Ermənistan Rusiyadan uzaqlaşmağa hazırlaşır – Qərbin ssenarisindəki "əlvida, KTMT"

 Ermənistan Rusiyadan uzaqlaşmağa hazırlaşır – Qərbin ssenarisindəki "əlvida, KTMT"


Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarı barədə məlumatlar var. “Caliber” diplomatik mənbələrə istinadən informasiya yayıb ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan oktyabrın 3-də NATO-nun mənzil-qərargahında keçirilən görüşlərdə Rusiya və KTMT barədə maraqlı çıxışlar edib.

Məlumatda Qriqoriyanın görüşlərdə səsləndirdiyi fikirlərlə bağlı bir neçə sitat yer alır:

"Biz Azərbaycanın “təcavüzünün” qarşısının alınmasında yalnız ABŞ-ın roluna ümid edirik. Ermənistan üçün nə Rusiya, nə də Avropa İttifaqı Amerikanı əvəz edə bilər. Şarl Mişelin səyləri iflas etdi, Avropa Birliyi dişsizdir;

Cənubi Qafqazda Azərbaycan, Türkiyə və Rusiyanın maraqları üst-üstə düşür və Ermənistan hər üç ölkəyə qarşı mübarizədə Qərbin təbii müttəfiqidir;

Ermənistan xüsusilə Azərbaycanın 13 sentyabr "təcavüzü"ndən sonra KTMT-dən çıxmaq barədə ciddi düşünür. Son sərhəd gərginliyi zamanı Ermənistan hətta ikitərəfli əsasda Rusiyadan kömək istəsə də, Moskva bundan imtina edib;

Biz hökumət daxilində Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı fəal müzakirələr aparırıq. Rusiya hərbi bazası, Rusiya xüsusi xidmət orqanlarının Ermənistan ərazisində yerləşən əməkdaşları ilə bağlı bütün məlumatlar artıq Qərb kəşfiyyatına verilib;

Biz hökumət daxilində Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı fəal müzakirələr aparırıq. Rusiya hərbi bazası, Rusiya xüsusi xidmət orqanlarının Ermənistan ərazisində yerləşən əməkdaşları ilə bağlı bütün məlumatlar artıq Qərb kəşfiyyatına verilib;

Biz başa düşürük ki, Ermənistan KTMT-də qaldığı halda, yüksək keyfiyyətli ABŞ silahlarını ala bilməz;

İlkin məqsədimiz Azərbaycanla sərhəddə beynəlxalq müşahidə missiyasına nail olmaqdır: bir müddət sonra bu missiyanı genişləndirməyə çalışacağıq. Biz bu missiyanı Rusiyanın sülhməramlı kontingentinin Dağlıq Qarabağdan çıxarılmasından sonra gələcəkdə yerləşdirmək istədiyimiz beynəlxalq sülhməramlı qüvvələrin özəyi kimi görürük;

Biz demokratik ölkə olaraq başa düşürük ki, İran orta əsr qaydaları ilə idarə olunan ölkədir, lakin Tehran Azərbaycan və Türkiyə ilə mübarizədə Ermənistanın təbii müttəfiqidir...".

Qriqoryanın KTMT və Rusiya haqqında bu cür fikirlər səsləndirməsi reallığa çox yaxındır. O mənada ki, son vaxtlar bu mövqeyə oxşar mövqe rəsmi İrəvan tərəfindən səsləndirilir. Ermənistan ictimaiyyətində isə Rusiyaya və KTMT-yə qarşı ittihamlar, iradlar daha sərt formada bildirilir. İrəvan küçələrində Rusiya əleyhinə aksiyaların keçirilməsi, Putinin və Rusiya bayraqlarının yandırılması halları Ermənistan-Rusiya gərginliyinin artdığını deməyə əsas verir.

DİA.AZ-ın məlumatına görə, mövzu ətrafında AYNA-nın suallarını cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, Ermənistanda KTMT-dən çıxmaq geniş müzakirəyə çıxarılıb:

- Əvvəl bu müzakirələr ictimai şəkildə, media səviyyəsində aparılırdı. Bu gün artıq Ermənistan rəsmilərinin dilindən müəyyən eyhamlar səsləndirilir. Təbii ki, bu, təsadüfi deyil. Rusiyanın təsir dairəsini daraltmaq məqsədilə Qərbin Rusiya ilə mübarizəsi təkcə Ukraynada getmir. Mübarizə Cənubi Qafqazda da getməkdədir. Bu məsələdə Qərbin Cənub Qafqazdakı əsas tərəfdaşı şübhəsiz ki, Paşinyan hakimiyyətidir. Bu, əslində Paşinyan hakimiyyətə gətiriləndə görünürdü.

Rusiyanın istər 44 günlük müharibədə, istərsə də ondan sonrakı mərhələdə Ermənistanı dəstəkləməməsi İrəvanda Moskvaya qarşı münasibəti dəyişdi. Rusiyanın Ermənistanı dəstəkləməməsinin səbəbi də Paşinyan hökumətinin rusiyameyilli yox, qərbyönümlü olmasıdır. Kreml Paşinyan hökumətinin devrilməsi üçün əlindən gələni bu gün də etməkdədir. Rusiya Azərbaycanın addımlarına da göz yumur. Bunun da iki səbəbi var.

- O səbəblər hansılardır?

- Birincisi, Azərbaycanı Rusiya bu vasitə ilə öz nəzarətinə qaytarmaq niyyəti güdür. Eyni zamanda, Ermənistanda hakimiyyəti dəyişmək və Paşinyanı rusiyayönümlü siyasətçilərdən kiminləsə əvəzləmək istəyir. Beləliklə, Rusiya Cənubi Qafqaza nəzarəti tam bərpa etmək siyasəti yürüdür. Təbii ki, İrəvanda bunu anlayırlar, Paşinyan hakimiyyətini dəstəkləyən Qərb dairələrində də yaxşı anlayırlar. Ona görə də Ermənistanın KTMT-dən, dolayısı ilə Rusiyadan uzaqlaşması yavaş-yavaş gündəmə sızdırılır. Düşünürəm ki, bu, mümkün ola biləcək ssenaridir. İrəvan bir neçə dəfə KTMT-yə müraciət edib, amma müsbət cavab almayıb. Bu, İrəvana əsas verir ki, KTMT-dən çıxmaq məsələsini ciddiləşdirsin. Amma burada başqa problem var: Ermənistanın təhlükəsizliyinə kim cavabdehlik daşıyacaq? Çünki bu halda nə Türkiyə Rusiyaya qarşı çıxaraq Ermənistanda mövqelərini gücləndirəcək - erməni cəmiyyətinin rəyi də buna qarşıdır - nə də Qərbin təsiri bölgədə o qədər güclüdür ki, təhlükəsizliyə cavabdeh ola bilsin.

- İrəvan KTMT-dən çıxmaqla bağlı addım atarsa, Rusiyanın reaksiyası necə olacaq?

- Təbii ki, reaksiya neqativ olacaq. Rusiya çalışacaq ki, Ermənistana təzyiqini maksimuma çatdırsın. Rusiyanın təzyiqi artırmaq imkanları isə kifayət qədər genişdir. Bir tərəfdən Azərbaycanı Ermənistana qarşı addımlara təhrik edə bilər, digər tərəfdən Qarabağdakı erməniləri bir qədər də radikallaşdırıb Paşinyan hökumətinə qarşı istifadə edə bilər. Burada söhbət Paşinyana “xəyanət” ittihamlarından, “satqınlıq” damğasından gedir. Ermənistanın daxilində də bu mövqeni bölüşən xeyli ruspərəst siyasi kəsim mövcuddur. Əlbəttə, Rusiyanın gözlənilən cavab addımlarının, təzyiqlərinin nə qədər effektiv olub-olmayacağını indi demək çətindir. İndi görünən odur ki, Rusiya Qarabağdakı separatçıların rəhbərini dəyişmək planının icrasına başlayıb. Yəqin ki, Qarabağdakı ermənilərin İrəvana qarşı radikallaşması prosesi başlayacaq. Ruben Vardanyanın separatçı qondarma qurumun “dövlət naziri postuna” gətirilməsi bu istiqamətdə atılan ilk addım kimi qiymətləndirilə bilər.

- Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılması ehtimalı nə qədərdir?

- Bu, elə də problemli məsələ deyil. Bir çoxları fikirləşir ki, əgər Ermənistan bu addımı atsa, Rusiya bu ölkəni az qala işğal edəcək, yaxud hərbi çevriliş həyata keçirəcək. Bugünədək olan təcrübə və müşahidələr göstərir ki, Rusiyanın Ermənistandakı gücü bizim təsəvvür etdiyimiz qədər qeyri-məhdud deyil, əksinə, kifayət qədər məhduddur. Əsas odur ki, Rusiya Ermənistan ictimai rəyində nüfuzunu kəskin şəkildə itirib. Bazaların Ermənistandan çıxarılması mümkündür. Nəzərə almaq lazımdır ki, Paşinyan hökuməti bunu tələb etsə, beynəlxalq səviyyədə kifayət qədər dəstək qazanacaq. Rusiya da sonda bazalarını çıxarmağa məcbur olacaq. Ya Ermənistanı işğal etməlidir, ya çevriliş həyata keçirməlidir, ya da bazalarını çıxarmalıdır. Başqa yol yoxdur. Birincini etmək texniki baxımdan asandır. İkincini etmək o qədər də asan deyil, çünki çevrilişi yalnız Ermənistan ordusunun əli ilə həyata keçirmək lazımdır. Rusiya ordusu bunu edərsə, o zaman bu çevriliş yox, birinci variant olacaq – faktiki işğal. Üçüncü variant Zəngəzur məsələsini qabardaraq Azərbaycanı Ermənistana qarşı əməliyyatlara təhrik etməkdir. Rusiyanın ssenariləri arasında bu da var.

Bütün hallarda isə İrəvan bazaların çıxarılması qərarını verərsə, erməni ictimaiyyətinin böyük kəsimindən dəstək alacaq. Əhaliyə qarşı çıxmaq da Rusiyaya heç nə verməyəcək.

- Rəsmi İrəvandan tez-tez NATO qüvvələrinin Azərbaycanla sərhədə sülhməramlı qismində gətirilməsi məsələsi qaldırılır. Bu, nə dərəcədə mümkündür?

- Görünür ki, bu, Ermənistanın və Qərbin planının tərkib hissəsidir. Ermənistandan çıxarılacaq Rusiyanın NATO qüvvələri ilə əvəzlənməsi planı mövcuddur. Amma burada kiçik nüans var. NATO qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinə sülhməramlı qismində yerləşdirilməsi – başqa adla mümkün də deyil – hər iki tərəfin razılığı şərti ilə mümkündür. Bu günlərdə Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə rəhbəri Cozef Borell açıqlama verib. Bildirib ki, Avropa İttifaqı buna hazırdır, Ermənistan da razıdır, amma Azərbaycan razı deyil. Azərbaycan razı deyilsə, Avropa İttifaqı bu addımı ata bilməz. Demək ki, hər şey bu qədər sadə deyil.

Hazırda görünən odur ki, Rusiya-Qərb qarşıdurması yeni bir coğrafiyaya – Cənubi Qafqaza keçib. Azərbaycana son günlər nümayəndə heyətlərinin intensiv şəkildə səfərləri müəyyən mülahizələrə yol açır. İsrailin müdafiə nazirinin geniş tərkiblə Bakıya gəlişi, danışıqlar aparması, ardınca Türkiyə milli müdafiə naziri başda olmaqla, bütün ordu komandanlarının Azərbaycana səfərini diqqətdən kənarda qoymaq olmaz. Ümumi prosesdən belə görünür ki, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına cəhdlər edilir. Bu cəhdlərin nə ilə nəticələnəcəyini demək indi çətindir. Ona görə ki, yanvar ayında Qazaxıstanda Çinə məğlub olan, Ukraynada de-fakto Qərbə məğlub olan Rusiyanın Yaxın Şərqə yeganə çıxışı Cənubi Qafqazdır. Söhbət burada Şərq-Qərb dəhlizinin kəsilməsindən gedir ki, bunda da Rusiyanın yeganə şansı Qafqazdır. Əlbəttə ki, Rusiya bu prosesə müqavimət göstərəcək. İki bölgədə uduzan Rusiya Cənubi Qafqazda da məğlub olacaq, yoxsa əksinə, qalib gələcək, hələlik bunu söyləmək çətindir.