Zümrüd Qasımova: "40 yaşımdan sonra övladlığa uşaq götürmərəm" - MÜSAHİBƏ + FOTO

Zümrüd Qasımova: "40 yaşımdan sonra övladlığa uşaq götürmərəm" - MÜSAHİBƏ + FOTO

Son günlər adı boşanan məşhurlar sırasında hallanan "Yuğ" teatrının aktrisası və aparıcı Zümrüd Qasımovanın Bizim.Media-ya özəl müsahibəsini təqdim edirik.

⁃ Xoş gördük sizi, Zümrüd xanım. Necəsiniz?

⁃ Bu günlərdə “yaxşıyam” deyə bilmərəm, çünki şəhidlərimiz var. Vətən sağ olsun. Hamımız Vətən üçün canımızdan keçməyə hazırıq. Bir tərəfdən üzümüzdə kədər, göz yaşı olsa da, digər tərəfdən şadıq ki, ölkəmiz zəfər günlərini yaşayır.

Təbii ki, bu da hər birimizi sevindirir. Sentyabrın 29-u baş rolda çəkildiyim "Köhnə çemodanlar" bədii filminin kinoteatrlarda nümayişi olacaq. Ekran əsəri müharibədən əziyyət çəkmiş qadınlara həs olunub. Film real hadisələr fonunda lentə alınıb. Birinci və İkinci Qarabağ müharibəsində baş verən hadisələr kəsişir, hər iki dövrü əhatə edən ayrı-ayrı epizodlar dramaturji və vizual baxımdan bir-birini tamamlayaraq hekayənin vahid strukturunu yaradır. Hadisələr fonunda müharibə, onun insan psixologiyasında buraxdığı izlərə rəğmən heç bir halda haqqın zəfərinə, qələbəyə inamının itmədiyinin şahidi oluruq. Ekran əsərində jurnalist qadını canlanlandırmışam.

Hansı ki, həmin qadınlarla görüşür və onların həyatını öyrənir. Filmin rejissoru Səidə Haqverdiyevadır, ssenari müəllifi isə Sevda Sultanovadır. Həmin ekran əsərinə şəxsən özüm üç dəfə baxmışam və o qədər mənə pis təsir edib ki, çox kövrəlmişəm. Bütün tamaşaçılar bu filmə baxmalıdırlar.

⁃ Artıq bir neçə həftədir ki, adınız boşanan məşhurlar sırasında çəkilir. Hətta sosial şəbəkələrdə boşanma sənədiniz yayılıb. Nə baş verib?

⁃ Həyat yoldaşım Nazim Zeynalovla 14 ildir ki, ailəliyik. Sizə elə gəlməsin ki, 14 il kiçik zamandır. İndi gənclərimiz ailə qurub, güclə bir-birilərini yola verirlər. Hətta görürsən ki, bir-iki aydan sonra yola getməyib, boşanırlar. Bu həyatda heç kim heç nədən sığortalanmayıb. Mütləq bu insanla “ömrümün sonuna kimi yaşayacağam” kimi bir şey yoxdur. Hər şey qismətə bağlıdır.

Biz bir yerdəyik. İnşallah ki, hər zaman da bir yerdə olarıq. Olmasaq da bu, həyatdır. Sənədlərimlə bağlı problemlərim vardı. İllərdir evliyəm, lakin həyat yoldaşımın soyadını götürməmişəm. Bir sıra məsələlərə görə onun soyadını götürdüm və beləcə, şəxsiyyət vəsiqəm dəyişdi. Mənim adıma bir çox sənədlər, məkanlar var. Bütün sənədləri dəyişə bilmərəm, ona görə də yenidən "Qasımova" soyadına qayıtmalıydım. ASAN Xidmətdə mənə söylədilər ki, bunun üçün 7-8 ay gözləməlisiniz.

Mənim isə gözləməyə zamanım yox idi. Onda məsləhət gördülər ki, ən asan yolu boşanmaq, soyadı dəyişmək və qısa müddətdə yenidən nikaha daxil olmaqdır. Biz də bunun üçün boşandıq. Hamı mənə deyir ki, ayrılmısız. Əgər ayrılsam, bundan nə çəkinən, nə də ki qorxan deyiləm. Həyat mənimdir. Necə istəyirəm, elə də yaşayıram.

