İrpendə akademik Zərifə Əliyeva adına 12 nömrəli orta məktəbdə dostluq tədbiri təşkil edilib

İrpendə akademik Zərifə Əliyeva adına 12 nömrəli orta məktəbdə dostluq tədbiri təşkil edilib

Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan, Rusiya-Ukrayna müharibəsi zamanı ciddi ziyan dəyən 12 nömrəli orta məktəbdə əsaslı təmirindən sonra qardaşlıq və dostluq tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən öncə Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları oftalmoloq-alim, akademik Zərifə Əliyevanın İrpen şəhərindəki abidəsini ziyarət ediblər və heykəli önünə tər çiçəklər düzüblər.

“İnsanlıq himni” adlanan tədbir ilk öncə Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, sonra hər iki ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilən Valentina Antonenko bildirib ki, dövlətimizin başçısının göstərişi ilə “SOCAR Energy Ukraine” şirkəti orta məktəbi təmir edərək bu məktəbi yenidən yaşatdılar.

“Azərbaycan dövləti orta məktəbin inkişafı üçün öz dəstəyini əsirgəmir. Mən Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərərək göstərdiyi dəstəyə görə təşəkkürümü bildirmişəm. Bu işdə yaxından iştirak edən SOCAR-ın Ukraynadakı nümayəndəliyinə, Azərbaycanın Ukraynadakı səfirliyinə də təşəkkür edirəm. Bütün bunlar səmimi dostluq münasibətlərimizin nəticəsidir. Mənim üçün Azərbaycan və azərbaycanlılar əbədi dostdur!”, - deyə Valentina Antonenko əlavə edib.

İrpen şəhərinin meri Aleksandr Markuşin isə çıxışında Azərbaycan dövlətinin şəhərə daima dəstəyindən danışıb: “Biz İrpen şəhərinin inkişafında Azərbaycan dövlətinin və xalqının dəstəyini həmişə hiss etmişik. Bu ağır gündə şəhərimizin və xüsusilə 12 saylı orta məktəbin bərpasında iştirak etdiyinə görə Azərbaycan dövlətinə minnətdarıq. İndi uşaqlar təhsillərini yaxşı təmir edilmiş binada davam etdirirlər”, - deyə Aleksandr Markuşin vurğulayıb.

Çıxışdan sonra Aleksandr Markuşin göstərdikləri dəstəyə görə, Azərbaycanın Ukraynadakı səfirliyini, SOCAR-ın Ukraynadakı nümayəndəliyini xüsusi diplomla təltif edib.

Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayev isə çıxışında bildirib ki, ölkəmiz müharibə dönəmində intensiv olaraq Ukraynaya humanitar yardımlar göndərib və bu istiqamətdə siyasət davam edir, SOCAR Ukraynada təcili yardım, Fövqəladə Hallar Dövlət Xidmətinin avtomobillərini pulsuz yanacaqla təmin edir, valideynlərindən birini itirən ukraynalı uşaqlar Azərbaycanda sosial reabilitasiya keçirlər. Bütün bunlar Azərbaycan və Ukraynanın dost və strateji dövlət olduğunun göstəricisidir.

“Azərbaycan özü 30 ilə yaxın işğaldan əziyyət çəkib, ona görə də humanitar fəlakətin nə olduğunu yaxşı bilir. Bu gün Azərbaycanda 44 günlük Vətən müharibəsinin başlanmasının iki ili tamam olur. Bu müharibə nəticəsində Azərbaycan işğalda olan ərazilərini azad edib. Biz müharibənin nə olduğunu yaxşı anlayırıq, ona görə də hər hansı müharibəni dəstəkləmirik, dövlətlərin bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət edərək, sülh şəraitində yaşamalarını arzulayırıq. Bu gün Azərbaycan regionda sülhün tərəfdarıdır, çox təəssüf ki, Ermənistan hələ də adekvat addım atmır”, - deyə Sabir Rzayev vurğulayıb.

“SOCAR Energy Ukraine” şirkətinin Şəbəkə direktoru İqor Orlov qeyd edib ki, uşaqların öz doğma məktəblərində təhsil almaq imkanını geri qaytarmaq bizim üçün böyük sevincdir. Çox sayda insanın köməyə ehtiyac duyduğu bir vaxtda Ukraynaya və ukraynalılara dəstək olmaq SOCAR üçün şərəf məsələsidir”, - deyə o bildirib.

Sonda tədbir vətənpərvərlik mövzusunda musiqili və bədii kompozisiya ilə davam edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

İrpen