Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin gücü artırılıb

Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin gücü artırılıb

Türkiyə ilə Azərbaycan arasında aparılan danışıqlar nəticəsində Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin ötürmə qabiliyyəti iki dəfə artırılıb. SİA xəbər verir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez Türkiyə ilə Azərbaycan arasında aparılan danışıqlar nəticəsində Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) gücünün iki dəfə artırılmasına qərar verildiyini bildirib: “Hazırda TANAP ildə 16 milyard kubmetr qaz daşıyır. İnşallah qısa müddətdə bu gücü iki dəfə artıracağıq, yəni 32 milyard kubmetrə çatdıracağıq".

Dönmez, Türkiyə-Azərbaycan II. Enerji Forumundan sonra mətbuata açıqlamasında Türkiyə ilə Azərbaycan arasında həyata keçirilən layihələrin enerji təhlükəsizliyinə töhfə verdiyini bildirib. İki ölkə prezidentlərinin görüşlərində xüsusilə enerji təhlükəsizliyinin mühüm gündəm maddələrindən biri olduğunu bildirən Dönmez deyib: "Biz Azərbaycanın energetika naziri Pərviz Şahbazovla danışdıq. Qərara alınıb ki, TANAP kəmərinin ötürücülük qabiliyyəti iki dəfə artırılsın. Hazırda TANAP ildə 16 milyard kubmetr qaz nəql edir. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə qaz nəql edir. Ümid edirəm ki, biz bu tutumu qısa müddətdə iki dəfə artıraraq 32 milyard kubmetrə çatdıracağıq. Şübhəsiz ki, bu güc artımından Türkiyə də faydalanacaq və bu, həm də Avropanın enerji təchizatı təhlükəsizliyinə töhfə verəcək".