Heç kimə də hesabat vermək fikrində də deyiləm. Amma hər şey şəxsi həyatımda yaxşıdır. Bizim toyumuz olmayıb. Bu, mənim birinci, Nazimin isə ikinci evliliyidir. Biz nikaha girmişik. Boşandıqdan sonra həyat yoldaşıma dedim ki, bəlkə yenidən nikaha girən 30-40 nəfərlik kiçik yığıncaq təşkil edək. Yəni bu planımızda vardı. Boşandığımızın üzə çıxmasını istəməzdim. Yenə də deyirəm, həyat yoldaşımdan ayrılmamışam, biz bir yerdəyik.

⁃ Həyat yoldaşınız Nazim Zeynalov sosial şəbəkələrdə boşanma xəbərlərinə necə reaksiya verdi?

⁃ O, elə şeylərə fikir və önəm verən insan deyil. Hər zaman da deyir ki, elə şeylərə fikir vermə, bir müddət yazacaqlar, bir həftədən sonra isə hər şey unudulacaq. Onun dəstəyini hər zaman hiss edirəm. Həyat yoldaşımın yanında bir qadın olaraq özümü xoşbəxt hiss edirəm. Bu zamandan sonra əgər biz ayrılsaq belə bu həyatda kifayət qədər sevilmişəm. 14 il ərzində hər gün bəy öz xanımına zəng edib, onun harada olub-olmadığını, nəyəsə ehtiyacı olub-olmadığını soruşursa, bu məncə xoşbəxtlikdir.

Ondan savayı mən diqqət, sevgi ilə əhatə olunuram. Biz ayrılsaq da, heç zaman düşmən kimi ayrılmayacağıq. Çünki biz çox şeylər yaşamışıq. Boşanmaq üçün nikaha gedəndə orada mal-mülk bölgüsü məsələləri var. Məndən bu haqda soruşanda cavab olaraq söylədim ki, mənim həyat yoldaşımdan heç bir istəyim və ehtiyacım da yoxdur.

Sabah əgər həqiqətən də biz ayrılmağa qərar verib, boşansaq da, ondan heç bir şey tələb etməyəcəyəm. Çünki çox güclü qadınam. Heç kimin mal-mülkündə gözüm yoxdur. Allah canımı sağ eləsin, işləyib qazanaram.⁃ Sizin Nazim bəyin keçmiş xanımı və övladı ilə hazırda münasibətiniz var?

⁃ Bu haqda danışmaq istəmirəm. Sosial şəbəkələrdə yazırlar ki, bu bəy Zümrüdün əridir ki... Onun axı başqa ailəsi var... Nikah sənədim paylaşılıb, hamı da o sənədi görüb. Amma buna rəğmən hələ də mənə bu tip suallar ünvanlayırlar. İnanın bu şərhləri oxuyanda gülməyim gəlir. Sizə açıq etiraf edirəm ki, mənə və ailəmə təhqir yazan şəxslərə cavab yazıram.

Araşdıranda görürəm ki, boş-bekar, işi-gücü olmayan insanlardır. Heç kimdən qorxub, çəkinəcəyim bir şey yoxdur. Təhqir yazanlar getsinlər dırnaq içində ideal həyatlarına baxsınlar. Həyat yoldaşımın övladı var və onunla da gözəl münasibəti var. Amma mənim onlarla ünsiyyətim yoxdur.

⁃ Nazim bəy hüquq-mühafizə orqanlarında çalışır. Onlar isə çox ciddi insanlar olurlar. Həyat yoldaşınız sizə sənət fəaliyyətinizdə hansısa qadağalar qoyur?

⁃ Doğru vurğuladınız, o, hüquq-mühafizə orqanlarının birində çalışır. Amma buna baxmayaraq özü şeirlər yazır. Ruhu yaradıcıdır. Onun şeirlərinə Gülyaz-Gülyanaq Məmmədova bacıları, Murad Sadıx və digər məşhur müğənnilərimiz mahnılar oxuyublar.

O, hər zaman mənim sənətimi dəstəkləyir. Aktrisalıqla yanaşı aparıcıyam, çəkilişlərə gedirəm, filmlərə çəkilirəm. Bir də görürsən ki çəkilişlərə gecəyə, bəzən də səhərə kimi davam edir. O, bunların hamısını çox gözəl başa düşür. İşlərimlə bağlı onunla məsləhətləşirəm. Çünki onun fikirləri mənim üçün çox vacibdir.

