Dünyanın ən gizli muzeyi - Səddamın dəri gödəkçəsi, Sovet sualtı qayığının maketi...

Dünyanın ən gizli muzeyi - Səddamın dəri gödəkçəsi, Sovet sualtı qayığının maketi...

Dünyanın ən gizli muzeyi barədə məlumatlar son günlərin əsas gündəm mövzularındandır.

Sfera.az bildirir ki, “BBC” də daxil olmaqla, kiçik bir jurnalist qrupuna Mərkəzi Kəşfiyyat İdarəsinin 75 illik yubileyi münasibətilə keçirilən kolleksiyasını ziyarət etmək üçün xüsusi icazə verilib. Qeyd olunub ki, muzeydə 600-ə yaxın material arasında MKİ-nin məşhur və hətta son dövrlərdə həyata keçirdiyi əməliyyatların bəzi təfərrüatları, həmçinin Soyuq Müharibə dövründə tez-tez istifadə edilən alətlər, məsələn, kamerası gizlədilmiş siqaret qutusu, partlayan martini şüşəsi var.

Burada Üsamə bin Ladenin əsir götürüldüyü Pakistanın Abbottabad şəhərindəki kompleksin maketi də mövcuddur. Mətbuat turunu təşkil edən muzey direktoru Robert Byer deyib ki, hadisələri üç ölçüdə görmək siyasətçilərə qərarlar verməklə yanaşı, əməliyyatları planlaşdırmağa kömək edir:

“Muzeydəki ən yeni əşyalardan biri 1 iyul 2022-ci ildə ABŞ prezidenti Baydenə Əfqanıstanın paytaxtı Kabildə “Əl-Qaidə”nin yeni lideri Ayman əz-Zəvahirinin yerləşdiyi kompleksi vurmaq üçün təqdim edilən modeldir. Muzeyin birinci yarısı 1947-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin yaranmasından Soyuq Müharibəyə, 11 sentyabr 2001-ci il hücumlarına qədər xronoloji olaraq terrorla mübarizəyə həsr olunub. Muzeyin ikinci hissəsində isə bəzi xüsusi əməliyyatlara diqqət yetirilib”.

Muzeydə həmçinin Sovet sualtı qayığının maketi ilə yanaşı, bu əməliyyatda istifadə edilən paltarlar, külqabılar və hətta gizlənmək üçün gəmiyə gələn MKİ direktor müavininin taxdığı parik, Səddam Hüseynin dəri gödəkçəsi də var. Məlumata görə, hələlik muzeyi əməkdaşlar və rəsmi ziyarətçilər ziyarət edə bilərlər .

Günay Rəsulqızı