ƏDV limiti artırılsın – Təklif yekdilliklə dəstəklənir

ƏDV limiti artırılsın – Təklif yekdilliklə dəstəklənir

Deputat: “2015-ci ildəki 200 min manatla bugünkü 200 min manat eyni deyil”

AİB sədri: “Dünyada yerli istehsalı artırmaq, ixracı stimullaşdırmaq üçün vergi güzəştləri tətbiq olunur, bizdə isə əksinə - ödəmələri artırırlar”

İqtisadçı: “Hökumət təcili olaraq bu yöndə addımlar atmalı və islahatlara başlamalıdır”

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc əlavə dəyər vergisi (ƏDV) üçün tətbiq olunan limitin artırılması təşəbbüsü ilə çıxış edib. Deyib ki, 2015-ci ildə 116 AZN təşkil edən minimum əmək haqqı məbləği hazırda 300 AZN-ə qədər yüksəlib: “Rəsmi məlumatlara görə, manat ortalama 2016-cı ildə 12,4, 2017-ci ildə 12,9, 2018-ci ildə 2,3, 2019-cu ildə 2,6, 2020-ci ildə 2,8, 2021-ci ildə isə 6,7 faiz inflyasiyaya məruz qalıb. Biznes strukturlarının işçi, ofis və cari xərcləri 2-2,5 dəfə yüksəlib. Bütün bunlar biznes subyektləri arasında mənfəətin azalmasına, dövriyyənin vergidən yayınması meyllərinin artımına gətirib çıxarıb”.

“Qeyd olunanları rəhbər tutaraq, ƏDV-nin kiçik və orta biznes subyektləri üçün nəzərdə tutulan limitinin 200 min AZN-dən ilkin olaraq 300 min AZN-ə qaldırılmasını təklif edirəm. ƏDV-dən yenidən mənfəət ödəyicisinə qayıtmaq həddinin 100 min AZN-dən 200 min AZN-ə, müddətin isə bir ildən altı aya qaldırılması təşəbbüsü ilə çıxış edirik”, - deyə AQC sədri bildirib.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, Azərbaycanda illik dövriyyəsi 200 min manat həddini keçən kiçik və orta sahibkarlıq subyektləri əlavə dəyər vergisi ödəyicisinə çevrilirlər. Belə olduğu təqdirdə, mənfəət və sadələşdirilmiş vergi ödəyiciləri ilə müqayisədə ƏDV ödəyiciləri təqribən 2,5-3 dəfə artıq məbləğdə vergi ödəyirlər. Bəzi hallarda isə sahibkarlıq subyektləri daha artıq vergi ödəməkdən yayınmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Nəticə etibarilə həm dövlət büdcəsi zərərə uğrayır, həm də sahibkarlar artıq xərcə düşürlər. Eləcə də bu ödənişləri bir çox hallarda kommersiya subyektləri qiymətləri qaldırmaq hesabına kompensasiya etməyə çalışır. Bu da öz növbəsində istehlakçılara zərbə vurur.

İqtisadçı həmkarları V.Orucun ƏDV limitin artırılması təşəbbüsünə dəstək veriblər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov AYNA-ya açıqlamasında söyləyib ki, sadələşdirilmiş vergi ödəyicilərinə ƏDV üçün tətbiq olunan illik limit mövcud reallığa uyğun deyil: “Təsəvvür edin ki, sonuncu dəfə 2015-ci ildə bununla bağlı qərar verilib. O zaman bu limit 160 min manat həddindən 200 min manat həddinə qaldırılıb. Ötən dövr ərzində ölkədə çox ciddi inflyasiya baş verib. Qiymətlər faktiki olaraq iki dəfə artıb, bütün xidmətlər bahalaşıb. 2015-ci ildəki 200 min manatla bugünkü 200 min manat eyni deyil. Bu baxımdan ekspert Vüqar Orucun bununla bağlı təşəbbüsünü dəstəkləyirəm”.

“Bu, bütün biznes subyektlərinin, eləcə də istehlakçıların mövqeyini ifadə edən bir təşəbbüsdür. Çünki yekunda zərbə həm də istehlakçılara dəyir. Artıq vəsaitə düşən sahibkarlar qiymətləri qaldırmaqla uğradıqları zərəri kompensasiya etməyə çalışırlar”, - deyə deputat vurğulayıb.