Hətta Nazimin mərhum atası Zakir Zeynalov illərlə vəzifədə olmasına baxmayaraq, onun da bir çox şeirlərinə nəğmələr bəstələnib. Özü də bəstələyib. "Həzin Tovuz axşamları" mahnısını Şamo İsayev oxuyub, bundan başqa onun şeirlərinə bəstələnmiş mahnıları Nadir Bayramlı, Könül Kərimova, Elxan Şirinov və digər sənətçilər ifa edib.

⁃ Xəyanət cəmiyyətin ən ağrılı və həssas mövzularından biridir. Bir sıra sənətçilər bu mövzu ilə bağlı qalmaqallı və birmənalı qarşılanmayan fikirlər səsləndirirlər. Bəs siz həyatınızda xəyanətlə üzləşmisiniz? Xəyanəti bağışlamaq olar?

⁃ Xəyanətlə qarşılaşmamışam. Amma qarşılaşsam, bilmirəm... Olmayan məsələ haqda necə fikir bildirim? Bəzən eşidirəm ki, kişi edər, qadın isə xəyanət edə bilməz. Bu mövzuda "olar-olmaz" məvfumu yalnışdır. Çünki özünə hörmət edən insan sevgisinə, həyat yoldaşına, ailəsinə xəyanət etməz. Əgər xəyanət edirsənsə, deməli sən hər zaman bunu etməyə hazırsan. Sən dosta da xəyanət edə bilərsən. Mənim 30 illik dostlarım var.

Dostumu da seçəndə onu ömürlük seçirəm. Onunla ayrılmaq istəmirəm. Hər gün dost dəyişən insan deyiləm. Çox zaman deyirlər ki, sənət adamların həyatı belədir... Xeyr, indiki zamanda 14 il az müddət deyil. Xəyanət etmərəm, inanmıram ki, mənə də etsinlər. Dostlarımdan xəyanət edənlər olub. Amma mən bağışlamışam, çünki bu həyatda heç kim mükəmməl deyil. Bir var, bir dəfə edir, səhvini başa düşür, daha etmir.

Bir də var ki, mütəmadi xəyanət edir, tək həyat yoldaşına yox, onu əhatə edən hər bir insana. Belə olan təqdirdə isə artıq xəyanət onun həyat tərzinə çevrilir. Belə insanlardan isə qaçmaq lazımdır.

⁃ Ən böyük arzunuz?

⁃ 40 yaşım var. Hər günümə şükür edirəm. Çox xoşbəxtəm. Allah mənə 10 il həyat qaytardı. Hər adama bu, nəsib olmur. Hər zaman fikirləşirəm ki, Allah nələrəsə görə məni yaşatdı. Bundan sonra isə istəyirəm kino sahəsində çalışım. İşlərim çox olsun. Teatr sahəsində artıq 22 ildir ki, işləyirəm. Gözəl tamaşalarım var. Kifayət qədər efirlərdə də çalışmışam. Amma indi artıq filmlərə çəkilmək istəyirəm.

⁃ Bir sıra müsahibələrinizdə iki qızınızın olmağını arzu etdiyinizi vurğulamısınız. Bəs övladlığa uşaq götürmək kimi niyyətiniz var?

⁃ Bacımın qızı Gülsabah mənimlə yaşayır. Onun 12 yaşı var. Onu öz qızım kimi qəbul edirəm. Əslində mənim beş uşağım var. Bacımın uşaqları hamısı mənim öz balalarımdır. Mənsiz bir dəqiqə belə qala bilmirlər. Yazıb, zəng edib, axtarırlar.

Evə girəndə də mənim üstümdə uşaqlar arasında dava gedir ki, Zümrüd mənimdir. Məni bölə bilmirlər (gülür). Heç zaman anasızlıq hisslərini yaşamamışam. 40 yaşımdan sonra isə övladlığa uşaq götürmək istəmirəm. Amma maddi imkanın bəlkə də yaxşı olsa, bu haqda düşünürəm.

40 yaş elədir ki, heç özümə baxmağa zamanım bəzən qalmır, qaldı ki uşaqlara baxmaq. Belə də ki, tək deyiləm, Gülsabahım hər zaman yanımdadır. Gərək zamanında ana olmaq haqda düşünərdim. Amma yenə də qismət. İndi isə artıq gecdir. Özüm ana olmasam da, analıq hissim kifayət qədər çoxdur. Nisə Qasımova bir mahnısında deyir ki, "Mən bütün uşaqların anasıyam". Çox dərin, məntiqli və gözəl sözlərdir.

