Naxçıvanda post-DTX dövrü necə görünəcək?

Naxçıvanda post-DTX dövrü necə görünəcək?

Hər bir tarixi-ictimai hadisə və dəyişiklik müəyyən sosial proseslərin məhsuludur.

Elə ictimai hadisələr var ki, əvvəlcə əhalinin baxışında, insanların içində baş verir. Azərbaycan ictimaiyyəti Naxçıvanda baş verən qanun pozuntularına qarşı Ölkə Rəhbərinin iradə ifadəsi olan DTX-nın başlatdığı kəskin tədbirləri nə üçün belə xüsusi həssaslıq, sevinc və rəğbətlə qarşıladı?

İllərdir Azərbaycanın bütün resurs və qüvvəsini öz ərazisinin işğaldan azad edilməsinə hazırladığı bir vaxtda kimlərsə Naxçıvanda öz işində idi, Naxçıvan idarəetməsi özünə anlaşılmaz dəst-xətt qururdu. Xüsusi qaydalar, özünəməxsus idarəetmə, əhalinin rifahının unudulduğu meyarlar, qapalı cəmiyyət, qorxu və məhdudiyyətlər. Azərbaycan Respublikası Prezidentinin düşünülmüş, incə və dəqiq gedişi ilə artıq çox şey dəyişir. Naxçıvan XXl əsrə gətirilir.
DTX sərt hüquqi araşdırma tədbirləri ilə bir-bir əyrilikləri aradan qaldırır. Aydındır ki, elə DTX qorxusu özü işin qalanını görəcək.

Naxçıvan böyük iqtisadi dirçəliş yaşayacaq. Buna onun yerləşdiyi coğrafi və iqtisadi mövqe artıqlaması ilə cavab verir. Sahibkarlıq mühiti nəfəs alacaq, ancaq kiminsə şirkətləri hökmranlıq etməyəcək, tranzitdən, gömrükdən, resurslardan, iqtisadi aktivlikdən, turizmdən gələn gəlirlər gizlin hesablara getməyəcək. Naxçıvan əhalisi Bakıda və xaricdə rifah axtarmayacaq.Bakıda yaşayan Naxçıvanlı məmurlar, ailələri rahat şəkildə Naxçıvana gedib-gələ biləcək, Naxçıvandakı qohumlarına təzyiqlərlə üzləşməyəcək. İnsanlar represiyaya məruz qalmayacaq, xəbərsiz həbslərdə hesab tələbi qarşısında qalmayacaq.

İş adamları, azad təbbüskarlar sahibkarlıq qurub gözə girməkdən qorxmayacaq. Gənclər inkişaf edəcək. Naxçıvandakı dövlət strukturları insanların müraciətinə laqeyd yanaşa bilməyəcək.
Bürokratik əngəllər Naxçıvan insanını əzməyəcək. Hər kəs sözünü deyə biləcək. Heç kim Naxçıvanı feodalizm zonası kimi qınamayacaq. İran xüsusi xidmət orqanları Naxçıvana ayaq aça bilməyəcək.
Naxçıvan şərq-qərb tranziti üzərində böyük iqtisadi inkişaf sıçrayışı ərazisi olacaq.

Naxçıvanda hər şey əhaliyə xidmət edəcək.
Bugün Azərbaycanın müasir tarixində böyük hadisələr yaşanır. Azərbaycan Respublikası Prezidenti çox böyük rəhbərlik istedadı ilə hər şeyi öz yerinə qoyur və baş verənlər qüdrətli gələcəyə xidmət edir.