BMT: Gender bərabərliyinin inkişafı iqtisadiyyatı 12 trilyon dollar artıracaq

BMT: Gender bərabərliyinin inkişafı iqtisadiyyatı 12 trilyon dollar artıracaq

İş yerlərində gender bərabərliyinin təşviqi 2025-ci ilədək qlobal iqtisadiyyatı 12 trilyon dollar artıra bilər.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Tokioda Qadınların Marağı üçün Ümumdünya Assambleyasının (WAW!) açılışında çıxış edən “BMT-qadınlar” təşkilatının icraçı direktoru Sima Sami Bahus bildirib.

“Dünyanın əmək qabiliyyətli əhalisinin yarısını təşkil edən qadınlar öz potensiallarını tam həyata keçirməsələr, gender bərabərsizliyi böyük iqtisadi problemə çevriləcək. Qadın bərabərliyinin təşviqi 2025-ci ilə qədər qlobal artıma 12 trilyon dollar əlavə edə bilər”, - Sima Sami Bahus belə deyib.

Onun sözlərinə görə, son illər dünyada qadınların cəmiyyətdəki mövqeyinin yaxşılaşması tendensiyası müşahidə edilir. Lakin pandemiya bu prosesə mənfi təsir göstərib və məişət zorakılığının artmasına, həmçinin bağçalar bağlandıqdan sonra övladlarına baxmaq məcburiyyətində qalan qadınların iş saatının azalmasına səbəb olub. “Hazırkı tərəqqi tempi ilə gender bərabərliyinə nail olmaq, ayrı-seçkilik yaradan qanunları ləğv etmək və hüquqi boşluqları aradan qaldırmaq üçün bizə 300 il vaxt lazım gələcək”, - deyə icraçı direktor əlavə edib.

Tədbirdə iştirak edən Yaponiyanın Baş naziri Fumio Kisida Tokionun gələn il G7-yə sədrliyini nəzərə alaraq, qadınların potensialının həyata keçirilməsi üçün daha yaxşı cəmiyyət yaratmaq məqsədilə “yeni kapitalizm üçün gender bərabərliyinin tətbiqi” konsepsiyasını irəli sürəcəyini bildirib.

Yaponiya Qadınların Marağı üçün Ümumdünya Assambleyasının iclaslarına 2014-cü ildən ev sahibliyi edir. Tədbirdə İslandiya Prezidenti Qudni Yohannesson, Moldova Prezidenti Maya Sandu iştirak edirlər. Həmçinin ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Finlandiyanın Baş naziri Sanna Marin forum iştirakçılarına videomüraciətlər göndərib.