Analitiklər nüvə müharibəsi senarisini təsvir etdi - Zərbə və cavab

Analitiklər nüvə müharibəsi senarisini təsvir etdi - Zərbə və cavab

Ukrayna ilə müharibədə fiasko və işğal olunmuş əraziləri tələsik ilhaq etmək ərəfəsində olan Rusiya prezidenti Vladimir Putin taktiki nüvə silahlarından istifadə edə bilər ki, buna NATO ölkələri ABŞ-dan kənarda yerləşdirilən taktiki nüvə qüvvələri ilə cavab verə bilər.

Putinin kütləvi səfərbərlik elan etməsindən və ələ keçirilən Ukrayna torpaqlarının itirilməsinin qarşısını almaq üçün "bütün mümkün vasitələrdən” istifadə etməklə hədələməsindən sonra AFP-yə müsahibə verən Qərb hərbi ekspertlərinin proqnozu belə olub.

"Ölkəmiz müxtəlif məhvetmə vasitələrinə malikdir və bəzi komponentlərinə görə NATO ölkələrindən daha müasirdir, - Putin televiziya ilə 300 min nəfərin orduya çağırıldığı çıxışında açıqlayıb. - Bizi nüvə silahı ilə şantaj etməyə çalışanlar bilməlidirlər ki, külək onların istiqamətinə dönə bilər”.

Təhdidlərinin "blef olmadığını" diqqətlə vurğulayan Putin bir və ya bir neçə taktiki nüvə bombasından istifadə edə bilər, ekspertlər AFP-yə bildiriblər. Onların gücü 0,3 ilə 100 kiloton arasında dəyişir və ABŞ-ın 1945-ci ildə Xirosimaya atdığı bomba ilə (15 kiloton) müqayisə edilə bilər. Müqayisə üçün: strateji raket başlıqlarının gücü 1,2 meqatona çata bilər.

32 kvadrat kilometr ərazini vurmaq üçün 20 taktiki nüvə bombası lazımdır. CSIS Beynəlxalq təhlükəsizlik proqramının eksperti Mark Kansian deyir ki, Putin çox güman ki, "bir bomba ilə kifayətlənəcək”, çünki onun məqsədi Ukraynanı qorxutmaq və Qərb müttəfiqləri arasında nifaq salmaqdır.

Güclü siqnal göndərmək və kütləvi insan tələfatının qarşısını almaq üçün bomba yüksək atmosferdə partlatıla bilər - bu, Ukraynada avadanlıqları sıradan çıxaran elektromaqnit impuls yaradacaq. Ağ Evin nüvə silahları üzrə keçmiş eksperti Con Volfsthal deyir ki, bu cür senarilər "çox güman ki, NATO-nu parçalamaq və Putinə qarşı qlobal konsensusu pozmaq məqsədi daşıyır”.

Ukraynanın hərbi bazasına və ya böyük şəhərə zərbə endirilməsi və Ukraynanın siyasi rəhbərliyinin mümkün məhvi ilə bağlı senari istisna edilmir. Lakin belə bir hərəkət ümidsizlik jesti kimi qiymətləndiriləcək, Volfsthal əmindir.

Ekspertlərin fikrincə, Putin nüvə silahı istifadə etmək qərarına gəlsə, Qərbin cavab verməkdən başqa yolu qalmayacaq. Volfsthal hesab edir ki, üstəlik, cavab çox güman ki, təkcə ABŞ-dan deyil, bütün NATO-dan gələcək.

Alyans ölkələrində ABŞ-ın 100-ə yaxın taktiki nüvə silahı yerləşdirilib, onlardan simmetrik cavabda istifadə etmək olar – bu, qətiyyət nümayiş etdirəcək və Moskvaya öz hərəkətlərinin təhlükəsini xatırladacaq, "Atlantic Council”dən Metyu Kroniq deyir.

Volfsthal deyir ki, istənilən cavab Putinin hərbi vəziyyətinin nüvə zərbəsi nəticəsində "yaxşılaşmamasını” və "onun siyasi, iqtisadi və şəxsi mövqeyinin zədələnməsini” təmin etməlidir.

Putinin nüvə zərbəsinin nəticəsi o olacaq ki, əvvəllər birmənalı fikirdə olmayan ölkələr Rusiyadan üz döndərə bilərlər. Bu da Hindistan və hətta Çini sanksiyalara qoşulmağa razı sala bilər, Kroniq hesab edir.

Bundan əlavə, ABŞ Ukraynaya təyyarələr, Patriot raketləri, THAAD hava hücumundan müdafiə batareyaları və Rusiyanın dərinliklərində hədəfləri vurmağa imkan verəcək uzaqmənzilli raket sistemləri ilə təmin edə bilər, - o, davam edir,

"Ukrayna qüvvələri üçün hazırda mövcud olan bütün məhdudiyyətlər aradan qaldırılacaq", - CSIS-dən Kansian deyib.

Nizami Bağırov