Vəzifədə “ağsaqqal” oturmalıdır...

Vəzifədə “ağsaqqal” oturmalıdır...

Kubra Məhərrəmova yazır...

Əminəm ki, məlum şəxsin dost-tanışı indi deyəcək ki, hamısı paxıllıqdandır.

Əvvəla, mən nə yazıçı deyiləm, nə Yazıçılar Birliyində vəzifə istəmirəm, həm də Allaha min şükür olsun ki, o “kruqa” düşməyə yaşım çatmır. Nə yaşım var ki, uşağam hələ.

Amma digər tərəfdən dünya statistikası baxsaq (internetdə axtarış verib görə bilərsiniz), 24-25 yaşında gənclər artıq yüksək vəzifələrdə çalışırlar. Bu, həm dövlət qurumlarında yüksək vəzifələrdir, həm də özəl şirkətlərdə.

Həm də Azərbaycan mental düşüncəsində bir fikir var ki, vəzifədə “ağsaqqal” oturmalıdır. Yəni yaşı nə qədər çox olsa, bir o qədər yaxşıdır.

Sual verəndə ki, niyə yenə 84 yaşlı Anar başçı seçilir? Yazıçılar Birliyinin katibi Anardan özü dediyi 20 yaş cavan olan Çingiz Abdullayev deyir ki, çünki yazıçılar belə istədilər. Və qeyd də etdi ki, yazıçıları ümumiyyətlə nəsə etməyə heç kim məcbur edə bilməz. Səs verdilər, seçdilər, əsl demokratiya bu deyilmi?

Harada deyib? Jurnalist Həmid Həmidovun “Danışaq?” layihəsində müsahibə verib. Müsahibə baxa bilərsiniz. Çox əyləncəlidir.

Qayıdıram seçki məsələsinə.

Əslində haradan baxsan, düz deyir. Əl qaldırdılar, səs verdilər, seçdilər. Belə də ki özləri bilərlər. Bizə nə?!

Müsahibədən özüm üçün xeyli maraqlı qeydlər apardım ki, onları bölüşməyi özümə borc bildim.

Xalq yazıçısı bildirir ki, jurnalist istəyirəm ki, icra başçısından, nazirdən, heç olmasa “jek” müdirindən gedib soruşsun ki, pulu neyləmisən?

Necə olur ki, bu jurnalistin cürəti çatır ki, məndən, xalq yazıçısından hesabat istəyir?

Tavandan limon-turunc (birdən Xalq yazıçısı bilməz, Azərbaycan dilində turuncun mənası rus dilinə tərcümədə “apelsin”dir) asası deyildi ki?

Əvvəla bizim jurnalistlər hamıya, hər cür sual verirlər. Çingiz Abdullayev, bəlkə də inanmayacaqsınız, hətta ölkə başçısına, Prezident İlham Əliyevə belə sual verirlər. Nazirlərə də, başqa məmurlara da. Niyə sizə, XALQ YAZIÇISINA sual verməsinlər ki?

Sonra da deyir ki, bu sualı verən həmin o jurnalist gün boyu Anarı, Ramiz Rövşəni təqib edib və onları təxribata çəkib. Sonra da foyedə olan çay-qəhvə fasiləsində qızlara pul verib ki, onları kameraya çəksin. Qızlar da deyib ki, “axı pul lazım deyil, bunlar hamısı pulsuzdur”.

Mən də müxbir işləmişəm, mən də çəkilişlərə getmişəm, müsahibə almışam. Açığı müxbirə bir xəbəri hazırlamaq üçün heç kim, heç bir televiziya şirkəti bütün gün işdən gedib gəzib-fırlanmağa icazə vermir. Getdin, çəkdin, müsahibəni aldın, qayıdırsan şirkətə, süjeti hazırlayırsan. Təhvil verirsən baş redaktora, getdi efirə. Vəssalam. O hansı jurnalist olub görən, bütün günü Yazıçılar Birliyinin qurultayında fırlanan? Şəxsən mənim ürəyim partlayardı orada 15 dəqiqədən sonra.

