Musiqi Akademiyasında “Baku Chamber Orchestra”nın təntənəli konserti keçirilib

Musiqi Akademiyasında “Baku Chamber Orchestra”nın təntənəli konserti keçirilib

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində bədii rəhbəri Xalq artisti Fərhad Bədəlbəyli, direktoru Xalq artisti Yeganə Axundovanın olduğu “Baku Chamber Orchestra”nın konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə dirijor Mirian Xuxunaişvilinin rəhbərliyi altında (Gürcüstan) “Baku Chamber Orchestra”nın müşayiəti ilə, solist-istedadlı pianoçu Kristina Millerin (Rusiya/Almaniya) ifası səslənib. Onu da vurğulayaq ki, K.Miller beynəlxalq müsabiqələr laureatı, Münhen Yeni Filarmoniyasının, Vyana Kamera Orkestrinin, Amerika Orkestrinin, eləcə də Litva Kamera Orkestrinin solistidir.

Musiqisevərləri bir araya toplayan konsert proqramında Üzeyir Hacıbəylinin "Arazbarı", Friderik Şopenin Piano və orkestr üçün konserti N.1 e moll, op.11, Bencamin Brittenin "Simple Symphony", op.4, Giya Kançelinin "Daneliada" əsərləri ifa olunub. Təntənəli konsert gecəsi gurultulu alqış sədaları altında başa çatıb.

Qeyd edək ki, gecədə qonaq qismində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, həmçinin digər mədəniyyət və incəsənət xadimləri də iştirak ediblər.