Avropada qəhvənin qiyməti sürətlə artır

Avropada qəhvənin qiyməti sürətlə artır

Avropa İttifaqına üzv ölkələrdə bir fincan qəhvənin qiyməti 16,9 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Statistika Bürosu (“Eurostat”) məlumat yayıb. Bildirilib ki, avqust ayında ötən illə müqayisədə Aİ ölkələrində bir fincan qəhvənin qiymətində orta hesabla 16,9 faiz artım qeydə alınıb. Sürətlə artan qiymətlər fonunda Avropa ölkələrində qəhvə demək olar ki, lüks içkiyə çevrilir.

Qəhvəsinə süd və şəkər qatanlar üçün isə bu zövq daha da baha başa gəlir. Belə ki, hesabat dövründə südün qiymətinin orta hesabla 24,3 faiz, şəkər tozunun qiymətinin isə 33,4 faiz artması qəhvənin qiymətinin bahalaşmasına səbəb olub.

Qeyd edək ki, İtaliyada bir fincan qəhvənin qiyməti 6,6 faiz bahalaşıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma