Məmurların maaşı niyə gizlədilir?

Məmurların maaşı niyə gizlədilir?

Rövşən Ağayev: "Şəffaflıq olmayan ölkə qaranlıq ölkədir..."

"İndi xəbər tutmuşam ki, normativ hüquqi aktların internet resurslarındakı ictimaiyyətə açıq rəsmi bazasında dövlət qulluqçularına təyin olunan əməkhaqqı məbləğlərinin açıq informasiya kimi yayılmasına son verilib".

Bunu iqtisadçı Rövşən Ağayev "Feysbuk" hesabında yazıb.

Onun sözlərinə görə, dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında prezidentin 13 mart 2018-ci il tarixli 3787 saylı sərəncamının sonunda qeyd edilib ki, sənədə əlavələr dərc edilimir: "Halbuki ondan əvvəl 2008-ci ildə təsdiqlənən və 2018-ci ilə qədər qüvvədə olan bütün vəzifələr üzrə maaşların məbləği ictimaiyyət üçün açıq idi. Polisin, hərbçilərin maaşları dövlət və hərbi sirrdir deyə açıqlanmır. Bəs mülki dövlət qulluqçularının maaşları niyə? Biz də uzun illərdir özümüzü yoruruq məmurlarən gəlir-əmlak bəyyanaməsi olsun".

"Bir faktı deyim, 90-cı illərin ortalarına universiteti bitirəndə xeyli müddət mediada iqtisadi yazar kimi çalışdım. İnternet resurslarının olmadığı dövrdə biz hətta hərbi qulluqçularının maaşları ilə bağlı qərarları kağız daşıyıcılarda belə rahatlıqla əldə edirdik. Şəffaflıq olmayan ölkə qaranlıq ölkədir, orda gerçək inkişaf ola bilməz. İnkişaf imitasiyası isə bu imitasiya maşınının nefti-benzini ilə birgə bitəcək...", - deyə ekspert bildirib.

Ələsgər Məmmədli: "...qanunaziddir"

Hüquqşünas Ələsgər Məmmədli "Arqument.az"a deyir ki, bu məlumatların gizlədilməsi qanunaziddir.

Onun fikrincə, "İnformasiya əldə etmək haqqında" Qanunun 29.1.23. maddəsi bu məlumatların yayılmasını həmin qurumların üzərinə öhdəlik kimi qoyur: ""İnformasiya əldə etmək haqqında" Qanunun 29.1.23. maddəsinə görə, dövlət və bələdiyyə müəssisələrində qüvvədə olan əməkhaqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar açıqlanmalıdır. Yəni qanun qurumun üzərinə bunları elektron resursunda yayma öhdəliyi qoyur".