətdarlığını bildirib. Ölkələrimizin parlamentləri arasında münasibətlərə toxunan V.Volodin Rusiya və Azərbaycan qanunvericilik hakimiyyətlərinin nümayəndələrinin intensiv dialoqunu qeyd edərək deyib: "Noyabrın 24-də MDB Parlamentlərarası Assambleya Şurasının sessiyası çərçivəsində dialoq davam edəcək. Ölkələrimizin sıx münasibətləri var, müxtəlif səviyyələrdə əlaqələr inkişaf edir. Biz konstruktiv münasibətlərin inkişafı istiqamətində səylərimizi davam etdirəcəyik".

Azərbaycan Milli Məclisinin sədri O.Əsədov Rusiya Dövlət Dumasının sədri vəzifəsinə seçilməsi münasibətilə V.Volodini təbrik edib və onun böyük təcrübəsinin ölkə parlamentinə yeni töhfə, yeni ruh verəcəyinə əminliyini bildirib.

Azərbaycan ilə Rusiya arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayan Oqtay Əsədov deyib: "Əlaqələrimizin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı rəsmi səfərlərinin böyük rolu olub. Prezidentlərin siyasi dialoqu sayəsində əlaqələrimiz strateji xarakter alıb. Ölkələrimizin parlament nümayəndə heyətləri bütün beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Biz vahid xətt yürüdürük, bir-birimizi dəstəkləyirik. Parlamentlərimizdə dostluq qrupları fəaliyyət göstərir. Rusiya Federasiyasının yeni parlamentində yeni qrup təşkil ediləcək. Əminəm ki, bu qrup ilə də səmərəli əməkdaşlıq davam edəcək".

Müxtəlif platformalarda olan təmaslar

2017-ci ilin iyununda Seulda Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsində iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşmüşdü.

Görüşdə Azərbaycan və Rusiya arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan ilə Rusiyanın müxtəlif sahələrdə uğurla əməkdaşlığının bundan sonra da inkişafı üçün hər iki tərəfin səylə çalışacağı bildirilib.

Tərəflər Azərbaycanın və Rusiyanın qanunverici orqanları arasında əlaqələrin ölkələrimizin strateji tərəfdaşlıq münasibətləri zəminində sürətlə inkişaf etdiyini vurğulayıb, parlamentlərarası əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Burada Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin birgə iclasını xatırlatmaq istərdik. İki min on yeddinci ilin dekabrında keçirilən iclasda beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkələrimiz arasındakı dostluq münasibətlərinin dərin tarixi köklərə əsaslandığını və hazırda yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, ulu öndər Heydər Əliyev Rusiya-Azərbaycan əlaqələrinin dərinləşməsi üçün böyük işlər görüb.

Həmin dövrdə Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri olan Leonid Kalaşnikov ölkələrimiz arasında fikir ayrılığının olmadığını deyib. O qeyd edib ki, Rusiya və Azərbaycan arasında strateji əməkdaşlıq uğurla inkişaf edir: "Ölkələrimizin ortaq sərhədi, tarixi var. Ulu babalarımızın İkinci Dünya müharibəsində qələbəsi ortaq tarixi səhifələrimizdən biridir. Bu müharibədə Qələbənin əldə edilməsində Azərbaycanın böyük rolu olub. Bakı nefti Sovet İttifaqının qələbə qazanmaqda əsas səbəb olub".

Leonid Kalaşnikov, həmçinin qeyd edib ki, ölkələrimiz arasında humanitar sahədə də əməkdaşlıq yüksək səviyyədədir: "Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb universitetlərinin Bakı filialları fəaliyyət göstərir. Burada rus dilinin qorunub saxlanılması üçün görülən işlər bizi sevindirir".

2018-ci ilin noyabrında Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyə Respublikasının Antalya şəhərində Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşüb.

Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə iki qonşu ölkənin parlamentləri arasında münasibətlərin dinamikası yüksək dəyərləndirilib. Tərəflər Azərbaycan və Rusiya parlamentləri arasında birgə komissiyaların yaradılması ilə bağlı səmərəli fikir mübadiləsi aparıblar. Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısında hər iki ölkənin ümumi maraqlarını əks etdirən mövqenin nümayiş etdirildiyi bildirilib.

Spikerlər arasında görüşlərin müntəzəm xarakterli olduğunu diqqətə çatdıran Dövlət Dumasının sədri Vyaçeslav Volodin qeyd edib ki, əlaqələrin daha da genişləndirilməsi üçün bütün imkanlardan istifadə olunur.

