Qubadlıda ermənilər tərəfindən qətlə yetirilən Oleq Babakın xatirəsi Poltovada yad edilib

Qubadlıda ermənilər tərəfindən qətlə yetirilən Oleq Babakın xatirəsi Poltovada yad edilib

Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində Sovet İttifaqı Qəhrəmanı, Qubadlı rayonunda ermənilər tərəfindən qətlə yetirilən Oleq Babakın xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, anım tədbirində Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayev, Azərbaycanın Ukraynadakı hərbi attaşesi, birinci dərəcəli kapitan Əziz Nuriyev, hərbi attaşenin baş köməkçisi polkovnik Samir Əfəndiyev, səfirliyin üçüncü katibi Şamxal İsrafilzadə, Oleq Babakın valideynləri iştirak ediblər.

Azərbaycan nümayəndə heyəti əvvəlcə O.Babakın yaşadığı evə gələrək onun valideynlərinə baş çəkib. Müvəqqəti işlər vəkili Sabir Rzayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən dövlətimiz daima Oleq Babakın ailəsinə öz qayğısını göstərir. “Bura gəlməyimizin məqsədi bir daha Azərbaycan dövlətinin dəstəyini, yardımını sizə çatdırmaqdır. Artıq Oleq Babakın ruhu da şaddır, çünki Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Ordumuz işğalda olan torpaqlarımızı, o cümlədən Qubadlı rayonunu azad edib. İndi həmin ərazilərdə yenidənqurma və bərpa işləri aparılır”, - deyə Sabir Rzayev əlavə edib.

O.Babakın valideynləri Azərbaycan dövlətinin onların problemləri ilə həmişə yaxından maraqlandığını vurğulayıblar. Qeyd ediblər ki, Oleq Babakın xatirəsi həmişə Azərbaycan xalqı tərəfindən əziz tutulur, yad edilir.

Sonra tədbir iştirakçıları O.Babakın dəfn olduğu qəbiristanlığa gəliblər, onun qəbri üstünə tər çiçəklər düzüblər.

Qeyd edək ki, O.Babak 1967-ci il fevralın 25-də Ukraynanın Poltava vilayətində anadan olub. SSRİ-nin xüsusi təyinatlı 21-ci briqadasının siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan O.Babak 1991-ci ilin mart ayından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib. 1991-ci il aprelin 7-də Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra mülki şəxsləri qoruyub.

SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının leytenantı Oleq Babak SSRİ prezidentinin 1991-ci 17 sentyabr tarixli Fərmanı ilə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Poltova