Qubanın alma bağlarında məhsul yığımının qızğın çağıdır FOTO

Qubanın alma bağlarında məhsul yığımının qızğın çağıdır FOTO

Quba, 26 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Qubanın alma bağlarında məhsul yığımının qızğın çağıdır. Təsərrüfatçılar sentyabrın ikinci ongünlüyündən kütləvi yığıma başlayıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun fermerləri və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında toplanması üçün qüvvələrini səfərbər ediblər. Toplanan məhsul ilkin mərhələdə elə bağlarda çeşidlənərək qablaşdırılır. Bundan sonra meyvə fermerlərə məxsus xüsusi saxlanclara və rayonda fəaliyyət göstərən soyuducu anbarlara yığılır. Toplanan meyvənin müəyyən hissəsi isə satış üçün yerli və paytaxt bazarlarına, eləcə də respublikamızın digər bölgələrinə göndərilir.

Hazırda almanın bağlardan topdansatış qiyməti 40-50 qəpik arasında dəyişir.

Quba rayonunun Alekseyevka kəndində 0,65 hektar alma bağı olan Bəhruz Tağıyev bu il məhsuldarlığın yüksək olduğunu bildirib.

“Alma bağlarında məhsuldarlıq yaxşıdır. Hazırda çalışırıq bağlardan almanı vaxtında toplaya bilək. Bunun üçün əlavə işçi qüvvəsi də cəlb etmişik. Məhsulumuz əsasən Rusiya bazarlarına göndərilir. Müştəri sarıdan çətinliyimiz yoxdur. Əsas narazılığımız keyfiyyətsiz dərmanlardandır. Təsəvvür edin, bağa on dəfədən çox dərman çiləmişik. Amma yenə də almaların xeyli hissəsi qurdludur”, - deyə təsərrüfatçı bildirib.

Qubada alma yığımına bütün ətraf rayonlardan işçi qüvvəsi cəlb olunur. Günəmuzd işçilər almanın bir yeşiyini 70-90 qəpiyə toplayırlar.

Şimal bölgəsinin alma bağlarında daha çox məhsuldarlığı ilə seçilən “Qolden” və “Simirenko” sortları yetişdirilir. İntensiv bağçılıqla məşğul olan bağbanlar isə “Qrani smit”, “Fuji” sortlarına üstünlük verirlər.

Qubada 14 min hektara yaxın alma bağı var. Hər il rayonun alma bağlarından 110-120 min ton məhsul yığılır.