⁃ Həyatınızda hansı məqamı silmək istəyərdiniz?

⁃ Bəzən düşünürəm ki, görəsən mən bu yaşa qayıtsaydım, elədiklərimi yenidən edərdimmi. Təbii ki, hamı kimi "gərək etməzdim" kimi məqamlar çox olub. Düşünürəm ki, bu ağılla eyni Zümrüd olacaqdım. İnsanın elə problemləri olur ki, sən onu düşünürsən. Düşündükcə isə bu sənə problem, dərd yaradır. Sən bu ağrılarla yaşayırsan.

Uzun zamanlar məndə də belə problemlər vardı. Kimisə hansısa səhvinə görə bağışlaya bilmirdim. Amma bir məqam gəldi və mən oyandım ki, mən həmin insanı sildim, artıq onu xatırlamıram. Bundan sonra isə gördüm ki, mənə necə də rahatdır yaşamaq. Çünki insanın problemi, keçmişdə etdiyi səhvlər, səni incitmələr hər şeydən çox səni narahat edir və incidir.

Sən isə bunu yaddaşından silməlisən. Əbəs yerə demirlər ki, keçmiş qaldı keçmişdə. Unutduğun, sildiyin anı isə rahat yaşamağa başlayacaqsan. Həyatımdan silmək istədiyim məqamlar əlbəttə ki, var. Amma onları həyatımdan da, xatirəmdən də silmişəm. Artıq 12 ildir ki, heç nə xatırlamıram. 40 yaşından sonra nəyi siləcəksən ki? Allah heç zaman peşman etməsin.

Peşmançılıq çəkirəm. Deyirəm kaş ki, bir qızım olardı. Niyə qız, çünki qız övladı ana üçün rəfiqədir, arxa-dayaqdır. Allah mənə hər şey verib.⁃ Sonuncu dəfə yuxunuzda hansı məşhuru görmüsünüz?

⁃ İnanmazdım ki, mənə belə bir sual verərsiniz. Vallah dünən yuxumda Xalq artistimiz Mehriban Zəkini görmüşəm (gülür). Yuxumda onunla birgə toya gedirdim. Bu gün oturub fikirləşirəm ki, nə əcəb yuxumda Mehriban xanım Zəkini görmüşəm. Onu çox sevirəm, əziz dostumdur, gözəl sənətkarımızdır.

⁃ Keçmiş ANS TV-də yayımlanan "Gecə yarı" şousu ilə bütün Azərbaycana səs saldınız. Hamının diqqəti sizdə idi. Bəs indi elə bir formatda veriliş aparmaq təklifi gəlsə, razılaşarsız?

⁃ Gözəl və cəsarətli veriliş idi. Amma Zümrüd Qasımova o verilişin aparıcısı kimi qalmadı. O verilişdən sonra televiziyada çox gözəl layihələrim oldu. Bütün kanallar mənə bu şəraiti yaratdılar. İstər aparıcı, istərsə də aktrisa kimi tamaşaçıların səni bir rolun ilə xatırlamaqları pisdir. "Gecə yarı" proqramından sonra 15-ə yaxın veriliş aparmışam.

Sosial yönümlü verilişlərdə olub. Bir sıra kanallarda aparıcılıq etdiyim layihələrim olub. Sevinirəm ki, "Gecə yarı" Zümrüd kimi qalmadım. Elə aparıcılar var ki, inkişaf edə bilmirlər, yaddaşlarda elə bir verilişlə qalırlar. Çox sevinirəm ki, mənim üçün tramplin məhz belə oldu. Misal üçün teatrda hər-hansısa açıq-saçıq kiçik obrazla ilk addımlarımı atmışdım, amma indi daha ciddi və yadda qalan obrazları canlandırıram.

"Sən həmişə mənimləsən"də Nargiləni, "3-cü Riçard"da Yelizaveta rolunu ifa edirəm. Demək istəyirəm ki, "Gecə yarı"sız Zümrüd kimi qalsaydım, mənim üçün faciə olardı. O zaman mən bir aparıcı və aktrisa kimi inkişaf etməzdim. Amma sevilirəm ki, artıq mən daha yüksək mərhələdəyəm. Düzdür, hələ heç nəyə çatmamışam, hər şey öndədir. Düşünürəm 50 yaşında deyəcəyəm ki, bu sənətdə çox şeylər etmişəm.

