Kamran İmanov “Əqli mülkiyyət və texnologiyalar üzrə Avrasiya Konfransı”nda çıxış edib (FOTO)

Kamran İmanov “Əqli mülkiyyət və texnologiyalar üzrə Avrasiya Konfransı”nda çıxış edib (FOTO)

Sentyabrın 21-də Avrasiya Patent Təşkilatı İnzibati Şurasının 41-ci iclası çərçivəsində Avrasiya Patent İdarəsinin təşkilatçılığı ilə Moskva şəhərində hibrid formatda ilk beynəlxalq “Əqli mülkiyyət və texnologiyalar üzrə Avrasiya Konfransı” keçirilmişdir. Konfransda Avrasiya Patent Təşkilatının üzv dövlətlərinin milli patent ofislərinin rəhbərləri, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının səlahiyyətli nümayəndəsi, əqli mülkiyyət üzrə mütəxəssislər və ekspertlər, patent müvəkkilləri və hüquqşünaslar iştirak etmişlər.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri cənab Kamran İmanovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti konfransa onlayn rejimdə qatılmışdır.

Müasir dövrdə əqli mülkiyyətin aktual problemlərinin müzakirə olunduğu konfransda Azərbaycanın Əqli Mülkiyyət Agentliyinin rəhbəri, əqli mülkiyyət üzrə beynəlxalq ekspert Kamran İmanov “İnnovasiya və əqli mülkiyyətin qorunması Avrasiya məkanında” mövzusunda geniş məruzə etmişdir.

Azərbaycanda müasir dövrün çağırışlarına uyğun olaraq davamlı şəkildə uğurlu iqtisadi və institusional islahatların həyata keçirildiyini bildirən K. İmanov, Əqli Mülkiyyət Agentliyinin yaradılmasını bu islahatların bəhrəsi kimi qiymətləndirmişdir. O, Agentliyin əqli mülkiyyətin bütün sahələrinin idarəçiliyini təmin etdiyini və patent idarələrinin yerinə yetirdiyi ənənəvi funksiyalardan kənara çıxan sosial, mədəni və iqtisadi vəzifələrin yerinə yetirilməsində fəal iştirak etdiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Davos İqtisadi Forumunun son rəqabətqabiliyyətlilik indeksinə əsasən Azərbaycan MDB ölkələri arasında lider dövlət statusunu qoruyub saxlaya bilmiş və bir sıra inkişaf etmiş Avropa ölkələrini qabaqlamışdır.

Əqli mülkiyyətin iqtisadi artıma müsbət təsiri barədə fikirlərin geniş yayılmasına baxmayaraq, iqtisadçıların əqli mülkiyyət hüquqlarının qorunmasının və keçirilməsinin gücləndirilməsində yekdil fikirdə olmadıqlarını bildirən K. İmanov əqli mülkiyyət hüquqlarının səviyyəsinin adekvat modelinin işlənilməsinin “əqli mülkiyyət ekosistemi”nin aparıcı halqası olan milli patent ofislərinin fəaliyyətində fundamental əhəmiyyət daşıdığını vurğulamışdır. O, ƏM hüquqlarının iqtisadi artıma təsirinin məqsədəuyğunluğunun və təhlilinin iki mərhələli prosedur əsasında qurulmasının zəruriliyini qeyd etmişdir. Bununla əlaqədar K. İmanov birinci mərhələdə - ƏM hüquqlarının innovasiyaya təsiri, ikinci mərhələdə isə - innovasiyaların iqtisadi artıma təsiri barədə əsaslandırılmış arqumentlər söyləmişdir. Həmçinin əqli mülkiyyətin innovasiya üçün vacib amil olmasına baxmayaraq, innovasiyaya təsir edən digər faktorların da nəzərə alınmasının vacibliyini diqqətə çatdırmışdır.

K.İmanov innovasiya fəaliyyətini ləngidən amillərə toxunaraq, onların aradan qaldırılması üçün innovasiyalara “yaşıl işıq” yandırılması məqsədilə bu sahədə düşünülmüş dövlət müdaxiləsinin, bazarın stimullaşdırılmasının, eləcə də elm və yenilikçiliyə münasibətdə tədbirlərin həyata keçirilməsinin zəruriliyini bildirmişdir.

Dövlətin innovasiya siyasəti üzərində dayanan K. İmanov, bu sahədə dövlət müdaxiləsinin formalarını şərti olaraq aşağıdakı kimi qruplaşdırılmasını tövsiyə etmişdir:

Birincisi, universitetlərdə və dövlət elmi-tədqiqat müəssisələrində (DETM) tədqiqatların maliyyələşdirilməsi;

İkincisi, özəl şirkətlər üçün dövlət sifarişləri, məqsədyönlü subsidiyalar, vergi güzəştləri, bonuslar, güzəştli kreditlər və digər mexanizmlər vasitəsilə elmi-tədqiqat və təcrübi-konstruktiv işlərin maliyyələşdirilməsi;

Üçüncüsü, dövlət müəssisələri öz təşəbbüsləri ilə apardıqları elmi-tədqiqat işlərinə özəl maliyyələşmə cəlb edə bilmələri üçün onlara əqli mülkiyyət hüquqlarının verilməsi.

K.İmanov dövlət tərəfindən innovasiya mühitinin tənzimlənməsi sahəsində vergi, dəyər, gömrük, kredit və amortizasiya siyasəti elementlərindən ibarət olan həvəsləndirmə və motivasiya üsullarının da həyata keçirilməsinin zəruriliyi barədə öz fikirlərini bölüşmüşdür. Bildirmişdir ki, infrastruktur obyektlərinin maliyyələşdirilməsinin müxtəlif prinsipləri üzrə, yəni sığorta fondlarının, texnologiyaların transferi və kommersiyalaşdırma mərkəzlərinin, vençur kapitalı agentliklərinin yaradılmasını və dəstəklənməsini də göstərilən üsulların sırasına aid etmək olar.

Məruzədə xüsusi olaraq vurğulandı ki, əqli mülkiyyət hüquqlarının qorunması və həyata keçirilməsinin səviyyəsi sivil davranışın ölçüsü hesab olunur. Bu, innovasiya prosesinin səmərəliliyinə müsbət təsir göstərir və ölkənin ÜDM-na töhfə verir. Eyni zamanda nəzərə alınmalıdır ki, “innovativ inkişafın qəbul edilmiş ssenariləri” əqli mülkiyyət hüquqlarının qorunması və həyata keçirilməsi səviyyəsinə bilavasitə təsir göstərir.

K.İmanovun məruzəsi konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

Konfransın moderatoru Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyev məruzədə qaldırılan məsələlərin, o cümlədən müasir dövrdə əqli mülkiyyətin innovasiya prosesinə təsirinin daha dərindən öyrənilib təhlil edilməsi, bu sahədə Azərbaycan təcrübəsindən digər üzv dövlətlərin patent ofislərinin də bəhrələnməsi və birgə uğurlu addımların atılması üçün əqli mülkiyyət sahəsində tanınmış mütəxəssis kimi K.İmanovun iştirakı ilə Avrasiya Patent İdarəsində konfransın keçirilməsini təklif etdi.

Təklif konfrans iştirakçıları tərəfindən dəstəklənərək, belə bir tədbirin keçirilməsinin hamı üçün faydalı olacağı bildirildi.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri K.İmanovun məruzəsinin tam mətni ilə buradan tanış ola bilərsiniz.