Masazırda ustalar arasında qanlı dava — TƏFƏRRÜAT

Masazırda ustalar arasında qanlı dava — TƏFƏRRÜAT

Abşeron rayonunda 1981-ci il təvəllüdlü Taleh şəxsi münasibətlər zəminində tanışı Amilə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Masazır qəsəbəsi, “Yoncalıq” yaşayış massivi ərazisində baş verib.

Taleh həmin ərazidə Amillə aralarında iş məsələsinin müzakirəsi zamanı bir-birlərinə qarşı söyüşlü ifadələr işlətməsi səbəbindən mübahisə ediblər. Mübahisə zamanı Taleh Amilin sifət nahiyəsinə başı ilə, eləcə də yerdən götürdüyü daşla sifət nahiyəsinə zərbələr vurub.

İstintaq orqanı tərəfindən Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh bildirib ki, Amil ilə birlikdə Masazır qəsəbəsi Yoncalıq yaşayış massivində usta işlədiyi evdə tanış olub və bu müddət ərzində münasibətləri yaxşı olub.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Amil onun iş yerinə gələrək Lökbatan qəsəbəsində suvaq işləri üçün sifariş aldığını bildirib: “Həmin işi görüb-görə bilməyəcəyimi məndən soruşdu. Mən də bu təklifi qəbul etdim. Bundan sonra Amil ev sahibinin hazırda şəhərdə olmadığını və bir gün sonra qayıdacağını bildirdi. O gəldikdən sonra isə birlikdə gedərək həmin tikintiyə baxa biləcəyimizi dedi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, növbəti gün saat 13 radələrində Amilə zəng edib və hal-əhval tutub: “Daha sonra isə sözügedən işi maraqlandım. Amil isə işdə olduğunu deyərək axşam evə gələn zaman sifarişçi ilə əlaqə saxlayacağını bildirdi. Həmin gün saat 19 radələrində Amil işlədiyim evin qarşısında keçən zaman görüşdük. Ondan ev sahibi ilə danışıb-danışmadığını soruşdum. Amil isə hələ danışmadığını deyərək evə gedib, şam edib, duş qəbul etdikdən sonra danışacağını dedi. Təxminən 1 saatdan sonra yenidən Amilə zəng edərək iş yerinə gəlib-gəlməyəcəyini soruşdum. Amil isə hamamda olduğunu və çıxdıqdan sonra gələcəyini bildirdi”.

Taleh qeyd edib ki, bundan sonra təxminən saat 20 radələrində Amil onun işlədiyi evə gəlib: “Yenidən sifarişçi ilə danışıb-danışmadığını xəbər aldım. Eləcə də ev sahibinə zəng etmək üçün öz telefonumu təklif etdim. Həmin vaxt Amil üvanıma nalayiq ifadələr işlətdi. Ondan nə üçün söyüş söydüyünü soruşdum. Amil isə əcəb etdiyini dedi. Bu səbəbdən aramızda mübahisə yarandı. Baş vermiş mübahisə zamanı Amilin sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurdum. Həmin vaxt Amilin sifətindən qan açıldığını gördüm. Oradan getdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Amilin sözlərinə görə, Taleh onun yaşadığı evin yaxınlığında yerləşən tanımadığı şəxsə məxsus evdə usta işləyib və onların tanışlığı da məhz buradan başlayıb.

Zərərçəkmiş qeyd edib ki, adını qeyd etmək istəmədiyi tanışı ona zəng edib və Lökbatan qəsəbəsi ərazisində suvaq işlərinin olduğunu bildirib: “Mən isə əlimdə işim olduğu üçün həmin işi götürə bilməyəcəyimi dedim. Həmin gün evinin yaxınlığında Talehlə görüşdüm və ona suvaq işi ilə bağlı sifariş gəldiyini, lakin işim olduğu üçün həmin sifarişi qəbul edə bilmədiyimi dedim. Həmin işi Talehə təklif etdim. Eyni zamanda ev sahibi bir daha zəng edəcəyi təqdirdə onları əlaqələndirəcəyimi bildirdim”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, növbəti gün saat 13 radələrində Taleh ona zəng edərək sözügedən işlə bağlı görüşmək istədiyini deyib: “Mən isə işdə olduğum üçün axşam saatlarında görüşməyi təklif etdim. Həmin gün saat 19 radələrində yaşadığım küçədə Talehlə görüşdüm və işdən gəldiyimi xatırladaraq evə getməyimi, yemək yeyib, duş qəbul etdikdən sonra görüşərək söhbət etmək istədiyimi dedim. Evdə olan zaman Taleh yenidən zəng edərək küçədə məni gözlədiyini dedi. Mən isə hamamdan olduğumu və çıxdıqdan sonra gələcəyimi bildirdim”.

Amin deyib ki, təxminən saat 20 radələrində evdən çıxıb və Talehin işlədiyi evin yaxınlığında onunla görüşüb: “Görüş zaman Talehdən spirtli içki qoxusu gəldiyini hiss etdim. Ondan yenə də araq içib-içmədiyini soruşdum. Taleh isə məndən həmin işdən nə xəbər olduğunu soruşdu. Cavabımda ev sahibindən xəbər gözlədiyimi dedim. Taleh ünvanıma nalayiq ifadələr işlətdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Baş vermiş mübahisə zamanı Taleh yaxamdan tutaraq sifət nahiyəmə bir dəfə kəllə zərbəsi vurdu. Zərbənin təsirindən müvazinətimi itirərək yerə yıxıldım. Yerdə olan zaman isə Taleh əlinə daş parçası götürdü və həmin daşla sifət nahiyəmə daha bir neçə dəfə zərbələr vurdu. Həmin vaxt polisə şikayət edəcəyimi bildirdim. Taleh məndən kənarlaşaraq getdi”.

Amin qeyd edib ki, bundan sonra Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət edib və hadisə barədə məlumat verib. Zərərçəkmiş təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti olmadığını deyib.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində cəza təyin olunmayıb.

Buna səbəb təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması ilə bağlı olub.

Məhkəmə Talehin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.