Prezidentin Albaniyaya səfəri münasibətlərin güclənməsinə təkan verdi

Prezidentin Albaniyaya səfəri münasibətlərin güclənməsinə təkan verdi

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Albaniyaya rəsmi səfəri iki ölkə arasında olan münasibətlərin inkişafına müsbət təsir göstərdi.

Bu səfər Prezident İlham Əliyevin Albaniyaya ilk rəsmi səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfələr verməkdir. Eyni zamanda ikitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqay və Baş nazir Edi Rama ilə görüşdü. Görüşlər əsnasında bir daha sübut olundu ki, ölkələrimiz arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir.

Dövlət başçıları arasında keçirilən görüş, aparılan müzakirələr qarşılıqlı əlaqələrin daha da inkişafı və genişlənməsi istiqamətində böyük potensialın olduğunun göstəricisidir.

Əminliklə qeyd edə bilərik ki, Azərbaycanın ərazi bütövlüyünü Albaniyanın həmişə dəstəkləməsi və bu dəstəyin həmişə qarşılıqlı olması təqdirəlayiq haldır. Bundan başqa, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə və həmçinin, İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir.

Eyni zamanda Cənab Prezident öz çıxışında qeyd etmişdir ki , “İqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupu tezliklə birinci iclasını keçirməlidir. Çünki müzakirə ediləsi məsələlər çoxdur. Biz bu gün Sizinlə qaz sahəsində əməkdaşlıq barədə danışdıq, həm əldə edilmiş nailiyyətlər, həm də görüləcək işlər haqqında fikir mübadiləsi apardıq. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var - qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri. Bilirəm ki, bütün bu sahələr Sizin ölkəniz üçün də və bizim üçün də prioritet təşkil edir. Ona görə, əminəm ki, biz bu istiqamətlər üzrə inamla addımlayacağıq”.

Əminliklə qeyd edə bilərik ki, iki ölkə arasındakı münasibətlər qarşıdakı illərdə daha da möhkəmləndiriləcək, eyni zamanda Azərbaycana, həm də Albaniyaya uğurlar bəxş edəcək.

Aliya Orucova

YAP Pirallahı rayon Təşkilatı Aparatının məsul əməkdaşı