İkincisi isə Xalq yazıçısı deyir ki, mən gərək o jurnalistə daha kəskin, daha ağır cavab verəydim. Hələ dediyim “ölmürsən utanmığdan” çox yumşaqdır. Heç də peşman deyiləm. Beləsinə daha betər cavab vermək lazımdır.

Ürəyimdə dedim ki, Allah dəvəyə bilir niyə qanad vermir.

Belə də ki, Çingiz Abdullayev hər zaman xarici səfərlərindən, həmin ölkələrdə olmasından danışır.

Amma heç nə yox, elə Şərqi Avropa (Qərbi Avropanı, ABŞ qoyuram kənara) ölkələrinin birində jurnalistə qarşı belə bir münasibət sərgilənsəydi, statusundan, adından, nə bilim geyindiyi kostyumun qiymətindən asılı olmayaraq, həmin ictimai adam, ələlxüsus yazıçı boykot olunardı. Heç bir televiziya, heç bir KİV həmin adamı qapısının kandarından içəri buraxmazdı. Ta ki, təhqir etdiyi jurnalistdən üzr istəməyincə. Biz isə çox ürəyiyumşaq xalqıq. Hamını yola veririk gedir. Yaşlı adamdır da deyib üstündən keçirik. Hə, müsahibə boyu Xalq yazıçısı başqa bir jurnalistə də “idiotizm” damğası vurdu. Onun heç detallarına girmirəm. Özü cavab versin.

Qısası Çingiz Abdullayevin fikrincə, Azərbaycanda olan jurnalistlər axmaqdır, danışanlar da “idiot”. Elə bu fikri anlamağa çalışırdım ki, ikinci fövqəladə fikri gəldi yazıçının, üzr istəyirəm, XALQ YAZIÇISININ dilindən. Ağsaqqal deyir ki, Zelenski səhv edib, qələt edib, başını da daşa döyüb müharibə edir Putinlə. O Putinlə danışığa getməli idi, ya da digər separatçılarla. Onda biz də Vardanyanla danışığa getməliyik? Çingiz müəllim niyəsə çox əmindir ki, Vardanyan Rusiyadan vergilərdən qaçmaq üçün Xankəndiyə gəlib. Ay Çingiz müəllim, mənim düzdür Yazıçılar Birliyinin başçısı olmağa yaşım çatmasa da, amma bilirəm ki, bu gün Xankəndidəki hadisələr birbaşa Rusiya Prezidenti Putinin əmri ilə baş verir. Vardanyanı da, başqalarını da ora Putin göndərir. Məşhur KVN ifadəsi olmasın, “tı komu tut Kreml pokazıvayeş?”

Ümumiyyətlə müsahibədə bir xətt açıq sezilirdi. Çingiz Abdullayevin kitablarının ən çox satıldığı ölkə Rusiyadır. Aydındır ki, oradan gələn gəlirdən Çingiz Abdullayev imtina edə bilmir. Və bu da insan ölümünə bəraət qazandırmaq üçün yaxşı bahanə ola bilər. Amma maraqlı fakt odur ki, övladı İngiltərədə yaşayır.

Bir də yazıçı çox əminlikdə qeyd edir ki, Rusiya heç vaxt dağılmayacaq. Rusiya məğlub da olmayacaq. Hətta qeyd etdi ki, Ukraynada çevriliş olacaq ki, bu da Ukraynanın məhvinə gətirib çıxaracaq...

Ruslar demişkən, “tipun tebe na yazık”. Bizim dildə desək, ağzından yel aparsın.

Çingiz müəllim inanın ki, bu gün bütün dünya da, elə biz də Ukraynanın qələbəsini gözləyirik. Çünki bu, haqq savaşıdır. Çünki Ukrayna müharibəsində Ukraynanın ərazi bütövlüyü üçün minlərlə bizim azərbaycanlı uşaqlar döyüşür, neçəsi şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət etsin.

Ona görə də o cür işıqlı insanların mübarizəsi nəticəsiz qala bilməz. Haqq hər zaman qələbə çalır. Gec də olsa, tez də olsa.