"Dəmir yumruq" əməliyyatından 2 il keçir! Qələbəmiz!

"Dəmir yumruq" əməliyyatından 2 il keçir! Qələbəmiz!

Azərbaycan Ordusu 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin irimiqyaslı təxribatına cavab olaraq sonradan "Dəmir yumruq" adı ilə tanınan əks-hücum əməliyyatına başlayıb.

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan ərazilərinin təxminən 30 illik işğalına son qoyulub və Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilib.

Hərbi əməliyyatların ilk mərhələsində Azərbaycan Ordusu bir sıra kəndləri və strateji yaşayış məntəqələrini azad edib. Oktyabrın 22-də İranla sərhəd tamamilə azad edilib, oktyabrın 23-də isə Azərbaycan Respublikası Silahlı Qüvvələri Laçın dəhlizinə doğru irəliləməyə başlayıb.

Azərbaycan müharibənin 44 günü ərzində Ermənistan ordusuna artilleriya, raket və minaatanlardan zərbələr endirib. Döyüşlər zamanı oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa azad edilib. Vətən Müharibəsinin uğurla başa çatması regionda güc balansını dəyişib və yeni reallıq yaradıb.

Bu hadisələrdən təxminən iki il sonra, sentyabrın 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində Azərbaycan Ordusuna qarşı irimiqyaslı təxribat törədiblər. Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalar yerləşdiriblər. Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb. Azərbaycan Müdafiə Nazirliyi təxribatı həyata keçirən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə və texnikasının itkisi barədə məlumat yayıb.