Nigeriyada vəba epidemiyasında ölənlərin sayı 149-a çatıb

Nigeriyada vəba epidemiyasında ölənlərin sayı 149-a çatıb

Nigeriyada vəba epidemiyasında ölənlərin sayı 149-a çatıb. SİA xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamada, yanvar ayından etibarən epidemiyanın paytaxt Abuca ilə yanaşı 30 ştata da yayıldığı bildirilib.

Açıqlamada qeyd olunub ki, bu müddət ərzində 5 min 451 nəfərə vəba diaqnozu qoyulub və epidemiya səbəbindən həyatını itirənlərin sayı 149-a yüksəlib. Ötən il ölkədə vəbadan 1174 nəfər ölüb. "Vibrio" bakteriyasının yaratdığı qida və su ilə yoluxan vəba xəstəliyi orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər. Nigeriyada təmiz suyun olmaması ilə yanaşı, səmərəsiz tibbi müdaxilə xəstəlik və ölüm riskini artırır. Ölkədə malyariya, poliomielit, tif qızdırma və meymun çiçəyi virusu kimi epidemiyalara da tez-tez rast gəlinir.