Taksi sürücüləri ilə müştərilərin mübahisələri çoxalır - məsuliyyəti şirkət rəhbərləri daşımalıdır…

Taksi sürücüləri ilə müştərilərin mübahisələri çoxalır  - məsuliyyəti şirkət rəhbərləri daşımalıdır…

Yasin Mustafayev: “Taksi fəaliyyəti nizama salınmalıdır”

Sovetlər zamanında taksi sürücülüyü sayılıb-seçilən peşələrdən, taksi sürücüləri də imkanlı adam sayılırdı. Hətta sovetin yenicə dağıldığı zamanlarda belə, onlar öz maddi vəziyyətlərinə görə seçilirdilər. Ancaq indi vəziyyət tam əksinədir. Bu gün maşını olan istənilən şəxs taksi şirkətlərinə qoşulub, bu fəaliyyət növü ilə məşğul olur.

Son vaxtlar taksilərdən istifadə halları artdıqca, sürücülərdən narazı olan sərnişinlər də çoxalıb. Bildirilir ki, sürücülərin sükan arxasında qeyri-etik hərəkətləri səngimək bilmir.

Bu günlərdə daha bir sürücü ilə müştəri arasında yaşanan xoşagəlməz hadisə ilə bağlı sosial şəbəkələrdə informasiya yayıldı. Taksi sürücüsünün xidmət zamanı yaxınını da maşına almasına haqlı narazılıq bildirən müştəri sürücünün qeyri-etik davranışları ilə qarşılaşıb. O, müştərini yarı yolda düşürərək, təhqiramiz ifadələr işlədib. Bu kimi faktlar onu deməyə əsas verir ki, sürücülər sükan arxasında nəinki maşını, heç özlərini də idarə edə bilmir.

“Pərakəndəlik davam etdikcə, bu hallar çoxalacaq”

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirdi ki, əxlaq məsələləri və ənənələr qanunla tənzimlənmir, bu səbəbdən də rəhbərlər öz işçilərinə xəbərdarlıq etməlidirlər: “Taksi fəaliyyəti ilə bağlı problemlərlə qarşılaşırıq. Bu problemlərin də həlli istiqamətində araşdırmalar aparmalıyıq. Ümumi baxsaq, pərakəndə şəkildə taksi fəaliyyəti ilə məşğul olmaq hər zaman problemlərin olacağına işarədir. Pərakəndəlik davam etdikcə, bu hallar çoxalacaq. Elə məsələlər var ki, qanunla tənzimlənmir. Buna görə də, rəhbərlər öz işçilərinin hərəkətinə cavabdeh olmalıdırlar. Bir taksi sürücüsü ayağını pəncərədən çölə çıxarıb avtomobil idarə edirsə, ona cərimə tətbiq edilə bilər. Lakin cərimələmək o demək deyil ki, o bir də bu tip hərəkətlər etməyəcək. Taksi fəaliyyəti nizama salınmalıdır. O zaman bəlkə bu tip neqativ halların qarşısı alınar”.

Ekspert hesab edir ki, xidmət səviyyəsinə düzgün nəzarət edilmir: “Taksi fəaliyyəti aparanlar primitiv şəkildə əmələ gələn qurumlardır. Öz sürücülərinə nəzarət, xidmət səviyyəsinə təsir edən göstəriciləri yoxdur. Normal şəkildə şirkətlər olmalıdır. Bu, işçilərə də öz təsirini göstərəcək”.

Günel CƏLİLOVA