Əhmədovun sözlərinə görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Dövlət Vergi Xidməti rəsmilərinin iştirakı ilə bu məsələ müzakirə olunub: “Komitə olaraq Dövlət Vergi Xidmətinə bununla bağlı öz təkliflərimizi vermişik. Yəqin ki, yaxın zamanlarda bu məsələyə yenidən baxılacaq və müvafiq qərar veriləcək. Bu gün sahibkar sadələşdirilmiş vergi ödəyicisi kimi VÖEN açır və dövriyyə 200 min manata çatan zaman fəaliyyətini dayandırır. Sonradan yeni bir adla vergi ödəyicisi kimi fəaliyyətə başlayır. Belə olan halda vergi ödəyicilərinin sayı süni şəkildə artır. Hesab edirəm ki, sadələşdirilmiş vergidə dövriyyə həddi müzakirə edilərək 400 min manatadək artırıla bilər. Bu həddi keçən sahibkarlara 15 faizə kimi vergi tətbiq edilməlidir”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da AYNA-ya şərhində təklifi dəstəklədiyini qeyd edib: “Tamamilə haqlı təklifdir. Azərbaycanda istehlakçı hüquqlarının pozulması ənənəyə çevrilib. İstehlakçı hüquqlarının pozulması ilə bağlı əvvəllər ay ərzində yüz şikayət alırdıqsa, artıq bu şikayətlərin sayı minlərlədir. Açıq şəkildə söyləmək olar ki, bu gün istehlakçı hüquqları həm hökumət orqanları, həm də sahibkarlar üçün ən sonuncu məsələyə çevrilib. İş adamları iddia edirlər ki, onların xərcləri çoxdur. İstehsal və idxal xərcləri bahadır, digər yandan da inzibati məhdudiyyətlər mövcuddur”.

“Sadələşdirilmiş vergi ödəyiciləri illik 200 min manat dövriyyə edən kimi ƏDV ədəməyə məcbur olurlar. Bura digər vergi ödəmələrini də əlavə etsək, kifayət qədər ciddi xərc yaranır. Nəticədə sahibkar da dəymiş zərəri ya qiymətləri qaldırmaq, ya da məhsulun keyfiyyətini azaltmaqla kompensasiya etməyə çalışır”, - deyə həmsöhbətimiz bildirib.

AİB sədri 2015-ci ildən bu yana iki dəfədən artıq inflyasiya yaşandığını xatırladıb: “Ərzaq və qeyri-ərzaq məhsullarının, eləcə də xidmətlərin qiymətləri artıb. Ancaq ƏDV üçün tələb olunan limit yerindədir. Bu rəqəm ən azı iki dəfə qaldırılmalıdır. Əks halda biz onsuz da hüquqsuz durumda olan istehlakçıları daha ciddi sınaq qarşısında qoyuruq. Dünyada yerli istehsalı artırmaq, ixracı stimullaşdırmaq üçün vergi güzəştləri tətbiq olunur. Bizdə isə əksinə - ödəmələri artırırlar. Rəsmi dairələr bununla bağlı qərar qəbul etməlidir”.

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli də eyni fikirdədir. AYNA-ya danışan mütəxəssis təklif edir ki, sadələşdirilmiş vergi ödəyiciləri üçün əlavə dəyər vergisi illik 400 min manat həddində müəyyən edilməlidir: “Bununla bağlı iqtisadçı həmkarımız Vüqar Orucun təklifini dəstəkləyirik. Çünki ötən dövr ərzində iqtisadi münasibətlər sistemində baş verən dəyişikliklər, qiymətlərin əhəmiyyətli dərəcədə artması bu qərara yenidən baxılmasını qaçılmaz edir”.

“Sahibkar görəndə ki, illik 200 min manat dövriyyə etdiyi təqdirdə ƏDV ödəyicisinə çevriləcək, bu və ya digər yollarla vergidən yayınmağa çalışır. Nəticədə dövlət büdcəsi zərərə uğrayır. Eləcə də istehlak bazarında qiymətlər artır. Bu da sosial durumu onsuz da acınacaqlı olan əhalini daha çıxılmaz duruma salır. Hökumət təcili olaraq bu yöndə addımlar atmalı və islahatlara başlamalıdır”, - deyə Cəfərli fikrini tamamlayıb.