Yas düşdüyü üçün toyu təxirə düşən qız pulunu geri ALA BİLMİR - QALMAQAL

Yas düşdüyü üçün toyu təxirə düşən qız pulunu geri ALA BİLMİR - QALMAQAL

“Adell Bridal Room” gəlinlik mağazası ilə müştəri arasında pul qalmaqalı yaşanıb. Söhbət Baki şəhəri, Qara Qarayev küçəsi 102 “c” ünvanında yerləşən mağazadan gedir. 09.08.2022 ci il tarixində Cəlalə Mehtiyeva qardaşı qızı Səma Süleymanzadəyə oktyabr ayının 2-si və 9-u tarixləri üçün həmin mağazadan ümumi kirayə dəyəri 1550 azn olan iki dəst gəlinlik paltarı seçib və ilkin olaraq beh şəklində 50 manat ödəniş edib.

Mağazadan müştəriyə heç bir qəbz verilməyib və hüqüqu müqavilə bağlanmayıb. Paltarı seçən zaman “Adell” gəlinlik mağazasının Könül adlı dərzi xanımı müştəriyə geyimin heç kimə verilməməsi üçün məbləğin 30-50 % -nin öncədən ödənilməsini tələb edib. Mağazanın qoyduğu şərtdən çəkinən Cəlalə Mehtiyeva onların hesabına 500 manat məbləğində pul köçürüb.

Sentyabrın 1-i toy olacaq ailədə hüzr düşüb və toy təxirə salınıb.

Bizim.Media-ya danışan Cəlalə Mehtiyeva yasın düşdüyü gün sözügedən mağaza ilə əlaqə yaratdığını və toyun olmayacağını xəbər edib.

Hətta xeyir işin bir il olmayacağı haqda da məlumat verib:

“Mağaza ilə əlaqə yaradanda paltarı istənilən adama verə bilərsiniz dedim. Eyni zamanda xahiş etdim ki ödədiyim 550 manatı hazırlasınlar gəlib götürəcəyəm. Cavab bu oldu ki, “biz pul qaytarmırıq!”. Qırx mərasimi çıxandan sonra oktyabr ayında dükana getdim Könül xanımla görüşüb pulun qaytarılmasını xahiş etdim. Eyni cavab verildi. Hətta təklif etdim ki, 50 manat sizdə qalsın, amma 500 manatı qaytarın. Biz vaxtında məlumat vermişik.

Razılaşmadılar. İndiyə kimi pulumuz qaytarılmır. Bir neçə dəfə gəlinlik dükanına yaxınlaşaraq ödədiyim pulu tələb etsəm də “get hara istəyirsən şikayət et. Bizim heç kəsdən qorxumuz və çəkinəcək yerimiz yoxdur, hansı orqana şikayət etsəndə pulu qaytarmayacağıq” deyə cavab verirlər. Məlumat öyrəndim ki, həmin mağaza şəbəkəsinin sahibi Adilə Bayramovadır və onun yuxarıda adamları var. Mən haqqımı tələb edirəm və dövlətimizin qanununun tərəfimdə olduğunu bilirəm”.

Şikayətçi sonuncu dəfə mağazaya noyabrın 26-da yaxınlaşdığını və pulu geri istədiyini deyib.

Amma qarşı tərəf daha pulu verməyəcəklərini deyərək müştərini təhqiramiz cavablarla yola salıb.

Məsələ ilə bağlı “Adell Bridal Room”un Qara Qarayev küçəsi 102 “c”ünvanındakı mağazası ilə dəfələrlə əlaqə saxladıq. Onları məsələ ilə bağlı xəbərdar etsək də, suallarımıza da heç bir reaksiya verilmədi.

Ayrıca internet resurslarında “Adell Bridal Room” barədə kiçik araşdırma apardıq. “Adell Bridal Room” mağazasından gəlinlik seçərkən “ehtiyatlı olun” başlıqlı yazılara və şikayətlərə rast gəldik.
Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə bu məsələdə birbaşa istehlakçı hüquqlarının aldanlması faktı var. Mağaza müştərinin pulunu geri qaytarmalıdır. Müştəri əks-təqdirdə məhkəməyə müraciət edə bilər.

Məsələdə ittiham olunan tərəfin mövqeyini dərc etməyə hazırıq.

Alçina Amilqızı, Bizim.Media