Mingəçevir Dövlət Universitetində birinci kurs tələbələri ilə görüşlər keçirilib

Mingəçevir Dövlət Universitetində birinci kurs tələbələri ilə görüşlər keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov bu ali təhsil müəssisəsinin Təhsil, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinə yeni qəbul olan birinci kurs tələbələri ilə silsiləvi görüşlər keçirib.

MDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşlərdə Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tələbə adını qazanmaları münasibətilə gəncləri təbrik edən rektor Ş.Bayramov MDU ailəsinin savadlı və istedadlı gənclərin hesabına sıralarının genişlənməsindən məmnunluğunu ifadə edib.

MDU-nun missiyası, vizyonu və strateji hədəflərindən danışan Ş.Bayramov hazırda universitetdə formalaşdırılmış təhsil mühitinin kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə və tələbələrin hərtərəfli inkişafına əlverişli imkanlar yaratdığını bildirib.

Dövlət və sənaye qurumları ilə işbirliyi, qabaqcıl yerli və xarici universitetlərlə əməkdaşlıqdan bəhs edən rektor bu strateji tərəfdaşlığın, ilk növbədə, tələbə gənclərin və akademik heyət üzvlərinin bilik, bacarıq və təcrübələrinin artırılmasına hədəfləndiyini diqqətə çatdırıb.

Yeni dövrün tələblərinə uyğun və vətənpərvər ali təhsilli kadrların yetişdirilməsi üçün MDU-nun kifayət qədər zəruri potensiala sahib olduğunu vurğulayan Ş.Bayramov gənclərə dərslərinə məsuliyyətlə yanaşmağı, universitetin aidiyyəti struktur bölmələri ilə sıx təmasda olmağı, ictimai-sosial tədbirlərdə fəallıq göstərməyi və universitet həyatının bütün imkanlarından maksimum faydalanmağı tövsiyə edib.

MDU tələbələri sırasına daxil olmaqdan məmnunluğunu bildirən gənclər səmimi görüşə və göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, 2022/2023-cü tədris ilində MDU-ya bakalavriat səviyyəsi üzrə 1100-dən çox, magistratura səviyyəsi üzrə isə 70-ə yaxın tələbə qəbul olub. Ənənəvi olaraq, hər tədris ilinin başlanğıcında universitet rəhbərliyinin yeni qəbul olan tələbələrlə görüşləri təşkil edilir.