Azərbaycan-Rusiya münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin önəmli rolunu yüksək dəyərləndirən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, keçirilən hər bir görüş faydalıdır və əhəmiyyətlidir.

İkitərəfli iclas

Ötən ilin dekabrında Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin İkitərəfli parlamentlərarası komissiyasının videokonfrans formatında 16-cı iclası keçirilib.

Komissiyanın iclasına Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Qalina Karelova həmsədrlik ediblər.

Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli bildirib ki, bu görüş parlamentlərarası münasibətlərin inkişafına və dərinləşdirilməsinə öz töhfəsini verəcək.

Əli Hüseynli çıxışında deyib ki, Azərbaycan və Rusiya dövlət başçılarının səyləri nəticəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib. O, hər iki ölkənin qanunvericilik orqanlarının bu istiqamətdə rolunu yüksək qiymətləndirib.

Bu ilin fevralında isə Prezident İlham Əliyevin Rusiyaya səfəri çərçivəsində "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb. Bəyannamədə Rusiya Federasiyası və Azərbaycan Respublikası parlamentlərarası əməkdaşlığı möhkəmləndirmək niyyəti ifadə olunub.

O cümlədən MDB PA çərçivəsində qarşılıqlı əlaqələr hərtərəfli tərəfdaşlığın möhkəmləndirilməsinə və dövlətlərin ali qanunverici orqanları arasında münasibətlərin dərinləşməsinə xidmət edir.

Vətən müharibəsi amili

Uzun bir tarixi dövrü əhatə edən Azərbaycan-Rusiya parlamentlər arası əlaqəsinin bir çox yadda qalan görüşü olub. Azərbaycanın torpaqlarını işğaldan azad etdiyi 44 günlük Vətən Müharibəsinin başlamasından bir neçə gün öncə, sentyabrın 23-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Federal Məclisin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb.

Həmin görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Qərb bölgəsində - Tovuz rayonu ilə sərhəddə baş vermis silahlı toqquşmalar barədə danışılıb. Sahibə Qafarova bildirib ki, Azərbaycan problemin beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli həllinə tərəfdardır. Sülh danışıqları baş tutmasa Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Vyaçeslav Volodin isə bildirib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Səfər çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüşüb.

Valentina Matviyenko deyib ki, Azərbaycan Rusiya üçün strateji tərəfdaş olub və belə olaraq da qalır: "Parlamentlərarası əməkdaşlıq sözsüz ki, dövlətlərarası münasibətlərin qurulmasında vacib rol oynayır".

Parlamentlərarası dostluq qrupu

Bütün bunlarla yanaşı iki ölkənin parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir. Bir çox məqamlarda bu qrupun üzvləri Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq istəyən fikirlərə qarşı öz açıq mövqelərini ortaya qoyurlar.

Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasından olan deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Dmitri Savelyev bu ilin martında Dövlət Dumasının deputatı tərəfindən Azərbaycan əleyhinə səsləndirilmiş fikirləri cavabsız qoymamışdı. Dmitri Savelyev Rusiya Dövlət Dumasının iqtisadi siyasət Komitəsinin sədr müavini Mixal Delyaqin fikirlərinə etirazını bildirmiş və qeyd etmişdi ki, istənilən emosiyalar və şəxsi seçimlər şəxsi olaraq qalmalıdır, çünki geniş auditoriya üçün rəsmi şəxsin istənilən bəyanatı bu şəxsin təmsil etdiyi hakimiyyətin mövqeyi kimi görünür:

"Sonrakı üzrxahlıqlar və izahatların bunun sırf şəxsi fikir olduğunu göstərməsi vəziyyəti çox dəyişmir. Bu, cəmiyyətimizin sabitliyə və zəmanətlərə ciddi ehtiyacı olduğu indiki dövrdə xüsusilə təhlükəlidir. Azərbaycanla əldə olunan razılaşmalar baxımından da vəziyyət çirkin görünür. Xatırladım ki, fevral ayında Rusiya və Azərbaycan prezidentləri müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalayıblar, hansı ki, onun birinci bəndində ölkələrimiz arasında münasibətlərin qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında qurulduğu, eləcə də mübahisələrin sülh yolu ilə həlli vurğulanıb".

Dostluq Qrupunun Rusiya tərəfinin bir çox proseslərə yanaşmada fəallığı görünsə də, nədənsə bu aktivlik Azərbaycan tərəfində o qədər də gözə çarpmır.