BMT Ukraynadakı referendumla bağlı bəyanat verib

BMT Ukraynadakı referendumla bağlı bəyanat verib

Birləşmiş Millətlər Təşkilatı Rusiyanın Ukrayna ərazisini ilhaq etmək üçün keçirdiyi referendumların “qanunsuz” olduğunu bəyan edib. SİA xəbər verir ki, BMT-nin baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə köməkçisi Rozmari Dikarlo bəyan edib ki, Ukraynada rusiyayönlü separatçıların nəzarəti altında olan ərazilərdə keçirilən referendumlar beynəlxalq hüquqa görə “xalq iradəsinin həqiqi ifadəsi” və ya “qanuni” deyil.

Dikarlo BMT Təhlükəsizlik Şurasında verdiyi açıqlamada, “Bir dövlətin xalqın iradəsini təmsil etdiyini iddia edərkən, başqa bir dövlətin ərazisini zorla ələ keçirmə cəhdinə legitimlik qazandırmaq məqsədi daşıyan birtərəfli hərəkətlər beynəlxalq hüquqa əsasən hüquqi baxımdan qəbuledilməzdir"- sözlərini ifadə edib.

BMT-nin Ukraynanın suverenliyinə, birliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə tam sadiq qaldığını qeyd edən Dikarlo, Rusiyadan Ukraynadakı rusiyayönlü separatçıların nəzarətində olan ərazilərdə Ukrayna qanunlarına hörmət etməsini tələb edib.

Digər tərəfdən, Ukrayna prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasına verdiyi açıqlamada Rusiyanın tam təcrid edilməsinə çağırıb və Rusiyanın referendumunun “torpaqları oğurlamaq və beynəlxalq hüquq normalarını silmək cəhdi” olduğunu bildirib. “Ukraynanın işğal olunmuş ərazisinin kişi əhalisini öz vətənlərinə qarşı döyüşmək üçün Rusiya ordusunda silaha sarılmağa məcbur etmək olduqca alçaldıcı cəhddir”, - Zelenski bildirib.

Rusiyanın bütün beynəlxalq təşkilatlardan çıxarılmasını istəyən Zelenski bildirib ki, əgər Rusiya “saxta referendum”la işğal etdiyi Ukrayna ərazilərini ilhaq etsə, bu, Rusiya prezidenti Vladimir Putinlə danışılacaq heç bir şeyin olmadığı anlamına gələcək. Zelenski deyib ki, “soyqırım siyasəti” həyata keçirən Rusiya nüvə fəlakətini dünyadan bir addım da irəli aparıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild sözügedən referendumu pisləyən qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edəcəyini bildirib. Tomas Qrinfild bəyan edib ki, Rusiya qətnaməyə veto qoysa, ABŞ qətnaməni BMT Baş Assambleyasına çıxaracaq. Tomas Qrinfild beynəlxalq ictimaiyyəti Ukraynanın statusunda hər hansı dəyişikliyi tanımamağa çağırıb və Rusiyadan qoşunlarını geri çəkməsini istəyib. Ukraynada rusiyapərəst separatçıların nəzarətində olan qondarma Donetsk və Luqansk Xalq Respublikalarında, Rusiya ordusunun ələ keçirdiyi Xerson və Zaporojya vilayətlərində keçirilən referendumlarda “Rusiyaya qoşulma” qərarı verilib. Seçicilərin 98,42 faizi Rusiyaya birləşməyə səs verib.