⁃ Yeni televiziya mövsümündə sizi yenə də hansısa layihədə aparıcı qismində görə biləcəyik?⁃ Kanallar tərəfindən təkliflər çox oldu. Amma razılaşmadım. Çünki insanlar dost deyib, arxadan zərbə vururlar. Bəlkə də başqa kanaldan təklif gəlsəydi, gedərdim. Amma iki təklifin ikisi də o kanaldan gəldiyi üçün razılıq vermədim. AzTV, İctimai TV və Xəzər TV-dən təklif gəlsəydi, dəyərləndirərdim. Mənim üçün verilişin format fərqi yoxdur. Hər bir verilişi aparmağa həm gücüm, həm də qabiliyyətim var.

Tək şounu sevmirəm. Məsələn bu səhər və ya müəllif proqramları ola bilər. Bu ilimi yalnız yeni filmlərə çəkilməyə həsr edəcəyəm. ⁃ Yeni mövsümdə sizi ekranlarda "Simurq" serialında görəcəyik. Çəkilişlər zamanı isə başınıza xoşaqəlməz hadisə gəldi. Qolunuzu sındırdınız, uzun müddət isə gipslə gəzdiniz.

⁃ 40 gün əlim qipsdə qaldı. Aktyor məni itələməli idi. O isə çox güclü itələdi. Elə güclü itələdi ki, başım bərk zədə alacaqdı, amma əlim qırıldı. Əlimlə özümü müdafiə etdim. Bir sözlə, Allah məni qorudu. Gicgahım dəydi, əlimlə qorudum. Çox gözəl serialdır. Keçən il bu serialın birinci mövsümü oldu, mən də çəkildim. İndi isə ikinci mövsümü başlayır. Peşəkar aktrisa və rəfiqəm Sevinc Əliyevanın ərsəyə gətirdiyi ekran işidir.

⁃ Aktyor hər bir obrazı canlandırmağa hazır olmalıdır. Amma bəzən bizim aktyorlar rollarda özlərinə çəpər çəkirlər. Elə rol var ki, Zümrüd onu canlandırmağı özünə yasaqlayıb?

⁃ Aktryorluq çox çətin peşədir. Əgər rol gözəldirsə, perspektivlidirsə, niyə də o rolu canlandırmasın. Əgər özünə aktrisa deyirsənsə, hər bir obrazın öhdəsindən gəlməyi bacarmalısan. 20 il bundan əvvəl söyləmişəm ki, biz müasir dövrdə yaşayırıq. Baxmayaraq ki, 20 il keçib, amma dəyərlərimiz dəyişilməyib.

Hələ də beyinlərdə qadın və kişinin şort geyinməsi müzakirə olunur. Camaat Marsa uçur, Lütfizadənin qeyri-səlist məntiqi üzərində yeni texnologiyalar yaradır. Biz isə oturub şort geyinməyin davasını edirik. Bu filmdə çəkilib, bu rolu ifa etmək olarmı, deyərək, özümüz özümüzü çərçivələrə salırıq.

Birdəfəlik bunu beyninizə həkk edin, sənətdə çərçivələr yoxdur. Bunun adı sənətdir. Biz səhnədə sənətdən danışırıq. İnsanlar sənətlə həyatı səhv salıblar. Hərdən "TikTok"dakılara baxıram, özüm-özümə sual verirəm, onlar yoxsa biz aktyorlar məşhurdur. "TikTok"dakılarmı bizim gələcəyimizi diktə edəcək? Təbii ki, buraya yaxşıları qatmıram.

O platformada çox maraqlı videolar var. Bəzən məndən soruşurlar ki, bu insanı tanıyırsan, deyirəm ki, kimdir ki, bu. Cavab olaraq söyləyirlər ki, məşhur "TikTok"erdir, bilirsən necə maraqlı canlı yayımda söhbətlər edir. Bir dəfə maraq üçün açıb görəndə, ürəyim bulandı. Mən gələcək nəslimizi belə görmək istəmirəm. Gələcəyimiz mütaliə etsin, təhsil alsın, xarici dillərə yiyələnsinlər, iş təhsil təcrübəsi almaq üçün xarici ölkələrə getsinlər. Beyinlərini onlara həyat yolunda kömək edəcək şeylərə inkişaf etdirsinlər.

