“Güney Azərbaycanın humanitar bilimlər üzrə mütəxəssislərə ehtiyacı var”-Əhməd Obalı

“Güney Azərbaycanın humanitar bilimlər üzrə mütəxəssislərə ehtiyacı var”-Əhməd Obalı

“Güneydən gələn gənclərin Quzeydə – Azərbaycan Respublikasında burslu oxuması çox gözəl təklifdir. Eyni zamanda bu məsələdə diqqətli olmaq lazımdır. Elə edilməlidir ki, həqiqətən də bunun xalqımıza xeyri olsun. Həm də hesab edirəm ki, bu bursları daha çox xeyriyyə cəmiyyətləri verməlidir”.

Bunu Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) hazırda ABŞ-ın Çikaqo şəhərində yaşayan lideri, GünAz TV-nin sahibi Əhməd Obalı deyib.

Xatırladaq ki, hazırda ABŞ-da yaşayan soydaşımız Zaur Bayramlı bu ilin iyununda BAYRAQDAR MEİDA-ya müsahibəsində bu təklifi səsləndirmişdi. O, bildirmişdi ki, Azərbaycanda ali təhsil alan Güney Azərbaycanlı tələbələr var ki, onlar təhsil haqlarını ödəyə bilmirlər.

Çox maddi sıxıntılar içərisindədirlər. Z.Bayramlı demişdi ki, “Azərbaycan dövləti bu tələbələrə sahib çıxmalıdır. Lazım gələrsə, Türkiyədəki türksoylularla bağlı qanuna oxşar bir qanun qəbul edib Güneyli soydaşlarımıza təhsil və mədəniyyət sahəsində dəstək verməliyik”.

Son günlər baş verən proseslər yenidən bu məsələni də gündəmə gətirib.

Öz növbəsində təklifi müsbət dəyərləndirən Ə.Obalı bir məqama diqqət edilməsinin vacib olduğunu vurğulayıb: “Əvvəla, dediyim kimi, bu məsələdə xeyriyyə cəmiyyətləri, ayrı-ayrı özəl qurumlar önə çıxsa yaxşı olar. Bu zaman dövlətə də yük düşməz. Digər tərəfdən isə məsələ reallaşarsa hansı sahələrə burs verilməsi çox önəmlidir.

Məsələn, bir gənc Təbrizdən gəlib Bakıda diş həkimliyi oxuyursa bu yaxşıdır. Mən onun əleyhinə deyiləm. Amma elə sahəyə burs ayrılmalıdır ki, həmin gənclərin aldığı təhsil, mütəxəssis kimi yetişməsi sonda xalqa, Güney Azərbaycana xeyir versin.

Bu baxımdan hesab edirəm ki, hazırda burs verilməli olan ən önəmli humanitar elm sahələri, siyasi bölümlərdir. Yəni burs bu sahələr üzrə verilməlidir. Ana dilimiz, tariximiz, beynəlxalq əlaqələr, sosioloji və ictimai elmlər sahəsində təhsil alanlara burs verilməlidir. Çünki Güney Azərbaycanın bu sahələr üzrə mütəxəssislərə ehtiyacı var”.

Müsahibimizin sözlərinə görə, İran rejimi çalışır ki, Güney Azərbaycan gəncləri texniki elmlər sahəsində təhsil alsınlar, amma humanitar və siyasi elmlərdən uzaq olsunlar: “Hətta bu sahədə İranda oxuyan gənclərimizə də iş vermirlər. Səbəb də bəllidir.

Rejim Güney Azərbaycan türklərinin tarixinin öyrənilməsini, xalqımız arasında elmli, savadlı siyasətçilərin yetişməsini istəmir”. (bayraqdar.info)