Kəlbəcərdəki Zəfər Muzeyi bu tarixdə istifadəyə veriləcək

Kəlbəcərdəki Zəfər Muzeyi bu tarixdə istifadəyə veriləcək

Ağdam, Cəbrayıl, Füzuli və Zəngilandan sonra Kəlbəcər rayonunda da Zəfər və İşğal muzeyləri yaradılır. 2022-ci ilin iyun ayının 26-da Prezident İlham Əliyev tərəfindən təməli qoyulan muzeyin inşası hazırda davam etdirilir. Gələn ilin ikinci yarısında muzey kompleksinin tikintisinin başa çatması gözlənilir.

Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov bildirib.

"Bizdə olan məlumata görə, artıq Zəfər və İşğal muzey kompleksinin tikintisinə başlanılıb. 2023-cü ilin ikinci yarısında muzeyin tikintisinin başa çatması gözlənilir. Burada Zəfərlə yanaşı, işğal dövrü ilə bağlı eksponatlar da sərgilənəcək. Cənab Prezident təməlqoyma mərasimində qeyd etdi ki, nə qədər qələbə qazansaq da, işğal dövründə yaşananların unudulmaması üçün mütləq işğal muzeyi də olmalıdır. Beləliklə, bu muzeyin adı İşğal və Zəfər muzeyi adlanır. Muzeyin tikintisi başa çatdıqdan sonra insanlar portal vasitəsilə icazə almaqla muzeyi ziyarət edə biləcəklər. Vətəndaşlar ilk olaraq, işğal dövründə yaşananları özündə əks etdirən eksponatlarla tanış olacaqlar. Eyni zamanda, Vətən müharibəsi zamanı əldə edilən hərbi qənimətlərə dair eksponatlar sərgilənəcək. Bu, heç şübhəsiz, həm qan yaddaşımızı yadımızda saxlamağa kömək edəcək, həm də Zəfərimizin dildən-dilə yayılmasına kömək edəcək", - deyə deputat vurğulayıb.