Bu telefondan asılı olduqca, heç bir inkişafımız olmayacaq. Bütün günü zamanımızı telefonda keçiririk. Başqalarının həyatına baxaram, o həyatı yaşamaq istəyirik. Amma sən onun o gözəl həyatını yaşamaq üçün heç bir şey etmirsən.

Təbii ki, sosial şəbəkələrdən dolanan insanlar var. O insanlar oranı maddi qazanc eldə etmək üçün peşəyə çeviriblər. Bu artıq onların peşəsidir. Amma hər kəsdə bu, alınmır.

⁃ Çalışdığınız "Yuğ" teatrında nə kimi yeniliklər var?

⁃ Noyabrın 1-dən 7-dək Almatı şəhərinə festivala yola düşəcəyik. Orada beynəlxalq teatr festivalı olacaq. Baş rejissorumuz Mikayıl Mikayılovun "Kloun biz" tamaşamız var. Yay aylarında Türkiyənin Konya şəhərində həmin bu tamaşanın nümayişi oldu. Bu tamaşada mənimlə bərabər Təranə Ocaqverdiyeva və Natavan Qeybani yer alıb. Sözügedən tamaşa izləyicilər tərəfindən çox sevilir və maraqla qarşılanır.

Ümümiyyətlə bu il festivallarımız çoxdur. Yaxın aylarda Gürcüstana və İrana səfərimiz olacaq. Bu yaxınlarda isə teatrımızın mövsüm açılışı olacaq. Yeni tamaşalarımız var, onların üzərində işlərimiz davam edir. Altı tamaşada rolum var. Hər şeyimiz var, amma çox təəssüf ki, "Yuğ"un binası yoxdur. Bina bizə çox lazımdır.

Biz öz evimizdə olmaq istəyirik. Allah Abdulla Şaiq adına Kukla Teatrının direktoru Rəşad Məmmədzadədən razı olsun. Bu beş il ərzində bir dəfə də olsun bildirmədi ki, bura sizin öz eviniz deyil. Bizə hər zaman gözəl şərait yaratdı. Amma bir tearın öz binası, qrim otaqları mütləq şəkildə olmalıdır. Hazırda məndən müsahibə aldığın otaqda çalışırıq. Burada oturub, məşqlər edirik.

Amma çox istəyirəm ki, bizə öz teatrımıza aid bina verilsin. "Yuğ"da çalışan bütün aktyorları bütün Azərbaycan tanıyır. Fərqli üslubda işləyirik. Dünyada analoqu olmayan bir teatrdır. Bizə söz veriblər ki, binamız olacaq, gözdə-qulaqda bu xoş xəbəri gözləyirik. İnkişaf etmək, fərqli tamaşalar üzərində işlər aparmaq istəyirik. Bunun üçün isə səhnə imkanları olmalıdır.

⁃ İstərdim ki, müsahibənizi sizi sevən və sevməyən tamaşaçılarınıza ürək sözlərinizlə yekunlaşdırasınız.

⁃ Məni sevməyən, haqqımda sosial şəbəkələrdə olmazın və yalan iftiralar yazanlara sözüm odur ki, kiməsə daş atanda əvvəlcə çönüb özünüzə baxın. Kimisə qınamaq istəyəndə öz günahınızın olub-olmadığı haqda düşünün.

Ürəyini, dərdini sosial şəbəkə platformaları olan "Instagram", "Facebook" və "TikTok"da kiməsə nəsə yazaraq həll edən insanlara demək istəyirəm ki, Allah sizi var etsin. İşiniz, gücünüz çox olsun ki, bizə başınız qarışmasın. Mənə də aid olmasa da görürəm ki, dastan-dastan şərhlər yazırlar. Fikirləşirəm ki, sən bu qədər vaxtı haradan tapırsan. Allahıma and olsun, gözəl sözlərdən savayı indiyə kimi bir adama belə təhqid dolu mesajlar yazmamışam. Tənqidlərə açıq insanam, amma təhqirə əsla. Harada sağlam tənqid var, orada irəliləyiş var. Çalışmalıyıq ki, qəlbimizdə hər zaman sevgi olsun. Bu dünyanı xilas edən və insanları yaşadan sevgidir. İçinizdə hər zaman sevgi yaşasın.

Rəşad Əliyev, Bizim.Media