Şuşanın tanınmış soyları - Vəzirovlar

Şuşanın tanınmış soyları - Vəzirovlar

Dekabrın 3-də Azərbaycan Milli Xalça Muzeyində “Şuşanın tanınmış soyları” layihəsi çərçivəsində Qarabağın məşhur Vəzirovlar soyuna həsr olunmuş mühazirə dinlənilib.

AZƏRTAC xəbər verir ki, mühazirə Vəzirovlar soyunun tanınmış nümayəndəsi, görkəmli yazıçı, dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının Osmanlı Türkiyəsində ilk səfiri Yusif Vəzir Çəmənzəminlinin çoxşaxəli fəaliyyətindən bəhs edilib.

Tədbirdə Vəzirovlar nəslinin nümayəndələri, Yusif Vəzir Çəmənzəminlinin şəcərəsinin davamçıları, diplomat Yusif Vəzirov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Leyla Vəzirova çıxış ediblər.

Bildirilib ki, Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də qədim mədəniyyət beşiyi Şuşa şəhərində, Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirovun ailəsində dünyaya göz açıb. Mirbaba Vəzirov Şuşa bəylərindən idi. Onun bəyliyi 1873-cü il aprelin 13-də Şuşa qəza idarəsi tərəfindən təsdiq edilmiş və bu haqda şəhadətnamə almışdı. Yusif Vəzirin daşıdığı Vəzirov soyadının mənşəyi ulu babaları, XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən olmuş Mirzə Əliməmmədağanın tutduğu bu vəzifənin adı ilə bağlı olaraq nəsildən-nəslə keçmişdir.

Sonda Leyla Vəzirova müəllifi olduğu Yusif Vəzir Çəmənzəminlinin qəzet və jurnallarda dərc olunmuş materialları əsasında ərsəyə gətirilmiş "Çəmənzəminlinin publisistikası" adlı kitabı Azərbaycan Milli Xalça Muzeyinə təqdim edib.