Ermənistanın təxribatları fonunda yaranan sual: Yeni müharibə olacaq? - Hərbi ekspert AÇIQLADI

Ermənistanın təxribatları fonunda yaranan sual: Yeni müharibə olacaq? - Hərbi ekspert AÇIQLADI

Sabah Vətən müharibəsinin 2-ci ildönümüdür. Ermənistan sərhəddə "dinc dayanmır". Mövqelərimiz müxtəlif istiqamətdə atəşə tutulur. 2 gün bundan öncə də Ermənistan mövqelərimizi atəşə tutdu, 3 hərbçimiz yaralandı.

Baş verən proseslər göstərir ki, Ermənistan sülh üçün yox, sülhə qarşı hərəkətlər edir. Belə olan halda isə cəmiyyəti bir sual maraqlandırır: Yeni müharibə olacaq?

-a danışan hərbi ekspert Ədalət Verdiyev deyir ki, yeni müharibə olmayacaq, amma bu təxribatlar davam edə bilər. Ekspert düşünür ki, Ermənistan öhdəliklərini yerinə yetirmir, belə təxribatlarla diqqəti başqa istiqamətə çəkir:

"Yeni müharibə olacağını düşünmürəm. Yenə də kiçik və orta miqyaslı təxribatların olacağı mümkündür. Artıq qarşı tərəf kiçik miqyaslı təxribatlara yol verməkdədir. Hesab edirəm ki, Azərbaycan tərəfi də daha əvvəl olduğu kimi bu təxribatlara adekvat cavab vermək imkanlarına malikdir. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yetirməyənə qədər belə təxribatlara yol verməklə diqqəti başqa istiqamətə yönəltməyə çalışır. Bu, Azərbaycan üçün qəbul edilən deyil".

Ədalət Verdiyev vurğuladı ki, Ermənistanın özünə seçdiyi bu yolun nəticələri ağır olacaq. Ordumuz həmişəki kimi qarşı tərəfin bu hərəkətlərinə adekvat cavab verəcək:

"Artıq müharibənin başa çatmasından 2 il ötür. Amma Ermənistan üzərinə düşdüyü öhdəlikləri tam yerinə yetirməyib. Belə olan halda da Azərbaycan təxribatlara daha sərt cavab verməyə məcbur qalır. Hər atəş açılan düşmən mövqeyi darmadağın edilməli, həmin mövqelərdə Azərbaycan əsgəri dayanmalı və bayrağımız dalğalanmalıdır. Bu, Ermənistan üçün daha ağrılı və acı nəticələr vəd edə bilər".

Gülər Seymurqızı